Şakir Musayevin işçisi töycü yığır
Tarix: 27-07-2015, 09:45 | Çap et
Şakir Musayevin işçisi töycü yığır
Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin fəaliyyətində kifayət qədər boşluqlar və nöqsanlar mövcuddur. Bura müraciət edən vətəndaşların bir çoxu təsdiqləyə bilər ki, qurumun əməkdaşları, məsul şəxsləri, o cümlədən direktor Şakir Musayev insanları süni əngəllərlə təngə gətirir, onları əlavə problemlərlə qarşı-qarşıya qoyurlar. Birliyin yerli şöbələrində ekspertiza işləri əksər hallarda formal xarakterli olur. Bütün bunların hamısı Şakir Musayevin rəhbəri olduğu qurumun, onun bir sıra işçilərinin adına yazılan mənfi faktorlardır. Məlumat üçün bildirək ki, Azərbaycanda məhkəmə ekspertiza fəaliyyəti "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında" 18 noyabr 1999-cu il tarixli Qanunla, eləcə də Cinayət Prosessual Məcəlləsinin müvafiq müddəaları və digər normativ-hüquqi sənədlərlə tənzimlənir. Qanunda birbaşa göstərilir ki, məhkəmə ekspertizası fəaliyyəti müvafiq icra hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarəsi tərəfindən həyata keçirilir. Məhkəmə-tibbi ekspertizası sahəsində isə bu fəaliyyət Səhiyyə Nazirliyinin nəzdində olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən aparılır. Qanuna əsasən Şakir Musayevin baş direktoru olduğu birliyin ekspertlərinin hüquq-mühafizə orqanlarından hər hansı bir asılılığı və tabeçiliyi yoxdur. Müstəqil ekspertiza fəaliyyətinə isə qanunvericilik icazə vermir. Hətta ekspertə özəl fəaliyyət göstərmək qadağandır. Həmin qanunda göstərilib ki, ekspert başqa idarənin əməkdaşı qismində, həmçinin, özəl ekspert kimi məhkəmə ekspertiza fəaliyyətini həyata keçirə bilməz. Sirr deyil ki, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi bu gün bir çoxlarının, əsasən də məmurların, iş adamlarının və onların övladlarının problemlərini "özünəməxsus" tərzdə həll etməklə yanaşı, kimlərəsə külli miqdarda gəlir gətirir. Özü də bu hallar birliyin əksər şöbələrində müşahidə edilməkdədir. Şakir Musayevə tabe olan şöbə müdirlərinin bir çoxu işlərini şəffaf şəkildə qurmurlar və saxta ekspert rəyi verməklə qanunun qüvvədən düşməsinə şərait yaradırlar. Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsində də ardı-arası kəsilmək bilməyən problemlər, neqativ hallar yaşanır. Şöbənin eksperti Asif Həziyev bu sahədə keçərli olan qanunlara söykənmək, hüquq normalarına istinad etmək əvəzinə, öz maraqlarının yerinə yetirilməsindən ötrü çalışır. Buna görə əksər hallarda haqqı nahaqqa qurban verir. O bu günlərdə AXCP sədri Əli Kərimliyə xüsusi simpatiyası olan vəkil Adəm Məmmədovun müdafiəsinə yönələn rəy verib. Adətən həkimlər, səhiyyə işçİləri hansısa qərarı verərkən çox diqqətli olur, tərəflərin narazı qalmamasına çalışırlar. Asif Həziyev isə ekspertiza rəyi verərkən ancaq öz bildiyi "qaydalara" istinad edir. Halbuki, sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası qaydalarının I bölməsində göstərilir ki, tibbi nöqteyi-nəzərdən sağlamlığa zərərvurma ya bədən xəsarəti, yəni xarici mühit amillərinin (mexaniki, fiziki, kimyəvi, bioloji, psixi) təsiri nəticəsində üzv və toxumaların anatomik tamlığının, yaxud fizioloji funksiyalarının pozulması, ya da xəstələnmə və patoloji hal kimi başa düşülməlidir. Sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası təhqiqat aparan şəxsin, müstəntiqin, prokurorun qərarı və məhkəmənin qərardadı əsasında keçirilir. Sağlamlığa zərərvurmanın məhkəmə-tibbi ekspertizası keçirildikdə "Ekspert rəyi", məhkəmə-tibbi müayinəsi keçirildikdə isə "Məhkəmə-tibbi müayinə aktı" tərtib olunur. Qəribədir ki, Şakir Musayevin işçisi rəy verərkən qanunvericilikdə nəzərdə tutulan halları nəzərə almayıb. Yəqin hasarın dibində aldığı "şirinlik" ona işini şəffaf görməyə maneçilik törədir. Deyilənə görə, hasarın dibi Həziyev üçün ən münasib yerdir və o "hədiyyə"ləri çox vaxt burda qəbul edir. Əgər kimsə kimisə vurubsa, o zaman şöbənin müdiri döyən tərəfin xeyrinə qərar çıxarır. Çünki döyən tərəfin əli həmişə cibində olur. Yaxud kimsə başqasını şərləmək, böhtan atmaq istəyirsə, yenə də həkim ekspert rəyindən ötrü bir qədər xərcə düşməlidir. Spirtli içki içən, sərxoş vəziyyətdə yol polisinə yaxalanan və qəza törədən sürücülər də "təmizlik" arayışını məhz bu yolla əldə edə bilirlər. Bundan başqa, deyilənə görə, əgər Asif Həziyevin kitabı yoxlansa, onun bura saldığı rəylə xəsarət alan şəxslərin durumunun üst-üstə düşməməsi ortalığa çıxar. Şakir Musayev və digər əlaqədar şəxslər bizə inanmırlarsa, adıçəkilən ekspertin fəaliyyətini araşdıra bilərlər. Birliyin direktoru həmçinin bilməlidir ki, Yasamal rayon şöbəsində 5 manat töycü yığılır. Asif Həziyev deyir ki, gedin qıza 5 manat verin ekspert rəyini kitaba salsın. Sual edirik: qanunvericilikdə rəylərin kitaba yazılmasının qarşılığının 5 manat olması harda göstərilib? Bu, onun öz icadıdır. Təbii ki, A.Həziyevin tətbiq etdiyi "qaydalar" Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsinin fəaliyyətini bərbad hala salmaqla yanaşı, bura müraciət edən əksər vətəndaşların da narazılığı ilə qarşılanır. Biz Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevdən və Şakir Musayevdən Asif Həziyevin fəaliyyətini yoxlamalarını xahiş edirik. İnanırıq ki, şəffaf yoxlama aparılsa, adıçəkilən şəxsin həbsi məsələsi gündəmə gələ bilər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net