Deputat oğlunun da adı maliyyə qalmaqalında hallanır
Tarix: 20-05-2015, 10:38 | Çap et
Deputat oğlunun da adı maliyyə qalmaqalında hallanır
Fərman Məmmədovun fırıldaq qurbanı olub müflis günə düşməsini eşidəndə sarsıldım. Qardaşı Zakir Məmmədov faciəli surətdə həlak olandan sonra, onun iki uşağını himayəsinə alan Fərman ailə də qurmadı. O bütün həyatını iki uşağa həsr etmək qərarına gəlmişdi... Əfqan müharibəsinin od-alovundan keçmiş Fərman Məmmədov bir neçə il orta səviyyəli sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da bir o qədər də sərvət-saman qazanmadı. Bir tərəfdən iki atasız qalmış uşağın, digər tərəfdən də ağır xəstəliyə düçar olmuş bacısının dərdi onun gününü qara edib. İstər vaxtsiz dünyadan köçmüş rəhmətlik Zakir, istərsə də onun qardaşı Fərman Məmmədov millət vəkili Elmira Axundova ilə ailəli yaxın olublar.

Başqa vaxtları demirəm, amma parlament seçkiləri zamanı Fərman Məmmədov millət vəkili olmaq istəyən Elmira Axundova üçün o əziyyət qalmayıb ki, çəkməsin.

Aylar, həftələr ötüb, günlərin bir günü Elmira Axundovanın oğlu Həbib Axundov səmimi münasibətdən sui-istifadə edərək Fərman Məmmədovdan onun rəsmi nümayəndəsi olub fasilələrlə külli-miqdarda (575 min manat) borc pul alır. Guya ki, o, ailəyə yaxın olan Elnur Rauf oğlu İbrahimova biznes qurmaqda kömək edəcək. Bəli, il keçir, aylar ötür Fərman Məmmədov aldandığını başa düşür və pulunu tələb edir. Bir azdan məlum olur ki, Elnur İbrahimov qaçıb aradan çıxıb. İşin yaxşı nəticə verməyəcəyini duyan Elmira Axundova Fərmana 250 min manat pul verərək, borcun qalan hissəsini də tezliklə qaytaracağına söz verir.

Yenə də aylar ötür, bu dəfə ana-bala mehriban danışıq səmimiyyətini bir yana ataraq özlərini elə aparırlar ki, elə bil Fərman Məmmədovla heç vaxt təmasda olmayıblar, pul filan söhbəti də bitib.

Həbib Axundov, bu dünənki uşaq əfqan müharibəsinin veteranını kriminalla, polis generalları ilə hədələyir. Əlbəttə ki, Fərman Məmmədovun nəslinə yaxın olan bir ağsaqqal kimi mən bu məsələnin üzərindən sükutla keçə bilməzdim və keçmədim də.

Ötən ilin payızında iki qəzetdə ad çəkmədən, çox da zilə qalxmadan bəzi mətləbləri açıqladım, yazılar internetə də çıxarıldı. Yeni texnologiyaları, interneti icad edənlərin günahlarından Allah keçsin.

Bütün bunların sayəsində harınların əməllərindən xəbərdar oluruq. İndi yeri gəlib mən də hörmətli Elmira Axundovadan soruşuram, niyə səksəni haqlamış, ölümü xilas kimi gözləyən mənim kimi veteran dərman almağa pul tapmasın, amma sizin gül balanız çimərliklərdə skutterlərlə əylənsin, Londonda yeyib-içsin, Dubaya başmaq seyrinə çıxsın ?

Xalqımızın milli istiqlaliyyəti uğrunda illər uzunu necə mübarizə apardığımı, nələr çəkdiyimi qoca ziyalılar və müvafiq orqanlar lap yaxşı bilirlər. Özünüzə zəhmət verib mənim publisist məqalələrimi mədhiyyələrinizlə müqayisə edin.

Mədhiyyə dedim yadıma sizin bir difirambanız düşdü. Elmira xanım, bu nə cür ola bilər ki, siz bir tərəfdə hörmətli prezidentimiz İlham Əliyevin şəninə gözəl sözlər işlədirsiniz, o yandan isə Cəmil Həsənlini tərifləyib ərşi-əlaya qaldırırsınız? Deyə bilərsiniz ki, bu məqaləni 2009-cu ildə yazmısınız və Cəmil müəllimə bir görkəmli tarixçi kimi qiymət verirsiniz. 2009-cu ildə yazılmış məqalə 2011-ci ildə çap olunmuş kitabınıza salınıb (??) Elmira xanım, bu illər ərzində Cəmil Həsənlinin mövqeyində heç bir dəyişiklik olmadığını əla bilirsiniz.

Mən qoca bir ziyalı kimi Cəmil müəllimin qədrini də bilirəm, elmi əsərlərinin xalq üçün necə əhəmiyyət kəsb etdiyini də sizdən yaxşı başa düşürəm. Amma onun iqtidara qarşı radikal mövqeyini qəbul etmirəm.

İqtidarın sayəsində nəinki özü üçün, hətta yeddi arxası üçün firavan həyatı təmin edə bilmiş Elmiraxanımdan soruşuram, iki daban-dabana zidd şəxsiyyət barədə yazıları bir cilddə verməklə nə demək istəmisiniz? Yeni zamanda bunun bir adı var - iki cəbhəyə qulluq etmək.

Keçən ilin payızında hörmətli prezidentimizin iki şəxsin valideynlərinə ibrət dərsi verməsi hamının ürəyindən oldu. Respublikada o adam yox idi ki, bu nəcib əməli ürəkdən alqışlamasın. Amma, çoxu arxayındır elə bilirlər ki, çərxifələk onların istəyi ilə fırlanacaq, cəza onlardan yan keçəçək. Məramları göz qabağındadır. Nə qədər imkan var qamarlamaq, kimsəsizlərin ruzisini yemək, sərvəti-saman yığmaq, arada imkan tapıb gözə kül üfürmək. Yollarda polisə məhəl qoymadan "avtoşluq" edənlər, milyonluq kabablar yeyənlər, elit pozğunlara villa bağışlayanlar, brend otellərdə kefə baxanlar, zavallı millətdən oğurlanmış sərvətin hesabına xaricdə mülk alanlar kimlərdir ?

Əgər Bakıda xüsusi reyd keçirilsə, ən bahalı əyləncə mərkəzlərində, kasıb-kusubun yaxınlaşa bilmədiyi restoranlarda istənilən qədər məmur balası tutmaq mümkündür. Mən hələ villa və saraylarda nələrin baş verməsindən danışmıram. Elmira xanım, indiyə kimi bir dəfə olub ki, siz barmaq uzadıb Ulu Öndərin, indiki Prezidentin irsinə, çörəyinə naxələf çıxmış bir haramzada məmuru, ya da oliqarxı ifşa edəsiniz?!

Aldığım təqaüd 160 manat, xəstəlik də bu yandan günümü qara edib, məslək, əqidə dostlarım da dünyadan köçüblər, müalicəyə də pulum yoxdur. Dəfələrlə ölümün gözünə baxan, nəvələrinin yanında xəcil olan mən, bahalı maşınlarını sosial şəbəkədə nümayiş etdirib cah-cəlallı güzəranı ilə lovğalanan sizin oğlunuz.

Neçə illərdir ki, revanş odunda yanıb-yaxılan "pambıq bəylərinə", əcnəbilərdən muzd alan demokratiya zəbanələrinə qarşı mətbuatda vuruşuram. Nə qədər düşmən qazanmışam. İndi də millətimin mənəvi sərvətlərinin hifz olunması üçün əlimdən gələni edirəm, "beşinci kolonnanın" lakeylərini yerlərində oturduram. Hamı qələmimin gücünə bələddir..., 23 il ərzində aylıq qonorarım yüz dollardan artıq olmayıb, buna qane olub dözmüşəm.

Siz isə qazanmısınız... Cəsarətiniz çatırsa, mənzillərinizin, villalarınızın sayını açıqlayın. Bir ayın sözü ola, ya olmaya, telekanalların birində siz, Ulu Öndərin Naxçıvana döndüyü vaxt əsl Spartahəyat tərzi yaşadığını danışıb, hamını ondan nümunə götürməyə çağırdınız. Nə olardı, belə tövsiyələri əzizlərinizə, oğlunuza, elə özünüzə verəydiniz. Bahalı maşınlarını sosial şəbəkədə göstərib qürrələnən, yağ-bal içində yaşayan oğlunuz bəlkə asudə vaxtlarını Spartahəyat tərzi sürməklə keçirir?!

...Pul məsələsi ilə əlaqədar olaraq oğlunuzu görüşə dəvət etdim və bir ağsaqqal kimi məsləhət gördüm ki, bu məsələni səssiz-küysüz yoluna qoysunlar və aradan çıxmış Elnur İbrahimovun tapılması üçün bir iş görsünlər. Oğlunuz bir az çəm-xəm edəndən sonra mənə "xox " gəldi, guya mən telefonda onu hədələmişəm, səsim də yazılıb və o polisə şikayət edəcək. Cavabımı oğlunuzdan soruşun...

Ötən il də yazmışdım, indi də təkrar edirəm, dövlətçiliyin əsl düşməni harın həyat tərzi ilə kasıb-kusuba acıq verən "GÜL BALALARDIR". Məhz bunlar iqtidarla xalq arasında uçurum yaradır, narazılıq dalğasının qalxmasına rəvac verir, hörmətli Prezidentin bütün nəcib əməllərinin üzərinə kölgə salır.

Gündəmdə qalmaq xatirinə gah bu telekanalda, gah da başqasında görünməyə çalışırsınız, parlament seçkiləri yaxınlaşır, sizi çox gözəl başa düşürəm.

"Ay camaat, mən də varam!" demək xatirinə istər Milli Məclisdə, istərsə də müxtəlif səviyyəli yığıncaqlarda etdiyiniz çıxışlar təkcə məndə yox, hamıda sarkastik gülüş oyadır.

İntihar dalğası ölkəni bürüdüyü bir vaxtda, siz qol çırmayıb canla-başla işə başlamaq əvəzinə... roliklərin çəkilməsini təklif etdiniz!

Guya bəzi rüşvətxor məmurun zülmündən boğaza yığılanlar sizin roliklərə baxan kimi çırtıq çalıb oynayacaqlar.

...Qarlı günlərdə mətbuatda çıxışınız daha gülməli idi. İstəyirdiniz özünüzü "demokrat", xalq üçün canıyanan kimi göstərəsiniz. Təklif edirdiniz ki, dövlət ərkanı çölə çıxıb küçələri qardan təmizləməlidir. Elmira xanım, o günlərdə gülməşəkər oğlunuzun haralarda olduğunu deyə bilərsiniz? İstəyirdiniz ki, dövlət adamları kef-damaqdan dönən oğlunuzun bahalı maşında rahat getməsi üçün küçələrdə xidmət eləsin? Mən sizin gündəmdə qalmaq xatirinə orda-burda etdiyiniz mənasız çıxışlarınızdan, hansı kitabları üzünüzə sipər kimi tutub arxayın-arxayın yağ-bal içində yaşamağınızdan danışmıram.

Fərman Məmmədovun nəslini, ailəsini yaxşı tanıyırsınız, kimin nə dərəcədə haqlı olduğunu da əla bilirsiniz.

Müşkülə düşmüş bu məsələni həll etmək Sizin üçün su içmək qədər asandır. Yarım il bundan əvvəl həmin bu qəzetdə dərc olunmuş məqaləmdən bəzi abzasları yenidən təkrarlamaq məcburiyyətindəyəm. Ömrümün qürub vaxtıdır, qorxmağa vaxt qalmayıb. Sadəcə olaraq yırtıcı xisləti ilə marıqda yatıb iqtidarı rüsvay etmək üçün fürsət gözləyənlərə imkan vermək istəmirəm. Sizinlə bağlı bəzi məsələlərdə dərinə getsəm, xoşagəlməz qalmaqal başlayacaq. Gədə-güdə ikimizin də iqtidaryönlü olmağımızdan sui-istifadə edib ağzına gələni yazacaq.

Mən qaragüruhu susdura biləcəyəm, bu 23 il ərzində o cürət edib yanımdan külək kimi keçə də bilməyib. Villam yox, marketlərim, bahalı maşınlarım, obyektlərim yox, pulum da yox, mənə yaxınlaşmaq qeyri-mümkündür. Amma müxalifətin ən ortabab hərbgu jurnalisti balaca bir araşdırma aparsa, siz duruş gətirə bilməyəcəksiniz. Kim bacarmarsa da, bəzi qələm sahibləri belə işlərdə pərgardırlar.

İndi başa düşün ki, niyə mən sizinlə əndazəsiz cəngi-məğlubəyə getmək istəmirəm. Hər halda pis-yaxşı siz də mənim kimi canla-başla müdafiə etdiyim iqtidarın təmsilçisi sayılırsınız.

(ardı var)





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net