Nazirə güvənən kadrlar təhsilimizi baltalayır
Tarix: 21-10-2015, 10:12 | Çap et
Nazirə güvənən kadrlar təhsilimizi baltalayır
Mikayıl Cabbarovun Ədalət Muradovla dostluğu Dövlət İqtisad Universitetində açıq bazarlığa geniş imkan yaradıb, tələbələr prezidentə rüşvətdən kütləvi narazılıq edir

Baş mühasib təmir adı ilə köhnə vəsaitləri DƏ dağıdır, köhnə-təzə kadr savaşı gedir, nazir müavini isə qardaşı sayəsində 25 milyonluq yeyintini rəsmiləşdirib Təhsil naziri Azərbaycan Dövlət İqtisad Universitetinə (ADİU) rektor təyinatında tayfabazlıq, dostluq prinsiplərinə söykənib. Mikayıl Cabbarov Ədalət Muradovla olan yoldaşlıq əlaqələrini təhsil sisteminə transformasiya edib.

“Gündəm Xəbər”ə daxil olan məlumata görə, nazir dostunu ADİU-ya rektor təyin etdirməklə ölkənin nəhəng ali məktəbini baltalamış olub. Məhz Ə.Muradovun təyinatının ardınca bu ali təhsil ocağında vəziyyət daha da ağırlaşıb. Mətbuatda dərc olunan xəbərlər və prezidentə ünvanlanan şikayətlər deməyə əsas verir ki, bu təyinat nəinki uğurlu olmayıb, hətta fiaskoya uğrayıb.

Belə olmasaydı, ADİU-dan kütləvi şəkildə narazılıqlar ölkə başçısına ünvanlamazdı. “Gündəm-xəbər”ə verilən məlumatda qeyd olunur ki, təhsil naziri ilə rektor İqtisadi İnkişaf Nazirliyində iş yoldaşı olublar. Onların arasında dostluq münasibətləri var. Ədalət Muradovun rektor təyin olunmasında Mikayıl Cabbarovun da xüsusi rolunun olduğu bildirilir. Hətta nazir canfəşanlıq nümayiş etdirərək hakimiyyət kluarlarında dostunun rektor keçməsinə müvəffəq olub. Qaynağımız iddia edir ki, bu təyinatdan sonra nazir mövqelərinin gücləndiyinə arxayınlaşıb. Və rektorla işbirliyi onlar üçün yeni kassaların açılması ilə müşayiət olunub. İddialara görə, Ə.Muradova məhz nazir dostu ali məktəbi çapıb talamağa şərait yaradıb. Nazirin diktəsi ilə hərəkət edən rektor ADİU-da bazar açmaqdan çəkinməyib. Şəmsəddin Hacıyevin dövründə rüşvətin belə tüğyan etmədiyini söyləyən tələbələr indiki şəraitə etiraz edirlər.

Mənbə bildirir ki, ADİU-da dekanların tələbələrdən açıq şəkildə pul tələb etməsi, prorektorların çəkinmədən semester alverinə getməsi məhz rektorun onları arxayınlaşdırmasından irəli gəlir. Rektor qeyri-rəsmi iclaslarda bəyan edib ki, nazir onu himayə edir və universitetdə iqtisadi imkanları artırmaq olar. Elə bu bəyanatın davamı kimi dekanlar rahat şəkildə bazarlıq etməyə başlayıblar. Hətta sabiq rektorun dövründən qalan bəzi dekanlar razılıq edirlər. Çünki onlara Ş.Hacıyevin dövründə belə açıq bazar açmağa imkan verilməyib. İddialara görə, İqtisad Universitetində müdhiş maliyyə maxinasiyalarının təşkilində rektor təftiş edənləri də razı salır. Onlara “görüm-baxım” etməklə fəaliyyətinin davam etdirir. Xatırladaq ki, bu il martın 5-də cənab prezidentin müvafiq sərəncamı ilə iqtisad universitetinin rektoru dəyişdirildi: bu postda Şəmsəddin Hacıyevi Ədalət Muradov əvəz etdi. Yeni rektor bu vəzifəyə qədər təhsildən kənar-İqtisadi İnkişaf Nazirliyində çalışsa da, onun müəyyən dövrlərdə təhsillə bağlılığı da faktdır. Ədalət Muradov 1995-1999- cu illərdə T. Şevçenko adına Kiyev Dövlət Universitetində, 1999-2002-ci illərdə isə Azərbaycan Respublikası Prezidentinin yanında Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub. Bunca pedaqoji fəaliyyətlə məşğul olması Ədalət müəllimin hazırkı vəzifədə fəaliyyəti üçün stimullaşdırıcı amil sayıla bilər. Başqa sözlə iqtisad universitetinin rektorluğu onun üçün yad vəzifə deyil. Məhz elə bu səbəbdən də çoxları yeni rektordan müsbət mənada çox şey gözləyirdi. Ədalət Muradov da çoxları kimi ilk gündən kadr dəyişikliyini prioritet

seçdi. Sabiq rektorun dövründə vəzifə tutanlar birmənalı şəkildə yeniləri ilə əvəz olundu. Doğrudur, müəyyən istisnalar da oldu. Məsələn universitetdə ikinci sima sayılan Daməd Bağırov hələ də vəzifəsini icra etməkdədir.

Yeni komanda köhnələri birmənalı şəkildə qəbul etmir, yeri gəldi-gəlmədi onlara problem yaradır. Məlumata görə bu təhsil ocağında köhnə-təzə savaşı o həddə çatıb ki, əgər mümkün olsa yeni komanda sıradan müəllimi də təzəsi ilə əvəzləyər. Məlumatlarda deyilir ki, universitetin maliyyə və mühasibatlıq departamentinin baş mühasibi Nəsimi İsmayılovla bağlıdır. Məhz qısa zamanda bu şəxsin əli ilə küllü miqdarda vəsaitin müxtəlif adlarla “buxarlanması” haqqında məlumatlar dolanır. Bu sıraya isə həm sabiq rektorun zamanından qalıb xərclənməmiş, həm də yeni ayrılmış vəsaitlər daxildir. Əvəzində isə əsas korpusun ehtiyac olmayan bəzi divarları rənglənib. Ən vacib detal isə rəhsil nazirinin müavini Ceyhun Bayramovla İqtisad Universitetinin rektoru Ədalət Muradovun korrupsiya əməliyyatı haqdadır. Nazir müavini ilə rektor İqtisad Universitetində ödənişli təhsildən əldə edilən vəsaiti qaranlıq məqsədlərə sərf ediblər. Məbləğ isə heç də kiçik deyil: 25 milyon manat. Bu vəsaitin hara sərf edildiyi bəlli deyil. Bəlli olan odur ki, 25 milyon manat vəsait yoxdur. Ceyhun Bayramovun Maliyyə Nazirliyində mühüm postlardan birini tutan qardaşı Azər Bayramovun yardımı nəticəsində bu pulun guya təyinatı üzrə xərcləndiyi barədə sənədlər hazırlanıb. Azər Bayramov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Elşad İsgəndərovun qaynıdır. Elşad İsgəndərov "nurçu qalmaqalı"na görə tutduğu vəzifədən azad edilib.

Bəzi iddialara görə, Azər Bayramovla qardaşı Ceyhun Bayramov da Azərbaycandakı "gülənçi şəbəkə" ilə əlaqəlidir. Bu xüsusda məlumatlarda bildirilir ki, Ədalət Muradov rektor təyin olunandan sonra “maddi yardım” adı altında universitetin rəhbər vəzifəli işçilərinə “paket” sistemi ilə aylıq ödənişlər həyata keçirməyə başlayıb. Amma o da həqiqətdir ki, ADİU-də rüşvət yığılmasına hazırda prorektor Damət Bağırov və Tədris metodiki mərkəzinin direktoru Eldar Azadov rəhbərlik edir. Onlar ADİU-nin Dərbənd filialından universitetə köçürülmə və sonrakı mərhələdə tələbələrdən hər fənn üzrə fərq imtahanı üçün 800 manat alır. Damət Bağırov və Eldar Azadov bu işdən kifayət qədər mənfəət götürür. Dərbənd filialından ADİU-nə köçürülmə 30-35 min manata başa gəlirsə, sonradan tələbə 15-20 fərq imtahanının hər birinə 800 manat verməli olur. İl ərzində isə 60-70 tələbə Dərbənd filialından ADİU-ya köçürülür. Ümumilikdə, Ə.Muradov nəinki ona göstərilən etimadı doğrultmayıb, hətta universitetin fəaliyyətini çıxılmaz dalana salıb. Ədalət Muradovun İqtisad Universitetinə təyin olunmasından ötən bir il ərzində adıçəkilən təhsil ocağı kifayət qədər geriləyib. İstər maddi-texniki baza, istər təhsilin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, istərsə də rüşvətxorluq iddiaları ilə bağlı müraciətlər ötən müddət ərzində nəzərəçarpacaq dərəcədə çoxalıb. Rektor təyinatından dərhal sonra “kadr islahatlarına” başlayan Ə. Muradov özünə yaxın şəxsləri rəhbər postlara yerləşdirməklə tam nəzarəti ələ alıb.

2014-cü ilin martından universitetə rəhbərlik edən Ədalət Muradov təhsil müəssisəsində ötən müddət ərzində elmin inkişafı istiqamətində elə də ciddi irəliləyişə nail ola bilməsə də, rüşvətin, korrupsiyanın çiçəklənməsi sahəsində “mühüm nailiyyətlər” əldə edilib. Beynəlxalq iqtisadi münasibətlər (BİM), İqtisadiyyat və sənaye, Kommersiya, Maliyyə fakültələrində tələbələrdən yay semestr imtahanlarının qaydaya qoyulması üçün 1000-1500 manat civarında rüşvət alınması halları bu ilin əsas “göstəricilərindəndir”. Xüsusilə Ədalət Muradovun belə geniş “fəaliyyət” göstərməsində onun Təhsil Nazirinin müavini Ceyhun Bayramovla yaxın münasibətlərinin mühüm rol oynadığı

bildirilir. Ədalət Muradov təhsil nazirinin yaxın çevrəsinə aid edilsə də, onun daha çox nazirin müavini Ceyhun Bayramovun təsiri altında olduğu deyilir. Bu il ödənişli təhsil sektorundan İqtisad Unversitetinin hesabına daxil olmuş 25 milyon manatın aqibətindən xəbər yoxdur. Əvəzində isə bu vəsaitin təyinatı üzrə xərcləndiyinin iddiasını qılan möhürlü sənəd və aktlar tapa bilərsiniz. Bütün bunların günahını yalnız rektorda axtarmaq sadəlövhlük olardı.

Rektorun Maliyyə Nazirliyindəki "çətiri" Azər Bayramov və qardaşı Ceyhunun “xeyir-duası” ilə bütün bu əməliyyatları gerçəkləşdirdiyi bildirilir. Qeyd edək ki, yeni dərs ilinin başlanması yenidən bu təhsil “sistemi”ndə olan nöqsanları gündəmə gətirib. Uzun illər boyu dövlətin bu sahəyə milyardlarla vəsait yatırmasına, islahat proqramlarının qəbul edilməsinə baxmayaraq hələ də həlli vacib olan problemlər qalmaqdadır. Bəzi ali təhsil ocaqlarının rektorları müqəddəs elm ocaqlarını gözdən salan əməllərlə məşğul olur, korrupsioner fəaliyyətləri ilə elmin və təhsilin inkişafına sağalmaz yaralar vururlar. Təsadüfi deyil ki, Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev müşavirələrin birində ölkədə savadlı kadrların çatışmazlığından danışmış, tənqidi fikirlər səsləndirmişdi. Nazirliyin yüksək çinli məmurları daha bir saxtakarlığa əl atmışdılar. Belə ki, Təhsil Nazirliyində elə kadrlar var ki, təhsil sektoruna gətirdikləri “yeniliklərlə”, əməlli-başlı inqilabi dəyişikliklərə imza atmaq olar. Düzdür, belə dəyişikliklər olur, ancaq burada inqilabdan- zaddan söhbət açmağa dəyməz. Uzaq başı bir neçə məktəb direktoru vəzifədən çıxarılır ki, bunu da böyük islahat kimi bizlərə sırıyırlar. Məktəb direktoru demişkən, nazirlikdə bunun da yeni priyomunu tapıblar. Özü də bu yeni direktor təyin etmə üsulunun müəllifi Mikayıl müəllimin əvəzedilməz kadrı, sağ əli olan Elnur Əliyevdir. Elnur Əliyevi Bakı məktəbləri, xüsusən də məktəb direktorları yaxşı tanıyırlar. Çünki, Bakı şəhər Təhsil İdarəsində müdir əvəzi işlədiyi vaxtlarda etdiyi əməllər hələ də yaddaşlardan silinməyib.

Daha sonra isə Gəncənin icra başçısı ilə olan münaqişəsi E. Əliyevi bir qədər gündəmdə saxladı. O öz işini şəxsi maraq və intiriqalar üzərində qurdu, prinsipial olmağa çalışdı, bacarmadı. Eqoizm prinsiplərini üstün tutdu. Onun bu kimi “saymaz məhsulliyyətsiz əməlləri” nəinki aşağı hətta yuxari dairələri də narahat etməyə başladı. Bu kimi əməllər təhsildə onun qələmini tam qırıb atmasa da demək olarki sonunu gətirdi. Lakin son anda yenədə dadına Mikayıl Cabbarov çatdı. Ancaq, yarıtmaz fəaliyyəti ilə diqqətə gələn Elnur Əliyevin səlahiyyətlərinin alınması barədə göstəriş olsa da Mikayıl Cabbarov onu öz “kölgəsində” qoruyub saxlayır. Bu “kölgədə” isə çox maraqlı əməllər baş verir. Elnur Əliyevin Azərbaycan təhsil sisteminə gətirdiyi növbəti “yeniliklərdən” biri kadr dəyişikliklərinin yeni metodunu kəşf etməsidir. Buna el arasında “aldım, aldatdım” üsulu da deyirlər. Belə ki, E. Əliyev Bakı şəhəri 286 saylı tam orta məktəbin direktor müavini olan Mirvari xanıma təklif edib ki, o, öz hesabına məktəbi təmir etdirsin və bunun əvəzində də məktəbin direktoru təyin ediləcək. Mirvari xanım isə 30 min manatdan çox pul sərf edərək məktəbin bütün pərdələrini, kanalizasiya sistemini, sinif otaqlarının əksəriyyətini əsaslı təmir etdirib. Ancaq əsl həngamə də elə bundan sonra başlayıb. Belə ki, Elnur Əliyevin vəd etdiyi direktor vəzifəsinə tamam başqa bir adam-129 saylı məktəbin direktoru gətirilib. Əslən Cəbrayıl rayonundan olan yeni direktorun yerinə isə Cəbrayıl rayon icra hakimiyyətinin başçısının qızı təyin olunub. Yəni sadəcə əslən Cəbrayıl rayonundan olan direktorların yerdəyişməsi baş verib.

Arada isə Mirvari xanımın 30 mindən çox pulu məktəbin təmirinə sərf edilib. Maraqlıdır ki, bütün bu “direktor dəyişmə” əməliyyatında adı keçən kadrların hamısı Cəbrayıl rayonundandır. Belə

düşünmək olar ki, Təhsil Nazirliyində kadr dəyişikliklərinin aparılmasında “Cəbrayıl faktoru” mühüm rol oynayır. Belə olmasaydı Elnur Əliyev və havadarları birinin pulunu xərclətdirib digərlərinə vəzifə verməzdilər. Ümumiyyətlə isə belə kadr dəyişmə “üsulunun” Azərbaycan təhsilinə vurduğu zərbələrə görə kimin məsuliyyət daşıyacağı məlum deyil.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net