“Azərfon” abonentlərin cibinə necə girir...
Tarix: 4-05-2015, 09:04 | Çap et
“Azərfon” abonentlərin cibinə necə girir...
Heç kimə sirr deyil ki, Azərbaycanda “nəyin deyildiyi” deyil, “kimin dediyi” daha önəmlidir. Yəni minlərlə insan problemdən danışsa da diqqəti cəlb eləmir. Ancaq bir tanınmış şəxs problemi qaldıran kimi…ölkə səviyyəsində müzakirələr başlayır və sonda xoşbəxtlikdən problem aradan qaldırılır.

Onsuz da “Bakcell”in mənasız, təhrikedici, şirnikləndirici, bezdirici sms-lərinin yüz minlərlə insanı “infarkt” eləməsi az qala norma halına çevrilmişdi. Və bu sanki heç kimin vecinə deyildi.

Ancaq deputat Elmira Axundovanın Milli Məclisdəki çıxışı açıq səmada ildırım kimi çaxdı: “ Mobil telefonlara müxtəlif şirkətlərdən mənasız, reklam xarakterli məlumatlar gəlir. Nəzərinizə çatdırım ki, hər mesajdan sonra balansdan kontur çıxılır. Özü də belə hallar daha çox “Bakcell”dən gəlir. Təklif edirəm ki, bu cür mesajlar dayandırılsın, Rabitə Nazirliyi isə bu cür halların qarşısını alsın”.

Qafqaz Xəbər Agentliyi bildirir ki,məsələ o qədər ciddiləşdi ki, hətta dövlətin rəsmi 3-cü şəxsi, spiker Oqtay Əsədov da dedi ki, həqiqətən də vətəndaşın razılığı olmadan ona hansısa belə mesajların göndərilməsi düzgün deyil.

Bu xırda məlumat problemin nə qədər ciddi olduğunu, eyni zamanda ölkə səviyyəsində olduğunu bir daha ortaya qoydu. Yəni problem yüz minlərlə, milyonlarla insana yaradılır.

Sonradan problem öz həllini tapdı. Daha Bakcell şirkətinin abonentlərinə lazımsız sms-lər (hansıki abonentin hesabından pul çıxılırdı ) gəlmir.

Həmin problem digər mobil operator olan “Azərcell”də də yaşandı. Qafqaz Xəbər Agentliyinin məlumatına görə mətbuatda dərc olunan araşdırma yazılarından məlum olur ki, Azərsell “ən bahalı” mobil operatordur və dünyanın heç bir yerində 1 dəqiqəsi 7 qəpiyə danışıq tarifi yoxdur. Hazırda Azərcell-dən digər operatorlara çıxış 1 dəqiqəsi 14 qəpiyə başa gəlir. Bunun dünyada analoqu yoxdur. Bütün bunlar azmış kimi Azərcell abunəçilərə neçə ildir sms-lər göndərir. Və bütün bunlar qanunvericilik daxilində tənzimlənmir. Məzmunca bir-birini təkrarlayan sms-lər təhrikedicidir. Amma bu “boş sms”lərdən milyonlar qazanılır, müştərinin cibinə girilir.

Çox maraqlıdır ki, neçə illərdir Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu biabırçılığı seyr etməklə kifayətlənir. Hərdən söz xatirinə nəsə desə də ardıcıl tədbirlər görülmür, əksinə nazirlik mobil operatorların tərəfini tutur.

Nəhayət ictimaiyyətin təpkisindən sonra Azərcell məlumat yaydı ki, bezdirici SMS-lərin qarşısı alınacaq. Abunəçi 9005 nömrəsinə “stop” və ya “boş sms” göndərməklə bunun qarşısını alacaq. Buradan isə bir daha aydın olur ki, abunəçilərə göndərilən bezdirici SMS-lər tənzimlənə bilərmiş.

Bəs görəsən, “Azərfon” nə vaxt yuxudan ayılacaq və ətrafa boylanacaq? Bəlkə, ölkə parlamentində səslənən bu boyda səs-küyün “Azərfon”a dəxli yoxdur?

Axı, “Azərfon” da neçə ildir bezdirici sms-ləri ilə müştəriləri yarımcan eləyib. Bu operatordan 2014 adı ilə Nar abunəçisinə sms göndərilir və sms də deyilir: mobil nömrəsinə Uğurlu Narımdan 1 həftə pulsuz abunəlik təqdim olundu! Pulsuz həftəni aktivləşdirmək üçünb NAR yazıb 2014-ə göndərin…

“Azərfon”un başqa bir 85 00 kompaniyası. Göndərilən sms-də deyilir: BUGUN 100 AZN, finalda isə yepyeni HYUNDAY SANTA FE!

Sonra abonentin nömrəsi qeyd olunur. SMS-də deyilir: sadəcə PUL yaz 8500 göndər! İndi göndər, elə indi 100 azn qazan.

Bütün bunlar qumar oyunları üçün xarakterikdir. Bəlkə, ölkənin mobil operatorları milyonlarla vətəndaşla “qumarbazlıq” edir?

Yəqin ki, yaxın günlərdə “Azərfon”un da səsi çıxacaq…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net