Şamaxının icra başçısı sahibkarların dizini yerə qoyur...
Tarix: 25-06-2015, 10:18 |
Çap et
Şamaxı rayonunda yeni turizm mövsümünün başlanması ilə sahibkarlar istirahət mərkəzlərində qiymətləri artırmaq məcburiyyətində qalıblar. Redaksiyamıza müraciət edən sahibkarlar deyir ki, mövsüm başlayandan rayona turistlərin gəlişi bir qədər sürətlənib. Lakin ticarətlərinin başladığı bir zamanda icra hakimiyyətindən onlara şifahi xəbərdarlıq göndərilib ki, rayonda iş adamları əlavə olaraq mədəni tədbirlərin keçirilməsi üçün ödəniş etməlidirlər.
Sahibkarlar ilin 10 ayını müştərisiz qaldıqları bir zamanda, cəmi 3 aylıq mövsümdə pul qazanmaq istəyərk ənonlardan pul tələb edirlər. Buna görə də sahibkarlar müştəriləri üçün qiymətləri son 10 gün ərzində iki dəfə artırmalı olublar. Adının çəkilməsini istəməyən istirahət mərkəzlərindən birinin sahibi gundeminfo.az-a deyib ki, əgər bir müddət əvvəl iki nəfərlik katecləri 30 manata icarəyə verirdilərsə, artıq qiyməti 50 manata qədər artırmalı olublar. «Su, işıq, qaz, epidimialogiya mərkəzinin işçiləri və üstəlik də Turizm Nazirliyindən gələn qonaqları «yola salmaq» üçün pullar, həmçinin də vergi müfəttişləri faktiki olaraq işləməmizə imkan vermirlər. Mətbuatda yazırlar ki, turizm şirkətlərində qiymətlər bahadır. Biz qiymətləri aşağı salmaq istəyirik, amma rayon rəhbərliyinə dəfələrlə müraciət etmişik ki, bizə himayə dursunlar, himayə durmaq əvəzinə isə hələ az qala hər gün bizdən mədəni tədbirlərin təşkili üçün xərclərə də pul istəyirlər» deyə həmsöhbətimiz bildirdi.
Qeyd edək ki, bu mövzu ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin də mövqeyini dinləməyə hazırıq.