“Bir şəxsin 25 illik stajı varsa, kapitalının miqdarından asılı olmayaraq, pensiya yaşına çatdıqda ona təqaüd təyin olunur”.
Oxu.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Pensiya siyasəti və fərdi uçota nəzarət şöbəsinin müdiri Elnur Abbasov bildirib.
Onun sözlərinə görə, şəxs 10 il işləyib, 50 min manat kapital toplayıbsa, onun pensiya yaşına çatanda təqaüd almaq hüququ yaranır:
“Pensiya kapitalının çox olması ilə bağlı cəmiyyətdə səsləndirilən fikirlərlə razı deyiləm. Bu gün əmək bazarında olan dəyişiklər əsasında orta aylıq əmək haqqı sürətli şəkildə artır. Hazırda ölkədə orta aylıq əmək haqqı 710 manatdır. Minimum pensiyanın məbləği isə 210 manatdır”.
O qeyd edib ki, bu gün əmək bazarında işləyən şəxslərin topladıqları kapitalın artım sürəti minimum pensiyaların kapital tələbini üstələyir və bu da gələcəkdə pensiya sisteminə daxilolma şərtləri asanlaşdıracaq, vətəndaşlarımız daha tez pensiya alacaq.