Buzovna internat evinin halına heç də qol götürüb oynanılası deyil...
Tarix: 5-08-2015, 09:37 | Çap et
Buzovna internat evinin halına heç də qol götürüb oynanılası deyil...
Qəzetimizin 31.07.2015-ci il tarixli sayında “Buzovna internat evinin sakini təhlükəsizliyinə zəmanət istədi” sərlövhəli material dərc olunmuşdu. Həmin materialda, Buzovna qəsəbəsində yerləşən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ruhi-əsəb internat evinin sakinlərindən biri olan Arzu Ağayevanın redaksiyamıza təqdim etdiyi çoxsaylı faktlar əsasında hazırlanmış ittihamlar öz əksini tapmışdı. İlk növbədə qeyd edək ki, əldə etdiyimiz məlumata görə, müəssisənin ruhi-əsəb internat evi adlandırılmasına rəğmən, burada müalicə alan xəstələrin böyük əksəriyyəti müxtəlif xəstəliklərdən əziyyət çəkən, əlillikləri olan, lakin psixi durumları normal insanlardır. Etiraf edək ki, şikayətçinin öz ərizəsində göstərdiyi hallar bu müəssisədə vəziyyətin həqiqətən də dözülməz bir duruma gəldiyindən xəbər verir. Hətta bəzi məqamlarda, bizim şikayətçinin səmimiliyinə və dürüstlüyünə inanmamaq üçün heç bir əsasımız olmasa belə, irəli sürülən ittihamlarda bir qədər mübaliğələrə yol verildiyini də düşünürdük. Halbuki, bu müəssisəyə Rəhimə xanımın direktor təyin olunmasından sonra internat evində yaranmış acınacaqlı durum barədə göz yaşlarını boğaraq açıqlama verən Arzu Ağayeva, oraya qayıtdıqdan sonra rəhbərlik tərəfindən ciddi cəzalandırıla biləcəyindən qorxduğunu da gizlətmirdi. Biz isə ümid edirdik ki, material dərc olunandan sonra, ən azından Rəhimə xanım bizimlə əlaqə saxlayaraq barəsində deyilənləri təkzib edəcək və bəlkə də, məsələyə aydınlıq gətirilməsi üçün birgə araşdırma aparılması təklifini də irəli sürəcək. Lakin müəssisə rəhbərliyindən dərc olunmuş materiala heç bir reaksiya gəlmədi. Buna görə də suallarımızı vermək üçün özümüz Rəhimə xanımla əlaqə saxlamaq istədik. İlk cəhdimiz baş tutmasa da, sonradan Rəhimə xanım təkrar redaksiyamıza zəng vurdu. Lakin baş tutmuş söhbəti heç cür konstruktiv dialoq adlandırmaq olmaz. Hirsli danışıq tərzi və ittihamedici intonasiyası ilə, bir də “niyə mənə zəng vurmusuz?” və “nə istəyirsiz?” kimi suallarla təbii ki, heç bir dialoqa nail olmaq olmaz. Amma hər halda bu söhbətdən sonra Arzu Ağayevanın dediklərinin həqiqət olduğuna daha çox inandıq. Buna görə də telefon vasitəsilə deməyə imkan tapmadıqlarımızı qəzetimiz vasitəsilə Rəhimə xanıma çatdırmağı özümüzə borc bilirik.Rəhimə xanım, unutmayın ki, rəhbərlik etdiyiniz müəssisəni sizə şəxsi istifadə üçün verməyiblər. Hətta bunu oradakı insanlara qayğı göstərməyiniz üçün də etməyiblər. Çünki o insanların şəxsən sizdən umacaqları heç nə yoxdur. Yetər ki, siz vəzifənizi doğru-düzgün icra edib, dövlətimizin qayğısını onlara çatdırın. Bir də siz kimsəsiz kəlməsini sahibsiz ifadəsilə qarışıq salmayın. Rəhbərlik etdiyiniz internat evinin sakinləri ailə və qohumluq bağları xüsusunda kimsəsiz ola bilərlər. Lakin onların hər birinin arxasında Azərbaycan dövləti durur! Və orada yol verdiyiniz irili-xırdalı hər bir özbaşınalığa görə siz mütləq bu dövlətin qanunları qarşısında cavab verəcəksiniz!Sonda bir daha Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyinə və aidiyyatı olan bütün dövlət qurumlarına müraciət edirik. Xahiş edirik ki, Buzovna internat evinin fəaliyyəti dərhal bütün ciddiliyi ilə təftiş olunsun. Həmçinin təklif edirik ki, aparılacaq araşdırmalara hüquq müdafiəçiləri və media nümayəndələri də cəlb olunsunlar. Ümid edirik ki, ilk növbədə cənab Səlim Müslümov bizim bu çağırışımızı diqqətə alacaq və Buzovna internat evinin rəhbərliyinə qarşı müəssisənin sakinləri tərəfindən irəli sürülmüş ittihamların obyektiv araşdırılması üçün bütün lazımi tədbirləri görəcəkdir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net