Generalın icra başçısı olan qardaşına sərt ittihamlar
Tarix: 19-05-2015, 09:34 |
Çap et
Azərbaycanda böyük məmurdan kiçik məmura qədər hər kəs rəhbərlik etdiyi sahədə imkanlarının etdiyi qədər öz monopoliasını yaratmağa çalışır. Və artıq əminliklə demək olar ki, Azərbaycan əhalisi bütün sosial və iqtisadi sferalarda mövcud olan pilləli monopoliyadan ciddi şəkildə əziyyət çəkir. Ayrı-ayrı rayonlarda icra başçıları, idarələrdə isə idarə müdirləri öz monopolialarını yaradıblar ki, bu onların korrupsiya gəlirlərinin əsasını təşkil edir. Elə Tovuz rayonu da istisna deyil, hətta demək olar ki, yerli monopoliyanın ən inkişaf etdiyi rayonlardan biridir.
Tovuzdan AzFakt.com-a daxil olan məlumata görə icra başçısı Tofiq Zeynalov ətrafındakı qohum əqrabası ilə birgə rayonda qüsursuz monopoliya sistemi yaradıb. Belə ki, Tofiq Zeynalov rayondakı bütün maliyyə maxinasiyalarını birinci müavini və qudası olan Mahir Həsənova tapşırıb. Rayonda iş o yerə çatıb ki, bütün idarə müəsissə rəhbərləri ilə keçirilən toplantılara icra başçısı adından Mahir Həsənov qatılır və lazım olan tapşırıqları verir. Tofiq Zeynalov isə bir qayda olaraq öz biznesi ilə məşğul olur.
Tofiq Zeynalovun Tovuz rayonunda həyata keçirilən bütün abadlıq, təmir, tikinti işlərini qudası və müavini olan Mahir Həsənova məxsus "Qovlar Təmir Tikinti” MMC vasitəsi ilə həyata keçirdiyi bildirilir. Son üç ildə icra hakimiyyətinin və büdcə təşkilatlarının elan etdiyi bütün tenderləri məhz adı çəkilən şirkət qazanıb. Bu «qazanmadan» isə ən qazanclı çıxan isə başçı və müavini, yəni «qudalar» olub. Adı çəkilən şirkətə köçürülən vəsaitlər isə on milyonlarla manat vəsaiti əhatə edir.
Bundan başqa rayonun maliyyə idarəsinin müdiri Mübariz Salmanovun icra başçısının dayısı oğlu olduğu deyilir. Məhz rayondakı büdcə təşkilatlarına ayrılan vəsaitlər maliyyə idarəsinin müdiri tərəfindən «süzgəcdən» keçirildikdən sonra verilir. İddialara görə büdcə təşkilatlarına ayırlan vəsaitlərdən 13 faiz tutulur və bu vəsaitin 8 faizi nəğd şəkildə Tofiq Zeynalova çatır.
Tovuzdakı qaynaqlarımızın iddisına görə Tofiq Zeynalovla qudası və müavini Mahir Həsənovun var dövləti gözlərini o qədər örtüb ki, qudalar ayrı ayrılıqda istirahətə müxtəlif ölkələrin bahalı istirahət mərkəzlərinə üz tuturlar. Və həmin istirahət mərkəzlərində sərf etdikləri vəsait yüzlərlə büdcə işçisinin aylıq maaşından dəfələrlə çox olduğu qeyd olunur. İcra başçısının oğlu isə bir qayda olaraq dünyanın ən bahalı və lüks istirahət mərkəzlərini seçir. Bakı şəhər yol polisində şöbə müdiri vəzifəsi daşıyan icra başçısının oğlu Qoşqar Zeynalov həm atasının pullarını həm də özünün «qazancını» xarici ölkələrdə havaya sovurmaqda heç də oliqarx balalarından geri qalmır.
Məlumatlı mənbəmiz bildirir ki, icra başçısı və müavini təkcə Tovuz şəhərində bir neçə malikanə tikdirib. Bu malikanələrdən başqa Bakıda dəyəri 5-6 milyon olan bir neçə evinin olduğu bildirilir. Həmçinin icra başçısının yeni tikilmiş binalarda 10 yaxın mənzilinin olduğu və həmin mənzilləri kirayəyə verdiyi qeyd olunur(Azfakt.com).
Onu da qeyd edə ki, Tovuzun icra başçısı Tofiq Zeynalov Baş Dövlət Yol Polis İdarəsi rəisi, general Ramiz Zeynalovun qardaşıdır.