Vilyam Hacıyevin təhsilində zıqzaqlı manevr
Tarix: 2-03-2016, 09:23 |
Çap et
Məmurlar barədə istənilən məlumat cəmiyyət üçün maraqlı sayılır. Hər bir məmurun da borcudur ki, öz keçdiyi yol barədə cəmiyyətə doğru – dürüst informasiya versin. Təbii ki, KİV nümayəndələri olaraq hansısa məmurun şəxsi həyatına müdaxilə etmədən, qanunvericiliyin imkan verdiyi çərçivədə belə məlumatlar ətarfında müəyyən araşdırmalar aparmaq biz jurnalistlərin daima maraq dairəsində olub. Bəzən məmurların özləri barədə verdikləri məlumatları təhlil edəndə adamı dəhşət bürüyür. Nələrə rast gəlmirsən? Kafe müdürlüyündən birbaşa icra hakimiyyəti başçısı vəzifəsinə yüksələ bilməyi bacarandan tutmuş, 49 yaşında ali məktəbi bitirən yüksək çinli məmura kimi.
Azinforum.az növbəti belə bir maraqlı detala İmişli rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyev barəsində təqdim edilən məlumatda rast gəlib. İmişli rayon İcra Hakimiyyətinin rəsmi saytı başçını belə təqdim edir:
“Hacıyev Vilyam Fəhralı oğlu 10 avqust 1957 -ci ildə Azərbaycan Respublikasının Xanlar (indiki Göygöl ) şəhərində anadan olmuşdur. 1979-cu ildə Orenburq vilayətinin Buquruslan Mülki Aviasiya məktəbini, 1991-ci ildə Azərbaycan Texnologiya Universitetini, 1994-cü ildə Mülki Aviasiya Akademiyasını bitirmişdir.
1993-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Əmək fəaliyyəti:
– 1979-1998-ci illərdə Mülki Aviasiya idarəsində müxtəlif vəzifələrdə çalışmışdır.
– 23 fevral 1999-cu il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq və müdafiə məsələləri şöbəsinin müdiri;
-02 aprel 2002-ci il tarixdən Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müavini;
-26 mart 2004-cü il tarixdən Göygöl (keçmiş Xanlar) rayon İcra hakimiyyətinin başçısı vəzifələrində işləmişdir.
07 fevral 2006-cı ildən Samux rayon İcra Hakimiyyətinin başçısı;
14 aprel 2012- il tarixdən İmişli rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləyir”.
Azinforum.az olaraq bizim marağımızı bu tərcümeyi halda Vilyam Haciyevin ixtisas seçimindəki ziddiyyətli manevrləri cəlb etdi. Hətta buna bir qədər obrazlı formada “göylərə qalxmaq, ordan enmək, təkrar göyə qalxmaq və nəhayət enib icra başçısı olmaq” kimi yanaşa bilərik. Başçının tərcümeyi halından görünür ki, onun ilk arzusu aviasiya ilə bağlı olub və ömrünün ən gözəl çağında- 22 yaşında istəyinə çataraq, Mülki Aviyasiya Məktəbini bitirib. Sonra isə , indiki icra başçısı birdən-birə aviyasiya ilə yaxından və uzaqdan heç bir əlaqəsi olmayan Texnologiya Universitetinə üz tutub və 34 yaşında oranı bitirib. Ancaq maraqlıdır ki, 1998-ci ilə kimi Vilyam Hacıyev yalnız aviyasiya sahəsində çalışıb. Göylərdə uçmaq həvəsi Vilyam Hacıyevi vadar edib ki, o yenidən aviyasiyaya üz tutsun və 37 yaşında o, Mülki Aviyasiya Akademiyasının məzunu olub. Deyəsən, Vilyam müəllimin qazandığı texnologiya diplomu ona hələ də lazım olmayıb.
Maraqlı sual yaranır; “texnologiya hara, aviyasiya hara”.
Qarşı tərəfin mövqeyini verməyə hazırıq.