Möhübbət Heydərovun nöqsanlı əməlləri gün keçdikcə çoxalır
Tarix: 18-06-2015, 11:05 | Çap et
Möhübbət Heydərovun nöqsanlı əməlləri gün keçdikcə çoxalır
Beyləqan Subartezian Quyularının İstismarı İdarəsi və bu idarənin müdiri Möhübbət Heydərovun adı indiyədək bir sıra xoşagəlməz məqamlarda hallandırılıb. Bununla bağlı əldə etdiyimiz informasiyada qeyd olunur ki, Meliorasiya və Su Təsərrüfatı ASC-nin tabeliyində fəaliyyət göstərən adıçəkilən qurum rayon sakinlərinə, əsasən də kənd təsərrüfatı ilə məşğul olan fermerlərə ciddi problemlər yaradır.

Belə ki, Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin qüvvədə olan müvafiq qanunlarla deyil, məhz Möhübbət Heydərov tərəfindən irəli sürülən "şərt"lərlə idarə olunduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, hazırda adıçəkilən idarədə 400-ə yaxın işçi olsa da, onların bir hissəsini "ölü can"lar təşkil edir: "Deyilənlərə görə, Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin müdirinin nöqsanlı əməlləri gün keçdikcə daha da çoxalır. Məhz elə bu səbəbdən də hazırda rayondakı əkin sahələri təhlükə altındadır. Möhübbət Heydərov isə yalnız öz məqsədləri üçün çalışır, idarə etdiyi qurumdan şəxsi mənfəəti üçün istifadə edir. Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin işçiləri isə görməyə borclu olduqları işləri qəsdən ləngidir, yalnız müəyyən "danışıqlar"dan sonra vəzifələrini icra edirlər. Gördükləri işləri isə yarımçıq həyata keçirirlər. Halbuki hər il bu quruma külli miqdarda vəsait ayrılır. Onu da qeyd edim ki, əslən Beyləqan rayonunun 2-ci Şahsevənli kəndindən olan Möhübbət Heydərov qohumlarının, yaxın adamlarının əksəriyyətini, həmçinin həmkəndlilərini Beyləqan Subartezian Quyularının İstismarı İdarəsində işə götürsə də, onların bir çoxu işə çıxmır, lakin dövlətdən əməkhaqlarını alırlar. Bu isə o deməkdir ki, idarə müdiri "ölü can"lar saxlamaqla öz maraqlarını təmin etməyə çalışır".

Əldə etdiyimiz digər məlumatda isə deyilir ki, Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin müdiri rəhbərlik etdiyi qurumun avadanlıqlarını "metallom" kimi satır. Bu barədə redaksiyamızı bilgiləndirən mənbənin iddiasına görə, idarənin maşın mexanizmilərinin təmiri və yanacaqdoldurma məntəqəsindəki dəmir avadanlıqları müxtəlif yollarla mənimsənilib: "Deyilənlərə görə, Möhübbət Heydərov 10 və 25 tonluq yanacaq çənlərini, həmçinin avtomobillərin, motorların təmiri üçün nəzərdə tutulan çardağı maşınlara yükləyərək "metallom" kimi satmağa göndərir. Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinin müdiri dövlət vəsaitlərini qanunsuz olaraq silərək yanacaq çənlərini və çardağın dəmirlərini satmaqla yaxşı qazanc əldə edib". Möhübbət Heydərovun 1994-95-ci illərdə Beyləqan Rayon Təmir Təchizat İdarəsinə rəhbərlik etdiyi zaman külli miqdarda dövlət vəsaitini mənimsədiyinə görə həbs olunduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, o, müəyyən yollara baş vurmaqla bir müddət sonra həbsdən azad olmağı bacarıb: "Həmin hadisədən bir qədər sonra isə Möhübbət Heydərov Beyləqan Subartezian Quyularının İstismarı İdarəsinə müdir təyin olunub. Deyilənlərə görə, hazırda idarənin keçirdiyi tenderlərdə xeyli dövlət vəsaiti təyinatdankənar xərclərə sərf olunur. Bu arada, onu da qeyd edim ki, idarəyə məxsus olan su quyuları ilə yanaşı, transfomatorlar və nasoslar da satışa çıxarılır. Lakin bütün bunlara baxmayaraq, hələ də Möhübbət Heydərova ciddi şəkildə irad tutan olmayıb. Çünki Beyləqan Rayon İcra Hakimiyyətində onun yaxın adamı var. Bundan başqa, o da deyilir ki, Möhübbət Heydərov Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin himayəsinə arxalandığı üçün özünü bu qədər rahat hiss edir".

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Gündəlik Bakı





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net