\
Sabiq kənd təsərrüfatı naziri İsmət Abasov vəzifədən azad edildikdən sonra bu sahədə bir sıra islahatlar həyata keçirildi. Yeni nazir Heydər Əsədov nazirliyə tabe olan bəzi qurumlarda kadr dəyişiklikləri apardı. Bunun nəticəsi olaraq Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) Bakı Şəhər Baytarlıq İdarəsinə Aslan Aslanov rəis təyin edildi.
Çoxları bu təyinatın uğurlu olacağını və ət kəsimi məntəqələrində yaşanan iyrəncliklərin aradan qaldırılacağını düşünürdülər. Lakin görünən odur ki, Aslan Aslanov arxada qalan iki il ərzində ona bəslənən etimadı doğrulda bilməyib. Hər halda iki il az müddət deyil. Bu vaxt ərzində çox böyük işlər həyata keçirmək olardı. İdarə rəisi vəzifəsinə aid olan işləri görmək əvəzinə, daha çox özünü müxtəlif KİV-lərdə təbliğ etdirməklə məşğuldur. Ortada isə heç bir müsbət nəticə yoxdur. Xatırladaq ki, bir neçə gün əvvəl idarə rəhbəri sallaqxanalara nəzarətin gücləndirilməsi ilə bağlı açıqlama verib: "Havaların normadan artıq isti keçəcəyinin proqnozlaşdırıldığı iyul və avqust aylarında Bakıda ət kəsimi və satışının aparıldığı yerlərdə monitorinqlər aparılacaq, bu obyektlərdə baytarlıq nəzarəti gücləndiriləcək. Əslində İdarə Bakıda keçirilən birinci Avropa Oyunları ərəfəsindən gücləndirilmiş iş rejimində işləyir. Paytaxt ərazisində ətin kəsimi və satışının aparıldığı bütün obyektlərdə reydlər keçirilir. Yay mövsümü ilə əlaqədar heyvanların həkim nəzarətindən kənar kəsiminə yol verilməməsi, sanitariya qaydalarının gözlənilməsi, ətin müvafiq sənədlərinin olması, birbaşa gün şüalarından qorunması, üstünün örtülməsi, soyuducuda saxlanması və s. tələblər irəli sürülür". Aslan Aslanovun fikirləri sadəcə söz xətrinə deyilib. Ona görə ki, aparılan araşdırmalar, eləcə də mətbuatda yazılanlar göstərir ki, Bakı Şəhər Baytarlıq İdarəsinin fəaliyyəti ürəkaçan səviyyədə deyil. Mötəbər mənbələrdən aldığımız informasiyaya görə, sözügedən idarə əhalinin qida təhlükəsizliyinin və sağlamlığının qorunması üçün lazımi nəzarət tədbirlərini həyata keçirə bilmir: "Hazırda paytaxtda fəaliyyət göstərən ət kəsimi məntəqələrində acınacaqlı durum yaşanır. Heyvanlar necə gəldi kəsilir, antisanitariya şəraitində təmizlənir və alıcılara təqdim edilir. Əksər sallaqxanalarda it, pişik kimi heyvanlar ətin saxlandığı hissədə gəzir, ət kötüklərinin üzərinə çıxır. Baytar həkimlər bu mənzərələri müşahidə etsələr də, göz yumurlar. Çünki ət dükanlarının sahibləri, qəssablar onlara istədiklərini artıqlaması ilə verirlər. Buna görə də bu sahədə problemlər bitib-tükənmək bilmir. Aslan Aslanov şəhərin bütün qəssabxanalarını və ət bazarını öz nəzarəti altında saxlayır. Onun idarəyə rəis keçməsindən sonra paytaxtdakı ət bazarlarında xəstə heyvan ətinin satışı halları artıb. İdarənin baytar həkimləri ət dükanlarına gündəlik satdıqları ətin sağlam olub-olmaması ilə bağlı arayışlar verir. Əslində, həmin arayışların heç bir əhəmiyyəti yoxdur. O mənada ki, bu arayışlar düzgün tərtib olunmur. Sənəddə ət dükanında mövcud olan neqativ hallar qeyd edilmir və ətin kəsiminə razılıq verilir. Qanuna əsasən, Bakı Şəhər Baytarlıq İdarəsi hər gün satılacaq heyvanın ətindən nümunə götürərək ətin sağlam olub-olmaması haqda rəy bildirməlidir.
Bunun üçünsə Bakıda mərkəzləşdirilmiş sallaqxanalar fəaliyyət göstərməli və qəssablar kəsim işini orda həyata keçirib baytarlıq idarəsindən sağlamlıq arayışı almalıdırlar. Təəssüf ki, bu sahədə vəziyyəti nizama salmaq mümkün deyil. Aslan Aslanov öz bildiyini etdiyi üçün sallaqxanalarda antisanitariya baş alıb gedir". Mənbəmiz deyir ki, idarədə rəis dəyişikliyi baş verəndən sonra təcrübəli kadrların bir neçəsi əsassız olaraq işdən çıxarılıb: "Rəisin peşəkar mütəxəssislərə qarşı sanki allergiyası var. O vəzifəyə keçəndən indiyə kimi bir neçə təcrübəli işçinin çörəyinə bais olub. Onların yerinə isə baytarlıq sahəsində heç bir savadı və təcrübəsi olmayan şəxsləri təyin edib. Bundan başqa, idarədə "ölü can"ların saxlanması barədə iddialar var. Məsələn, Nüşabə İbrahimova adlı qadını göstərmək olar. Onu bu vaxta qədər idarədə görən olmayıb, amma hər ay əməkhaqqı alır. Bir müddət əvvəl rəis Natəvan adlı xanımı özünə katibə götürmüşdü. Sonradan müəyyən ciddi problemlər yaşandı və Aslan Aslanov həmin xanımı Nəsimi bazarına laborant göndərmək məcburiyyətində qaldı. İdarə rəisinin "3-cü mikrorayon bazarı"nda Şahin adlı şəxslə şərikli obyektləri var. O idarənin hesabına qazandığı pulları ancaq öz biznes imkanlarının genişlənməsinə sərf edir. Aslan Aslanovun şəhərin müxtəlif ərazilərində baytarlıq aptekləri var. Artıq bir neçə müddətdir ki, baytarlıq apteklərinə lisenziya vermir. Lisenziyanın qiymətində dəyişiklik edib. Belə ki, xırda apteklərin sahibləri 500, böyük apteklərin sahibləri isə 1000 dəfə onun yanına "gedib-gəlməlidir". Müxtəlif qanunsuzluqlara imza atan idarə rəhbəri paytaxtda bir neçə mənzil alıb. Digər tərəfdən, son model qara rəngli "Toyota Lexus" sürür. Soruşmaq lazımdır ki, evləri, obyektləri və bahalı maşını hansı pullarla alıb". Növbəti sayımızda paytaxtdakı dönərxana və ət kəsimi məntəqələrindən alınan "şirinlik", "Oazis" restoranının yaxınlığındakı ət bazarında gündəlik 150-200 heyvanın kəsildiyi halda, nəyə görə bunun 6-7-sinin pulunun dövlətə keçirilməsi, həmçinin falçılarla əlaqə haqda şok faktları açıqlayacağıq. Bizi izləyin.
Sonda kənd təsərrüfatı naziri Heydər Əsədov və DBNX rəisi Siyalə Rüstəmovaya demək istəyirik ki, belə bir şəxsin vəzifədə qalması gələcəkdə daha böyük problemlərin meydana çıxmasına səbəb ola bilər. Odur ki, Aslan Aslanov dərhal işdən kənarlaşdırılmalıdır.