Heydər Əsədov “Kənd təsərrüfatı ili”ni 1800 manatla malalamaq istəyir...
Tarix: 8-10-2015, 09:16 |
Çap et
Sentyabrın 30-da Kənd Təsərrüfatı Nazirliyinin 2015- ci ilin Azərbaycan Respublikasında “Kənd Təsərrüfatı ili” elan edilməsini əsas tutaraq “Kənd təsərrüfatı sahəsində ən yaxşı məqalələrin müsabiqəsinin keçirilməsi və qalib jurnalistlərin mükafatlandırılması” məqsədi ilə “Aqrar sahə: yeni inkişaf mərhələsində” mövzusunda müsabiqə elan etdiyi barədə xəbər əslində bu sahənin mütəxəssisləri və müsabiqəyə həvəsləndirilən media cameəsi üçün cəlbedici olmalıydı.
Amma nədənsə hamı bu məsələnin üzərindən sükutla keçdi. Halbuki nazirlik müsabiqədə qalib gələcək nominantlara rüsvayçı məbləğlərlə ifadə olunan mükafat vəd vermişdi və əslində yaman günə qoyduqları "Kənd təsərrüfatı ili"nin nəticələriylə səsləşən aşağı məbləğlər elan edilmişdi. Amma sonradan nazirliik bu məbləği təxminən iki dəfə artıraraq aşağıdakı rəqəmlərlə dəyişdirdi:
Birinci yer – 2 nəfər, hər biri 500 manat;
İkinci yer – 2 nəfər, hər biri 250 manat;
Üçüncü yer – 2 nəfər, hər biri 150 manat;
Həvəsləndirici diplom (və ya hədiyyə).
Buradan da belə nəticəyə gəlmək mümkündür ki, Kənd Təsərrüfatı Nazirliyi artıq günahlarını dolayısı ilə etiraf edir və bu ilin ölkə pambıqçılığının iflası ili kimi tarixə düşəcəyi ilə barışıb. Üstəlik, cəmisi 1800 manatlıq mükafat fondu olan bir müsabiqə ilə qəbahətlərini malalamaq niyyəti güdürlər. Amma keçməz, qəpik quruşa möhtac qoyduqları ölkə fermerlərinin ah - naləsini beş - üç qəpiklə ört - basdır etmək nazir Heydər Əsədova və onun komandasına müyəssər olmayacaq...
Vertikal.az