Tofiq İsmayılovun qızından Prezidentə ŞOK müraciət
Tarix: 17-11-2015, 10:09 |
Çap et
Səbinə İsmayılova: “Əminəm ki, Cənab Prezident Tofiq İsmayılovun əmanəti olan tək qızının başına gətirilənləri duysa, buna bir ölçü götürəcəkdir”
Noyabr ayının 20 - si yaxınlaşır. 20 noyabr 1991 - ci il Azərbaycan ziyalılarından ibarət helikopterin vurulmasından və Azərbaycanın ən görkəmli simalarının həlak olmasından 24 il ötür. Ötən gün gözlənilmədən redaksiyaya həmin helikopterdə həlak olan, təqdim etmək üçün bütün sözlərin bu şəxsiyyətin ismi qarşısında sönük qaldığı, Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinin mərhum rəhbəri, sabiq Dövlət Katibi Tofiq İsmayılovun qızı zəng vurmuşdu. Onu dinlədim. Daha sonra görüşməyə qərar verdim.
Çarəsiz xanım demə, MTN-nin ifşa olunan cinayətkar dəstəsinin qurbanına çevrilib. Bu cinayətkar dəstənin başqa nazirliklərlə də iş birliyi ortaya çıxdığı bir zamanda, Səbinə xanım İsmayılovanın və onun ailəsinin də həmin cinayətkar dəstənin əməllərinin qurbanına çevrilməsi əslində bir çox özünü “süddən çıxmış ağ qaşıq kimi” təqdim edən bir çox vəzifə və kürsü düşgünlərinin işinə də son verəcək...
Əvvəla ondan başlayaq ki, Səbinə xanım dəfələrlə bir çox dövlət orqanlarına başına gətirilən müsibətlə bağlı şikayət edib. Lakin adət aldığı kimi bu onun yanına, o bunun yanına göndərə göndərib. Şikayətçi üz vurmağa utanıb, amma ora-bura göndərən utanmazca şikayətin ihmal olunmasına göz yumub. Hələ bu harasıdır, bu günlərdə mövcud məsələ ilə bağlı bir neçə sayda işıqlandırılan bu məsələ cinayətkar dəstənin əmri ilə mətbuatdan götürülüb...
Tofiq İsmayılovun xatirəsini əziz tutan Cənab Prezidentin onun ailəsinin başına gətirilənləri duymasını istəyən bu xanım, bu dövlətdə prezidentdən başqa heç kəsə inanmadığını vurğuladı. Ona görə də atası Tofiq İsmayılovla Ulu öndər Heydər Əliyevin dostluğunun əziz xatirəsinə hörmətən Prezidentin onun imdadına yetişəcəyinə əmindir:
“Söhbət Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin rəhbəri Akim Bədəlovun Tofiq İsmayılovun ailəsinə və tək qızı olan mənə vurduqları mənəvi və maddi ziyandan gedir. Günü bu gündə onlar bizim ailədən əl çəkmir. Başa düşürəm ki, Akim Bədəlovun himayədarları onu müdafiə edir. Bəli, mənim arxalanacağım və güvənəcəyim tək insan Cənab Prezidentdir.
Cənab Prezident, mən İsmayılova Səbinə Tofiq qızı sizə öz şikayətimi çatdırmaqla yanaşı ətrafınızdakı quldurlar dəstəsinin əməllərini də nəzərinizə çatdırmaq istəyirəm. Akim Bədəlov kimdir? Akim Bədəlov Eldar Mahmudov-Cahangir Hacıyev tandemi tərəfindən yaradılan “dərin dövlət” klanının aktiv üzvü olan, MTN-nin Hava Limanı İdarəsinin bugünlərdə işdən çıxarılan sabiq rəisi Pərviz Vəliyevin dayısıdır. Bu cinayətkar dəstənin daha bir üzvü də, “Azalternativenerji” MMC-nin direktoru vəzifəsində çalışan və ölkənin maliyyə dayanıqlığına ağır zərbə vuran, qanunsuz olaraq milyardlarla vəsaitin xaricə çıxarılmasına şərait yaradan Pərviz Vəliyevin qardaşı Rizvan Vəliyevdir".
Səbinə İsmayılova daha sonra müraciətində yazır: “13 mart 1987-ci il tarixdə SSRİ Nazirlər Sovetinin 321 saylı qərarı ilə ”Vahid ümümdövlət gənclərin elmi-texniki yaradıcılıq sisteminin yaradılması qərara alınmışdı. Həmin qərardan sonra rayon komsomol komitələri nəzdində Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzlərinin yaradılması SSRİ üzrə geniş şəkildə həyata keçirildi. Mərkəzə geniş iqtisadi, hətta xarici ölkələrlə qarşılıqlı fəaliyyət imkanları və tamamilə vergidən azadolma güzəştləri verilmişdi. Mərkəz yalnız gəlirlərinin 3%-ni ümumittifaq, 27%-ni isə yerli Mərkəzlərin koordinasiya sovetlərinin fonduna ödəyirdi.
Bütün proqressiv yeniliklərə həssas olan Tofiq İsmayılov 1989-cu ilin mart ayında Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyinə rəhbərlik edən dövrdə keçmiş Kirov (indi Binəqədi) rayonu Komsomol komitəsi nəzdində “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzini yaradır, müəssisənin fəaliyyəti üçün Binəqədi rayonu 12-ci Aşırım küç.68A ünvanda tikili və torpaq sahəsinin ayrılmasına nail olur.
Hazırda Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri olan, o dövrdə Tofiq İsmayilovun rəhbərlik etdiyi birlikdə elmi işçi işləyən Bədəlov Akim Bədəl oğlu həmin ilin may ayında “Xəzər”ə direktor seçilir.
Mərhum atam Moskvadan cəlb edilən vəsaitlər hesabına gənclərə, elm işçilərinə qazanc əldə etmək imkanı yaradırdı və təbii olaraq öz ailəsinin təminatını da düşünürdü. “Xəzər”in gəlirləri bütünlüklə Birliyin sifarişləri və ödənişləri hesabına formalaşırdı.
1990-cı ildə ümumittifaq miqyasında fəaliyyətlərində ciddi sui-istifadələrlə əlaqədar Mərkəzlər üçün nəzərdə tutulan güzəştlər ləğv edilir. Bu səbəbdən 1991-ci ilin martında “Xəzər”in, Komsomol komitəsi nəzdindən çıxaraq, müstəqil şəkildə fəaliyyətinə qərar verilir. Yaradılmasında və fəaliyyətində T.İsmayılov həlledici şəxs olduğuna görə, kollektiv mülkiyyət formasında yenidən təşkil edilən “Xəzər”də əsas pay qızı Səbinə İsmayılovaya verilir.
06 mart 1991-ci il tarixdə keçirilən payçıların iclasının 8 saylı protokoluna uyğun olaraq müəssisənin nizamnaməsi tərtib olunur və A.Bədəlov Mərkəzə yenidən direktor vəzifəsinə seçilməsinə müvəffəq olur.
20 noyabr 1991-ci il tarixində atam, T.İsmayılovun faciəvi şəkildə həlak olmasından sonra Akim Bədəlov “Xəzər” Mərkəzini ələ keçirməklə bağlı planlarının icrasına başlayır. Məndə bunu sübut edəcək sənədlər və bəlgələr var. Məhz ona görə də, mənim bu informasiyaları Prezidentə çatdırmağıma sözün əsl mənasında maneə yardırlar. Mən və anam Lalə ismayılova dəfələrlə Cənab Prezidentlə görüşmək istəmişik amma bizi qoymurlar. Hədə-qorxu gəlirlər. Atam rəhmətlik, 1991-ci ilin mart ayında Mərkəzdə böyük hissə payı mənə verərək, “bu məndən sonra sizin çörək ağöacınızdır” demişdi. Akim Bədəlov isə bir vaxtlar ona çörək verən Tofiq İsmayılovun ailəsini sözün əsl mənasında qarət etdi.
Əvvəlvə Akim Bədəlov böyük itki verən ailənin yasda olmasından və ailənin ona etibarından sui-istifadə edib. Atamın vəfatından sonra keçən müddət ərzində “Xəzər” Mərkəzi vasitəsilə “Globus Plaza”, Zaqatala şəhər stadionu və bir çox digər iri tikintilər aparılmasına baxmayaraq, Bədəlov bizə böyük fasilələrlə cuzi məbləğlər ödəyirdi. Bildirirdi ki, iri maliyyə xərcləri var, işləri qaydasına düşən kimi ailəmizin qarşısındakı bütün öhdəlikləri ödəyəcək. Buna görə də, bizim A.Bədəlovun sənədləri saxtalaşdıraraq, “Xəzər” Mərkəzini öz nəzarətinə keçirməsindən xəbərimiz olmayıb. Yəni o daim ailəmizin içində olan bir insan olub. Heç zaman təsəvvür etməzdik ki, o Tofiq İsmayılovun ailəsinə qarşı bu cür hərəkət edər. O bu etibardan istifadə edərək, mənə evimi satdırdı. Bu gün də təsəvvür edin ki, Tofiq İsmayılov kimi bir insanın ailəsi kirayələrdə qalır. Bu hansı insanlığa sığar?
Akim Bədəlovun bu əməllərinin fərqinə vardıqdan sonra, əlbəttəki məhkəməyə üz tutduq. Baxmayaraq ki, bizə qarşı təhdid və hədə-qorxular olunurdu. Lakin üzləşdiyimiz mənzərə bir daha sübut etdi ki, Akim Bədəlov bu iyrənc əməllərini hesablanmış şəkildə ört-bastır edibmiş. Nəzərinizə çatdırım ki, Akim Bədəlov Ali Məhkəmənin sədri Ramiz Rzayevlə quda olduqdan sonra təbii ki, biz həmin məhkəmələrdən də bir nəticə ala bilmirdik. Akim Bədəlovun qanunsuz işlərinə göz yuman qohumluq bağlarına “sadiq” olan Ramiz Rzayev saxtakarlıq faktlarına göz yumaraq, ailənin əleyhinə qərar çıxarılması üçün əlindən gələni əsirgəməyib. Bütün instansiya məhkəmələrində mən A.Bədəlovdan o dövrdə “Xəzər”in direktoru olduğuna görə 8 saylı protokolun məhkəməyə təqdim edilməsini tələb etmişəm. Lakin 8 saylı protokolun təqdim edilməsindən imtina edilib və məhkəməyə qeyri-adekvat arayışlar təqdim edilib. Məhkəməyə saxtakarlıqları subuta yetirən bütün sənədlər təqdim olunmasına, işdə cinayət əməllərini subuta yetirən faktlar olduğundan Prokurorluğa göndərilməsi ilə əlaqədar vəsadətimizə baxmayaraq, qətnamələrdə saxtakarlıq faktları barədə bir kəlmə belə yazılmamışdır. Həmçinin məhkəmə “Xəzər” yaradılan dövrdə Birlikdə işləyən və “Xəzər”də mənim əsas pay sahibi olduğum barədə dəqiq məlumatı olan şahidlərin ifadələrini qəbul etməmişdir və iddiamı rədd ediblər.
Mən və anam Lalə İsmayılova Cənab prezidentdən bu qanunsuzlulqara bir ölçü götürməsini istəyirik. Biz sadəcə ədalətli məhkəmənin olmasını və heç olmasa Tofiq İsmayilov kimi insanın əziz xatirəsinə görə, onun ailəsinin sahib olduqlarının ailəsinə geri verilməsini xahiş edirəm. Mən Cənab İlham Əliyevdən imdad diləyirəm. Əminəm ki, Cənab Prezident Tofiq İsmayılovun əmanəti olan tək qızının başına gətirilənləri duysa, buna bir ölçü götürəcəkdir".
20 noyabr 1991-ci il hadisəsinin il dönümü ərəfəsində Azərbaycanın müstəqilliyi naminə qurban gedən Tofiq İsmayılovun ailəsinin mövcud vəziyyəti ilə bağlı bu cür məsələnin işıqlandırılmasını özümə borc bildim. Bununla yanaşı məsələ ilə bağlı tərəfimdən araşdırma da aparılır.
İlkin araşdırmalar nəticəsində məlum olub ki, Akim Bədəlovun daha bir vəzifəli qohumu Tofiq İsmayılovun ailə üzvlərinə məxsus “Xəzər” Mərkəzi öz aralardında sözün əsl mənasında bölüşdürüblər. Bu bölüşdürmə əməli isə düz Tofiq İsmayılovun həlak olmasından 4 il sönra baş verib. Həmin vəzifəli qohum isə Akim Bədəlovun həyat yoldaşı Akifə Mövsümova və xanımının əmisi oğlanları "AS Group İnvestment"in prezidenti Mövsumov Şahin, onun qardaşı Azərbaycan Respublikasının Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümovun olduğu məlum olub.
Əldə etdiyimiz məlumata görə, “Xəzər”də T. İsmayılovun ailəsinin payının olduğunu tam silmək üçün “Xəzər”in təsisçiliyi ilə əlaqədar alqı-satqı məsələləri ilə bağlı saxta sənədlər ortaya çıxıb. Belə ki 10.12.2009-cu il tarixdə müəssisədə saxta pay alqı-satqısı aparılmışdır. Belə ki, guya Şahin Mövsümov və Azad Bağırlı “Xəzər” Gənclərin Elmi Texniki Yaradıcılıq Mərkəzindəki 25 faizlik paylarını (saxta yolla) 5 min manata A.Bədəlovun həyat yoldaşı Akifə Mövsümovaya satırlar.
Daha maraqlısı isə odur ki, Akim Bədəlov da “Xəzər”də saxta yolla adına yazdığı 25 faiz payı guya öz oğluna – Bədəlov Aqşın Akim oğluna 5 min manata satır. Ata-bala arasındakı bu alver də eyni vaxtda rəsmiləşdirilir. Və bu saxta alverdən sonra 11.08.2010-cu il tarixdə “Xəzər”in yeni sahiblərinin pay bölgüsü Dövlət qeydiyyatına aldırılır. Bununla da “Xəzər”də 50% pay Akim Bədəlovun arvadı Mövsümova Akifə Şərif qızına, 25% pay oğlu Bədəlov Aqşın Akim oğluna və 25% pay bacısı oğlu Vəliyev Rizvan Şamil oğlu arasında bölüşdürülür.
Redaksiyadan: Yazıda ittiham hədəfinə çevrilən qarşı tərəfin də münasibətini arqumentləri ilə bərabər işırlandırmağa hazırıq.
Hesab edirik ki, 20 noyabrda həlak olan görkəmli dövlət xadimi Tofiq İsmayılovun ailəsinin mövcud durumuna ölkə rəhbərliyi lazimi diqqəti göstərəcək.
Ülkər Musazadə