ELMİN İNKİŞAFI FONDU ELMƏ NƏ VERİR? – Şok faktlar
Tarix: 2-02-2016, 08:48 | Çap et
ELMİN İNKİŞAFI FONDU ELMƏ NƏ VERİR? – Şok faktlar
Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondu 21 oktyabr 2009-cu ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradılıb. Bəs elmə diqqət və qayğının yüksəldilməsi kimi yaradılan Elmin İnkişafı Fondu 6 ildən çox müddətdə göstərdiyi fəaliyyəti ilə özünü doğrulda bilibmi? Qarşıya qoyulan məqsəd və vəzifələrə çatıbmı? Bunu necə bilmək olar?
Biz “Üçüncü dalğa” adlandırılan İnformasiya Cəmiyyətində yaşayırıq. Bu səbəbdən də bütün qurumların dolğun informasiyaları özündə ehtiva edən portalı olmalıdır. Elə portalı ki, ortaya çıxan bütün suallara cavab tapılsın. Həm də fəaliyyətin nəticələrini və perspektivlərini, keyfiyyət və problemlərini görməyə imkan yaratsın. Bu ipucundan istifadə edib Elmin İnkişafı Fondunun portalına diqqət etdim (www.sdf.gov.az).
Sonda isə elmin inkişafına gerçək dəstəyi görmək əvəzinə, insanı tərk etmək istəməyən anlaşılmaz bir kədərə sahib oldum. Bir elm adamı üçün bundan ağır heç nə ola bilməz. Daha böyük hədəfləri demirəm, Azərbaycanda elmlə məşğul olan adamlar bu saytdan nə informasiya baxımından, nə də mütaliə və maarifçilik baxımından heç nə götürə bilməzlər. Məsələn, saytın məlumat bölməsinə diqqət edək:
- Elmin inkişafı konsepsiyası – boşdur;
– Azərbaycanın elmi potensialı – boşdur;
– Azərbaycanda elmi qurumlar – boşdur və s.
Elmi yeniliklər bölməsində N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayevin 2012-ci ilin 30-31 dekabr və 2013-cü ilin 1-7 yanvar dövrlərində kosmik hava proqnozu haqqında yazısı verilib. Elə bilməyin yazı hansısa dünya şöhrətli elmi jurnalda yayılıb, bizim yaxşı tanıdığımız “Zerkalo” qəzetində dərc edilib. Oxucuları çaşdırmamaq üçün onu da qeyd edim ki, məqalə müəllifi Elçin Babayev Elmin İnkişafı Fondunun icraçı direktorudur, eyni zamanda iki vəzifə tutur və hava proqnozu kimi elmi yeniliklər yaradır.
Sayta bələdçiliyi davam edək:
- Qrant idarəetmə sistemi – yazılıb ki, hazırlanmaqdadır;
– Elmi jurnallar – boşdur;
– Elmin təbliği – boşdur;
– Analitik informasiya – boşdur.
Dahi alimlərimiz bölümündə Nəsrəddin Tusi, Lev Landau, Lütfü Zadə, Yusif Məmmədəliyev və Azad Mirzəcanzadənin şəkilləri və adları verilib.
Onların yaradıcılıqları haqqında heç bir material yoxdur. Diaspora alimləri (?) sırasında isə 3 nəfər xaricdə çalışan alim təqdim edilib və yazılıb ki, bu hissə daim yenilənəcək.
Fondun “KİV-lərdə” bölümündən görünür ki, mətbuatla əlaqə dəhşətli dərəcədə primitivdir.
“Faydalı linklər” də boşdur.
“Əyani materiallar bölümündə” 8 linkdən yalnız biri açılır.
Ən başlıca məsələ odur ki, Fond layihələrin monitorinqi haqqında sənədləri və monitorinqin nəticələrini saytda yerləşdirmir. Bu faktın özü Fondun nizamnaməsinin 2.2.5 bəndinə ziddir.
Fondun Nizamnaməsinin 2.2 bəndinə görə onun vəzifələrinə daxildir:
- Elmin inkişafı ilə bağlı vahid dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində iştirak etmək:
– Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 4 may tarixli 255 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Startegiya”nın məqsədlərinə müvafiq olaraq təkliflər irəli sürmək, layihələr hazırlamaq, onların həyata keçirilməsini təmin etmək.
Lakin Elmin İnkişafı Fondunun fəaliyyətində bu istiqamətlərə yardımçı olmaq da qətiyyən görünmür.
Biz elə dövrdə yaşayırıq ki, “özümüzün miqyasında” elm və elmi fəaliyyət olmur. Tədqiqat fəaliyyəti və onun nəticələrinin qiymətləndirilməsində keyfiyyətə, dünya elmi məkanında mövqeyə və effektivliyə diqqət yetirilməlidir. Fondun maliyyələşdirdiyi layihələrin monitorinqinin kimlər tərəfindən aparılması isə gizli saxlanılır. Bu səbəbdən çoxlu suallar ortaya çıxır.
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun 2010-cu il üçün 1-ci qrant layihələri müsabiqəsindən uğurla keçmiş layihələrin siyahısına diqqət etdikdə görürük ki, “Yüksək texnologiyalar üçün yeni materiallar və cihaz strukturu” layihəsinin (layihənin rəhbəri Qacar Çingiz Oveysoviç – Fizika institutu) icrasına 3 milyon manat vəsait ayrılıb. Layihənin icra müddəti 12 aydır.
Həmin ilin 2-ci qrant müsabiqəsində Fizika İnstitutunun digər nümayəndəsi Məmmədov Nazim Timur oğlunun “Yüksək texnologiyalar üçün interkalyasiya olunmuş nanostrukturlu laylı yarımkeçirici materiallar” layihəsinə 435 000 manat ayrılıb.
2012-ci il üçün 2-ci qrant müsabiqәsindә “Yeni nəsil texnologiyalar üçün spin-polyarlaşmış və spin nişanlanmış sistemlər” layihəsinə görə Məmmədov Nazim Timur oğluna 2500000 manat vəsait ayrılmışdır.
Fondun Nizamnaməsinin “Funksiyaları” bəndində yazılır: Fond bu Nizamnaməyə uyğun olaraq dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsini təşkil edir.
Bəs adlarını yuxarıda çəkdiyim bahalı layihələrin dövlət və cəmiyyət üçün əhəmiyyətini haradan bilək? 12 aya 3000000 manatlıq layihə necə icra oluna bilər? Layihənin qüsurlu olması adından bilinir. Bu layihə çərçivəsində yeni materiallar alınıbmı? Alınıbsa adı nədir? Yaxud hansı cihazın strukturu yenilənib?
Eyni ilə Nazim Məmmədovun icra etdiyi layihələr çoxlu suallar doğurur. Maraqlı bir misal çəkim, “DNT-nin bərpası metodlarının öyrənilməsi sahəsində tədqiqatlara görə” britaniyalı Tomas Lindal, amerikalılar Pol Modriç və türk əsilli Əziz Sancar 2015-ci ildə kimya üzrə Nobel mükafatına layiq görüldülər. İndi elm sahəsində Nobel mükafatına layiq görülmüş şəxsə təxminən 1200000 dollar pul vəsaiti düşür. Ancaq bu mükafata layiq görülən şəxslər qapı-qapı düşüb kəşflərinin mənasını izah edirlər. Bizdə isə informasiya alırıq ki, kiminsə tədqiqat aparmasına 2-3 milyon manat vəsait ayrılıb. İzah edin görək, nə icad olunub və əhəmiyyəti nədir?
Nəinki elm adamları, hətta vergisi ilə dövlət büdcəsi formalaşdıran istənilən vətəndaş deyə bilər: Cavab verin, cənablar! Nə icad etmisiniz?
Dəfələrlə əfsanəvi NASA təmsilçiləri mətbuat konfransı keçirərək cəmiyyətə bəyan ediblər ki, filan layihə uğursuz bitib. Xərclənmiş pullara və əməyə görə təəssüf ediblər, hesabat veriblər. Elm sahəsi ciddi pulların xərcləndiyi sahədir, bir dəfəyə bir Nobel mükafatına ayrılan puldan 3 dəfə böyük məbləği xərcləyəndə ondan cəmi 3 səhifəlik bir təəssürat qalmalı deyilmi, hələ elmi nəticəni demirəm?
Daha ciddi təhlilə ehtiyac yoxdur. Bütün bunlar onu göstərir ki, Elmin İnkişafı Fondu layihələrin monitorinqinin ictimailəşdirilməsi ilə yanaşı elmin populyarlaşdırılmasında da qətiyyən maraqlı deyil.
Fond ona göstərilən ümidi və etimadı doğrultmur.
Etibar Əliyev, fəlsəfə doktoru





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net