Şəmkir DSMF-dən şikayət VAR
Tarix: 11-02-2016, 09:19 | Çap et
Şəmkir DSMF-dən şikayət VAR
Bu günlərdə bizimdovr.az-a daxil olmuş növbəti məlumatlarda Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin fəaliyyətində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən bəhs olunur. Bu xüsusda aldığımız məlumatlarda vurğulanır ki, məhz şöbəsinin müdiri Azad Şərifovun burada tətbiq etdiyi “xüsusi qaydalar” səbəbindən Şəmkir rayon sakinləri müavinat alarkən süni bürokratik əngəllərlə qarşılaşmalı olurlar. Azad Şərifovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Şəmkir sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər: “Heç bir qanuni sənədə əsaslanmadan cərimə ödənişlərinin və sanksiyaların tətbiq olunması Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsində mütəmadi olaraq həyata keçirilir. Şöbənin müdiri Azad Şərifov isə, maraqlarını təmin etmək məqsədilə bütün vasitələrə əl atır. Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu, Azad Şərifovu zərrə qədər də olsun maraqlandırmır. Bu şöbədə heç kim əlavə «staj» artırmaqla məşğul olmazdı. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Azad Şərifov tərəfindən irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Azad Şərifovun rəhbərlik etdiyi şöbənin fəaliyyəti yoxlanılarsa, o zaman bütün bu faktlar da öz təsdiqini tapar...”

Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz qeyd etmişik ki, bu gün Azərbaycanda əhalinin sosial problemlərinin həlli, maddi rifahın yüksəldilməsi istiqamətində əsaslı dövlət islahatları həyata keçirilməkdədir. Xüsusən əhalinin aztəminatlı təbəqəsini təmsil edən vətəndaşların həyat səviyyəsinin qaldırılması daima diqqət mərkəzində saxlanılan məsələlərdəndir. Bu istiqamətdə həyata keçirilən islahatlar mütərəqqi xarakter daşımaqla Azərbaycan vətəndaşının sosial müdafiəsini daha etibarlı və yüksək səviyyədə təmin etmək məqsədinə xidmət edir. Bu da aydındır ki, həmin islahatların uğurla həyata keçməsi həm də DSMF strukturları əməkdaşlarının öz funksiyalarını dəqiq və vicdanlı şəkildə həyata keçirmələrindən bilavasitə asılıdır. Təəssüflər olsun ki, bu gün hələ də bəzi strukturlarda dövlətin sığorta-pensiya sisteminin formalaşmasına ciddi əngəllər törətməkdə israrlı olan məmurlara kifayət qədər tez-tez rast gəlinir. Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsinin fəaliyyətinə dair aldığımız məlumatlar da bu faktı bir daha təsdiqləmiş olur. Etiraf etmək lazımdır ki, müvafiq yoxlamalar aparılacağı təqdirdə DSMF-nin bir çox rayon şöbələrində bu kimi faktların mövcudluğu aşkar oluna bilər. Belə vəziyyət isə ölkənin sığorta-pensiya sisteminin effektivliyini ən azından mübahisəli edə bilər. Konkret DSMF-nin Şəmikr rayon şöbəsindən olan şikayətlərə gəlincə isə, hesab edirik ki, əlaqədar orqanlar yerli sakinlərin şikayətlərini nəzərə alaraq bu qurumun fəaliyyətini ən ciddi şəkildə təftiş etməli və yer almış neqativ halların aradan qaldırılması istiqamətində təcili tədbirlər görməlidirlər.

Qarşı tərəfin də mövqeyini işıqlandıra bilərik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net