“Pensiyamızı qüvvədən düşmüş qanunla hesablayırlar” - NARAZILIQ!
Tarix: 8-07-2021, 13:22 | Çap et
“Pensiyamızı qüvvədən düşmüş qanunla hesablayırlar” - NARAZILIQ!

Pensiyaçılar Nadir Şaban oğlu Əkbərov və Mirnuh Ənvər oğlu Həsənov pensiya kapitalının düzgün hesablanmamasından şikayətçidirlər. “Yeni Müsavat”a müraciət edən şikayətçilər deyirlər ki, “Əmək Pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsi pensiyalar hesablanarkən tətbiq olunmur:

“Prezident İlham Əliyev 10 mart 2017-ci ildə ”Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb. 2017-ci il iyulun 1-dən qüvvəyə minən həmin Qanunun 27.1-ci maddənin birinci cümləsində “Bu Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların” sözləri “Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək” sözləri ilə, ikinci cümləsində “170" rəqəmi ”306" rəqəmi ilə əvəz edilsin və həmin maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilməsi nəzərdə tutulur.

Əlavə olunan, pensiya hesablanarkən nəzərə alınmayan cümlə belədir: “Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır”.

Şikayətçi deyir ki, Prezidentin imzaladığı qanunu tətbiq etməyib, pensiyaları qüvvədən düşmüş qanuna əsasən hesablayırlar: “Qanunda edilmiş dəyişiklikliyə görə, 1 yanvar 2006-cı ildən 1 iyul 2017-ci ilədək (11 il 6ay) yığılmış pensiya kapitalı 80 faiz artırılmalıdır. Yəni 1.8-ə vurulmalıdır və üstünə pensiyaya çıxdığın günədək yığdığın məbləğ toplanıb, yığdığın məbləğin 90 faizi 144-ə bölünməlidir.

Bunu etmirlər, Prezidentin imzaladığı qanunu saya salmaq istəmirlər. Məsələn mənə - Mirnuh Həsənova 2017-ci ildə Dövlət Sosial Müdafiə Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Fondunda 80 faiz hesablanmış cədvəl var, lakin sonradan həmin cədvəllər saytlarından silindi. Qanunun 27.1-ci maddəsi tətbiq edilib 80 faiz nəzərə alınmış cədvələ görə mənə pensiya olaraq ödəniləcək məbləğ 234 manatdır. Həmin 27.1-ci maddə nəzərə alınmayanda isə yəni köhnə, qüvvəsini itirmiş qanunla hesablanmamış cədvəldə isə 112 manatdır. Yəni pensiya təyinatı aparılarkən qanunsuz olaraq qüvvədən düşmüş qanuna istinad edilir. Bu məsələ Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən araşdırılmalıdır".

Mirnuh Həsənov deyir ki, Dövlət Sosial Müdafiə Fonduna yazdığı sorğulara mahiyyəti üzrə cavablar verilmir, Prezidentin imzaladığı qanunun varlığı belə gizlədilir.

Şikayətçi Nadir Şaban oğlu Əkbərov da qüvvədə olan qanunun nəzərə alınmamasına etiraz edir: “Pensiya kapitalı cədvəlimdə 1 yanvar 2006-cı ildən 20 fevral 2019-cu ilə kimi 14 min 909 manat kapital toplamışam. 20 fevral 2019-cu ildə pensiyaya çıxmışam. Cədvələ görə 1 iyul 2017-ci ilə kimi 11 min 271 manat pulum var. Qanunun tələbinə görə mənim 11 min 271 manat pulum 1.8-ə vurulmalı, yəni 80 faiz artırılmalı idi. Yəni məbləğ 20 min 287 manata çatdırılmalı, üstünə 1 iyul 2017-ci ildən 20 fevral 2019-cu ilə kimi yığılan pul, yəni 3 min 638 manat toplanmalıdır. Bu halda alınan 23 min 925 manat 144-ə bölünür və alınan məbləğ pensiyaçıya ödənilir. Bu qanun 2017-ci il 1 iyula kimi işləmiş hər kəsə şamil edilir. Faktiki isə bu gün Azərbaycanda 1 iyul 2017-ci ilə kimi pensiyaya çıxmış vətəndaşlara yığılan pensiya kapitalının 50 faizi ödənir və qalan 50 faiz barədə heç nə deyilmir”.

Məsələ ilə bağlı DSMF rəsmilərinin də mövqeyini dərc etməyə hazırıq.
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net