Deputat Azərbaycanda Analar Gününün qeyd olunmasını təklif edib
Tarix: 25-05-2021, 11:45 | Çap et
Deputat Azərbaycanda Analar Gününün qeyd olunmasını təklif edib

“May ayı Azərbaycan xalqının tarixində ən əlamətdar tarixi aylardandır. 10 May çağdaş dövlətimizin qurucusu, Heydər Əliyevin doğum günüdür. 28 May fəxrlə qeyd etdiyimiz Şərqdə və İslam aləmində ilk demokratik dövlətimizin yaranması günüdür”.

APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı bildirib.


M. İbrahimqızı deyib ki, ildən ilə beynəlxalq səviyyədə, ayrı-ayrı ölkələrdə müxtəlif zərurətdən irəli gələn yeni-yeni rəsmi günlər təqvimə əlavə edilir. Beynəlxalq aləmdə May ayında qeyd edilən önəmli günlərdən biri də xalqımızın milli ruhuna tam uyğun olan Analar Günüdür: “Analar Günü onlarla ölkədə, hətta müxtəlif mədəniyyətlərin mövcud olduğu ABŞ-da uzun illərdir yüksək səviyyədə qeyd edilir. Dili və dini eyni olan qardaş Türkiyədə isə Analar Günü zəngin milli dəyərlərimizin tələbinə uyğun olaraq, el bayramı kimi qeyd edilir. Hər il qeyd etdiyimiz 8 Mart Beynəlxalq Qadınlar Günü siyasi motiv və insan haqları baxımından təsis edildiyindən Analar Günü ilə müqayisə edilməsi doğru deyil və milli mədəniyyətimizdə ucaltdığımız Ana Abidəsi ilə uzlaşa bilməz. Şəhidlərimizin qanı ilə yoğurulmuş Vətən torpağına, dilimizə olan sevgimizi Ana Vətən, Ana torpaq, Ana dili kimi ifadə etməmiz də məhz Ana məfhumunun müqəddəsliyindən, Ana ucalığından qaynaqlanır. Bu yaxınlarda möhtərəm Prezidentimizin Naxçıvana səfəri çərçivəsində onun Ulu Öndərimiz Heydər Əliyevin valideynlərinin məzarını ziyarət edərkən səsləndirdiyi fikirlər hər birimiz üçün ciddi və məsuliyyətli mesajdır. O, hədsiz təvazökarlıqla Ümummilli Liderimiz Heydər Əliyevin dahi şəxsiyyət kimi yetişməsində onların əvəzedilməz xidmətlərini minnətdarlıqla qeyd etdi. Vətənimiz və dövlətimiz, millətimiz üçün tarixi şəxsiyyətlər və qəhrəmanlar yetirmiş İzzət xanım Əliyeva, Zərifə xanım Əliyeva, Aidə xanım İmanquliyeva kimi anaların, eləcə də Qarabağ savaşında, 44 günlük Vətən müharibəsində, alınmaz qala olan Şuşanın işğaldan azad olunmasında misilsiz rəşadət və şücaət göstərmiş, qəhrəman şəhid və qazilərimizin Analarının şərəfinə təqvimimizə Analar gününün daxil edilməsi günün ən zəruri tələblərindən olmaqla, həm də sosial sifarişdir. Ərazi bütövlüyümüz uğrunda, milli qürurumuz, şərəfimiz uğrunda canından və həyatından keçən Novruzov qardaşları, Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, İntiqam və Nurlan Əsgərli qardaşları kimi nəsillərə örnək olan şəhid qəhrəmanlarımızın Anaları qarşısında hər birimiz bu gün baş əyirik. Bu analar övladlarını öz ailəsi üçün deyil, bütövlükdə xalq üçün yetirən və fəda edən qəhrəman analardır. Tariximizin qızıl səhifələri olan Hüseyin Cavid, Əziz Əliyev, Üzeyir Hacıbəyli, Yusif Məmmədəliyev kimi onlarla tarixi şəxsiyyətləri yetişdirən anaların şərəfinə il ərzində nə üçün bir gün ümumxalq bayramı günü kimi qeyd edilməsin?! Məhz belə şəxsiyyət və qəhrəmanların fədakarlığı, məşəqqətli həyatı və ya qanı hesabına xalqımızın şanlı tarixi yazılmış və bu tarix hər birimizə və millətimizə əbədi başucalığı gətirilib”.

Deputat qeyd edib ki, təqvimimizdə Analar Gününün daxil edilməsi bugünkü gənc nəslin formalaşmasında da əvəzsiz rola malik ola bilər.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net