“Məhkəmə adlı bu kolxoz bazarına nə vaxt son qoyulacaq?”
Tarix: 14-10-2015, 09:43 | Çap et
“Məhkəmə adlı bu kolxoz bazarına nə vaxt son qoyulacaq?”
“Diplomat” qəzetinin baş redaktoru Tahir Süleyman oğlu Əliyev bəzi hakimlərin özbaşınalığından ədliyyə naziri cənab Fikrət Fərrux oğlu Məmmədova şikayət edib.
Vertikal.az şikayətin mətnini olduğu kimi təqdim edir:
“Azərbaycan Respublikasının konstitusiyasında və məhkəmə hüquq qanunçuluğunda saxta sənədin saxtası ilə işə baxılmamalıdır. Əksinə saxta sənədə görə cinayət işi açılmalıdır.
Lakin bəzi hakimlər məhkəməni kolxoz bazarına çeviriblər. Hörmətli nazir, buna bir son qoyulacaqmı?
Bildirirəm ki, mən ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Xəzər rayon Məhkəməsinə ilkin iddia üzrə cavabdehlər Babayev Nəsrəddin Xəlil oğluna və Babayeva Südabə Məmməd qızına qarşı “Saxta sənədlə və saxta sənədin saxtası ilə zəbt etdiyi torpaq sahəmdən çıxarılma, torpaq sahəsinin qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair ilkin iddia üzrə, ilkin iddia üzrə cavabdeh Babayeva Südabə Məmməd qızı isə mənə qarşı, saxta sənədlə“Maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişik.
Cənab nazir, saxta sənədlə iddia ərizəsi qəbul oluna bilərmi?
Baxmayaraq ki, qarşı tərəfin cizgi sxemi iki dəfə saxtalaşdırılaraq 9 saylı notariat kontoru tərəfindən saxta sənədin üzü təsdiq edilərək məhkəməyə təqdim edilmişdir.
Hər halda Azərbaycan Respublikasının məhkəmə qanunçuluğunda heç kimə qarşı saxta sənədlə qarşılıqlı iddia qaldırıla bilməz. Və qanunu bilən savadlı hakim buna yol verməz.
Bu Azərbaycan Respublikasının Konstitusiyasına əsasən yolverilməzdir. Xəzər Rayon məhkəməsinin hakimi Rəşad Həsənovla sahəyə baxış keçiriləndə, mən ərazinin ölçülməsini, hansımızın yerinə uyğun gəldiyini və yerindəcə protokol tərtib etməsini tələb etsəm də yazılı vəsatət versəm də vəsatətim təmin edilmədi.
Beş qonşu bilir ki, o yer mənə aiddir, şahid kimi qonşuların dindirilməsi üçün bir daha yazılı vəsatət versəm də yenə vəsatətim hakim Rəşad Həsənov tərəfindən təmin olunmadı.
Hakim Rəşad Həsənovdan məhkəmə zamanı, notariat kontorunda təsdiq edilmiş saxta sənədin əslini tələb edərək, yazılı vəsatət versəm də verdiyim vəsatət yenə təmin olunmadı.
Niyə? Çünki mənə aid olan və məhkəmənin sorğusuna cavab olaraq, Maştağa Bələdiyəsi mənə aid cizgi sxeminin təsdiq edilmiş surətini hakimə göndərmişdir və həmin yerin 25×40 metr olduğu göstərilmişdir. “Qarşı tərəfin cizgisinin Maştağa Bələdiyyəsinin arxivində olmadığı üçün, onun verilməsi qeyri-mümkündür” cavabı verilmişdir.
Saxta sənəddə qarşı tərəfin cizgisindəki ölçü 20×50 metrdir və 6 m yol göstərilir ki, o yerdə o, ölçüdə yer yoxdur. O yerə verilən yerlərin cizgi sxemlərinin hamısı 25×40 metrin üzərindədir. Mənə aid olan yerdən 16 metr uzun, 5 metr ensizdir.
Hakimə yenə yazılı vəsatət verərək tələb etdim ki, bunların sənədlərinin əsli özlərində də yoxdur, Maştağa Bələdiyyəsinin arxivində də. Xahiş edirəm qərar verəsiniz hüquq mühafizə orqanları saxta sənədlə bağlı işi araşdırsınlar. 9 saylı notariat kontoru saxta sənədi necə təsdiq edib? Bu məsələlərə aydınlıq gətirilsin. Yenə vəsatətim təmin olunmadı. Hakim Rəşad Həsənovun birtərəfli mövqeyini görüb 13.02.2015-ci il tarixində Xəzər rayon Məhkəməsinin sədri İlqar Qaralova ərizə ilə HAKİMƏ ETİRAZ edərək dəyişdirilməsinə müraciət etdim. Lakin Müraciətim təmin olunmadı. Bütün bu verdiyim vəsatətlərin heç bir əhəmiyyəti olmadı və sonda hakim qərar çıxardı: “Ərazi Xəzər Rayon İnzibati ərazisi olduğu üçün, Sabunçu rayon Maştağa Bələdiyyəsinin sizə verdiyi sənədlər qanunsuzdur.”
Cənablar, bu ərazilər Ermənistanın ya İranın ərazi deyil! Axı bu ərazilər Azərbaycan torpaqlarıdır. Vətəndaş nə etsin ki, hansı səhlənkar bələdiyyə işçisi bölgünü düzgün aparmayıb? Buna baxmayaraq mən 5 il mənə aid torpağın vergisini Buzovna bələdiyyəsinə də ödəmi­şəm.
Həmin an mən hakimə sualla bildirdim: “Sizin gördüyünüz o ərazidə təxminən 600 – dən artıq ev tikilib, bir qəsəbə salınıb. Həqiqətən qanunsuzdursa qərar verin qoy Respublika Prokurorluğu araşdırsın. İkinci bir tərəfdən, əgər bu ərazi Xəzər rayon inzibati ərazisidirsə Xəzər Rayon İcra Hakimiyyəti və Xəzər Rayon Polis idarəsi hara baxırdılar ki, onların ərazisində Maştağa Bələdiyyəsinin saxta sənədi ilə böyük bir qəsəbə salınıb. Qərar verin araşdırılsın!”
Hakimin cavabı: ”Qərarı mən verirəm, get kimə istəyirsən şikayət et”.
Rayon məhkəməsinin qərəzli və sifarişli qətnaməsindən Apellyasiya Məhkəməsinə şikayət etdim.
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 20 may 2015-ci il tarixdə hakim Namiq Cəfərov (sədrlik edən), Cəmilə Səfiyeva və Vüqar Həsənovdan ibarət tərkibdə, Arzu İsmayılovanın katibliyi ilə keçirilən məhkəmədə heç nəyə baxılmadan, mənim dediklərimə əhəmiyyət verilmədən, saxta sənədə, saxta sənədin saxtasına və bu saxta sənədin 9 saylı notariat kontorunda təsdiq olunmasına əhəmiyyət verilmədən “kolxoz bazarı” kimi Xəzər rayon Məhkəməsinin qərarı qüvvədə saxlanıldı!
Və hər iki məhkəmə də mənim sualıma “Ürəyin hara istəyir şikayət et” cavabı verdilər.
Çox hörmətli cənab nazir, mən də bir Azərbaycan vətəndaşı olaraq, bir neçə dəfə Ulu Öndər Böyük Heydər Əliyevlə görüşən və Azərbaycanımızın quruculuğunda azdan-coxdan əməyi olan, dövlətçiliyimizə və çox hörmətli Prezidentimizin siyasətini dəstəkləyərək Azərbaycanımıza sadiq bir vətəndaş kimi müraciət edərək, soruşuram:” Mənim kimi bir vətəndaş bu qədər haqsızlıqlarla üzləşirsə, görəsən bu yazıq – yuzuğun halı necə olacaq?” Məncə belə məmurların cəzası vaxtında verilsə Xalq sizə minnətdar və duaçı olar”.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net