20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamətin dəyişdirilməsi nəzərdə tutulub.
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərlinin APA-ya verdiyi məlumata görə, yanvarın 20-də səhər saat 08:00-dan mərasim qurtaranadək Parlament prospekti ilə kəsişən, birləşən küçələrdə avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq: “Hərəkətin məhdudlaşdırılması 20 Yanvar faciəsi qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.
Bununla əlaqədar olaraq, Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi, Teleteatr binasının qarşısından, İzzət Nəbiyev, Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni, Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti – Şəhidlər xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcək.
Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur”.
Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən xəbərə görə, qeyd olunan küçə və prospektlərdən keçən müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi də səhər saatlarından tədbir tam başa çatana qədər dəyişdiriləcək.
Sərnişin avtobuslarının hərəkəti digər nəqliyyat vasitələrinin yönləndirildiyi alternativ küçə və prospektlərdən keçməklə təşkil ediləcək.