Şamaxıda məhv edilən tariximiz- Biabırçılıq...
Tarix: 15-09-2015, 08:56 | Çap et
Şamaxıda məhv edilən tariximiz- Biabırçılıq...
Azərbaycanın qədim tarixini özündə yaşadan mədəniyyət mərkəzlərimizdən olan Şamaxı, demək olar ki, tarixi abidələrinə görə bir çox regionlarımızdan fərqlənir. Qədim Alban mədəniyyətini, eləcə də Şirvanşahlar dövrünün abidələrini bu günümüzə qədər qoruyub saxlayan bu mədəniyyət beşiyimizdə hər addımbaşı müxtəlif dövrlərin canlı tarixinə rast gəlir, çox təəssüf ki, onların bəzilərinin uçulub-dağıldığının şahidi oluruq. Dövlət başçısının tarixi abidələrin qorunması ilə bağlı verdiyi fərmana əsasən, Mədəniyyət və Turizm Nazirliyində şöbə yaradılmış, onlar bu abidələrin qorunması üçün dövlətdən vəsait də xərcləyiblər. Bu barədə uzun-uzadı söhbət açmaq olar, amma...

Şamaxı rayonunun Mədrəsə qəsəbəsindəki qədim Alban abidəsi bütün arnamentlərinə görə mədəniyyətimizin tərkib hissəsi olduğunu bu gün də qoruyub saxlaya bilmişdir. Vaxtilə bu qəsəbədə yaşayan ermənilər abidəyə əl gəzdirərək onu özününküləşdirmək üçün müxtəlif dəyişiklik etmiş, Abidənin fasadında tarixi saxtalaşdırmışlar. Bu abidə mənim yaşayış evimə yaxın olduğundan, demək olar ki, oraya gələn əcnəbi turistlərlə söhbət edərək, abidənin bizə məxsus olduğunu anlatsam da, fasaddakı dəyişikliklər dediklərimi bəzən alt-üst edir. Təbii ki, bu, turistlərin hansı məqsədlə gəldiklərini və bunu öz ölkələrində necə təqdim edəcəkləri öz qənaətlərindən asılıdır. Ancaq acınacaqlısı odur ki, 10 ildən çoxdur bu barədə döymədiyim qapı, yamadığım aidiyyəti qurumlar qalmayıb. Abidəyə sahib duran tapılmır ki, tapılmır.

Şamaxıda məhv edilən tariximiz- Biabırçılıq...

Buna görə də uçub dağılan abidənin sahibsizliyini görən qonşular onun ətrafını zəbt edib, ot çardaqları, mal tövlələri və digər məqsədlər üçün tikintilər aparırlar. Təəssüflər olsun ki, bu barədə də dəfələrlə yerli icra nümayəndəsinə, bələdiyyə qurumuna yazılı məlumat versəm də, hamısı məsuliyyəti öz üzərindən atır. Nəhayət, 27 iyul 2015-ci il tarixdə Mədəniyyət və Turizm Nazirliyinə məktubla müraciət etdim. Təəssüflər olsun ki, oradan da yarıtmaz cavab aldım.
Nazirlikdən göndərilən məktubu olduğu kimi təqdim edirəm: «Məlumat üçün bildiririk ki, müraciətinizdə qeyd olunan Mədrəsə qəsəbəsinin ərazisində yerləşən Alban məbədi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş daşınmaz tarix-mədəniyyət abidələrinin Dövlət Siyahısında qeydə alınmadığından onun mühafizə tədbirləri yerli icra hakimiyyəti orqanları tərəfindən aparılır.
Nəzərə almağınızı xahiş edirik.
Qoruqlarla iş, tarix mədəniyyət abidələrininmonitorinqi və təbliği sektorunun müdiri; K.Cəfərova».
Qəsəbə icra nümayəndəsi isə yazır: «Qəsəbə nümayəndəliyi bildirir ki, qədim Alban məbədi bələdiyyənin balansındadır. Ərazinin sərhədləri dəqiqləşdirilmədiyinə görə oranın qonşular tərəfindən zəbt olunduğunu biz müəyyən edə bilmərik. Bu barədə aidiyyəti qurumlara müraciətlər ünvanlamışıq».
Qəsəbə bələdiyyəsi də təxminən eyni məzmunlu məktub göndərərək, Abidənin ərazisində qeyri-qanuni tikintinin aparıldığını təsdiq etməklə, onlar barəsində sakinlərə xəbərdarlıq edildiyini bildirir.
Lakin bütün bu ötür-ötür oyunu bu tarixi abidənin ortalıqda qalmasına və günü-gündən uçulub dağılmasına səbəb olmaqdadır.

Şamaxıda məhv edilən tariximiz- Biabırçılıq...

Təəssüf doğuran hal ondan ibarətdir ki, 2001-ci ildəki siyahıyaalmaya düşməyən abidəni, görəsən, siyahıya almaq bu qədərmi çətin məsələdi?! Nəyə görə ermənilərin saxtalaşdırdığı abidəni biz bu gün o görkəmdə saxlayırıq? Axı bu, gələcəkdə bizə baha başa gələcək. Hesab edirəm ki, tariximizin bir parçasına olan bu laqeydlikdən dövlət başçısı cənab İlham Əliyevin, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xəbəri yoxdur. Əgər olsaydı, əminəm ki, YUNESKO-nun maddi mədəniyyət siyahısında olan bu abidənin bu vəziyyətə salınmasını qəbul etməzdilər. Azərbaycanın tarixini, mədəniyyətini, qədim ənənələrini dünyada təblğ edən birinci xanımımız, yəqin ki, bu barədə öz qərarını verəcək.

A.Dönməz,
Şamaxı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net