Bu Allaha da xoş deyil, bəndəyə də...
Tarix: 8-02-2016, 11:16 | Çap et
Bu Allaha da xoş deyil, bəndəyə də...
Qəzetimizin 16.01.2016-cı il tarixində dərc olunmuş “Cərciz peyğəmbər ziyarətgahını gəlir mənbəyinə çeviriblər” başlıqlı yazının mövzusu əslində bizim özümüz üçün də həm olduqca arzuolunmaz, həm də elə arzuolunmaz olduğu qədər də heyrətləndirici idi. Amma dərhal da qeyd edək ki, bu heyrət yalnız neqativ emosiyalar doğurmağa qabildir. Axı necə ola bilər ki, insanların müqəddəs bilib, pənah apardığı bir ziyarətgah şəxsi mənfəət xatirinə adi bir gəlir gətirən obyekt qismində istismar olunsun? Əlbəttə, bu və ya digər məsciddə qoyulmuş nəzir qutularında yığılan ianələrin, bu yolla əldə olunan vəsaitlərin hansı məqsədlərə xərclənməsinə dair suallar əvvəllər də tez-tez müakirə mövzusu kimi gündəmə gətirilib. Amma, Cərciz peyğəmbər ziyarətgahı hər halda ağır pirlərimizdən hesab olunur və məhz bu ziyarətgah ətrafında maxinasiyalara yol verilməsi də ağır günah əməl kimi qiymətləndirilə bilər. Redaksiyamıza daxil olan və bu ziyarətgahın indiki rəhbərliyinin ünvanına səsləndirilən ittihamlar isə, həqiqətən də son dərəcə ağırdır. Artıq dərc etdiyimiz yazıda da qeyd olunduğu kimi, bizimdovr.az-a daxil olmuş məlumatlarda bu müqəddəs məkanın bir qrup şəxs tərəfindən əsil gəlir mənbəyi kimi istismar olunduğu bildirilir. Bu barədə bir müddət əvvəl aldığımız açıqlamada deyilirdi ki, əvvəllər bu ziyarətgahın rəhbəri Hacı Cəfərqulu adlı başqa bir şəxs olub. Bu sətirlərin müəllifi həmin insanı şəxsən tanımasa da, onun barəsində açıqlama verən mənbələr vurğulayırlar ki, bu şəxs uzun illər ərzində bu vəzifəni vicdanla icra edib. Deyilənə görə, həmin illər ərzində Hacı Cəfərqulu həmişə insanların pirə gətirdikləri nəzir-niyazdan kasıb-kusuba, ehtiyacı olanlara əl tutub, yardım edib. Amma bir müddət bundan əvvəl bu insanı ziyarətgahdan uzaqlaşdırıb, onun yerinə Mirsəccad İmranov adlı başqa birisi qoyulub. Həmçinin mənbə bildirir ki, onu bu vəzifəyə Qafqaz Müsəlmanları İdarəsinin Təftiş şöbəsinin müdiri Vəfadar Əliyev təyin edib. Həm də maraqlıdır ki, iddiaya görə, ziyarətgahın rəsmi sənədləri yenə də Hacı Cəfərquluda olduğu halda, sadəcə olaraq buraya daxil olan nəzir-niyazın, kəsilən qurbanların hesabı artıq M.İmranovun nəzarətinə keçib. Aldığımız məlumatda bu qeyd olunmuşdu ki, son vaxtlar ziyarətgahda baş verən bu kimi neqativ hallar ətraf ərazilərdə yaşayan yerli sakinləri də ciddi şəkildə narahat etməklə, Beyləqan rayon rəhbərliyinin də diqqətini cəlb edib. Buna görə də rayonun rəhbərliyi Qafqaz Müsəlmanları İdarəsinə ziyarətgaha yenidən Hacı Cəfərqulunun rəhbərliyə qaytarılmasının məqsədəuyğunluğunu nəzərdən keçirmək xahişi ilə müraciət edib. Lakin deyilənə görə, ziyarətgahdan əldə olunan “gəlirlərdə” özünün də payı olan Vəfadar Əliyev baş verənlər barədə Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadəni düzgün məlumatlandırmır. Mənbə iddia edir ki, ziyarətgahın yeni rəhbəri də bu vəziyyətdən öz şəxsi mənafeyi naminə yararlanır: “M.İmranovun ziyarətgaha təyinatından çox keçmədi ki, o, özünə rayonda iki dəbdəbəli villa da tikdirdi. Başqa cür ola da bilməzdi. Çünki pirə gələn ianələrin, nəzirlərin təkcə bir ay ərzində yığılan məbləği ən azından yüz min manata çatır. Əlbəttə ki, ay ərzində həmin pula əl dəyilməsə. Amma belə də olur. Belə ki, indiki rəhbərliyin vaxtında nəzir qutularının açılaraq oradan müəyyən “xərcliyin” götürülməsi halları tez-tez baş verir...” Yeni aldığımız növbəti açıqlamada isə, mənbə M.İmranovun ziyarətgahın ərazisində olan yeməkxananı da öz şəxsi obyekti kimi istismar etdiyi bildirilir. Bu xüsusda məlumatda deyilir: “M.İmranov ziyarətgahın həyətindəki yeməkxananı ayı 3000 (üç min) manata icarəyə verib. Eyni zamanda da burada kəsilən qurbanlıq quzuların əti də bu yeməkxanada satılır...”

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net