Yevlaxın polis rəisindən nazirə şok şikayət
Tarix: 17-06-2015, 11:21 |
Çap et
Rayon sakini Süleymanov Maxsud Xası oğlu daxili işlər naziri cənab Ramil Usubova ünvanlı şikayətinin surətini redaksiyamıza göndərib... Aşağıda şikayətçinin cənab daxili işlər naziri R.Usubova ünvanlı məktubunu ixtisarla təqdim edirik:
Çox hörmətli cənab nazir!
Sizin ölkəmizdə cinayətkarlığa, habelə narkomaniya, narkotiklərin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı apardığınız sərt mübarizədən xəbərdar olduğumdan, bir rayon ziyalısı, təəssübkeşi kimi Sizə üz tutur, müraciət edirəm.
Qeyd olunan problemlərin bü günkü vəziyyəti bütün ölkə vətəndaşları kimi, məni də ciddi narahat edir. Yevlax rayonunda bu sahədə vəziyyət xüsusi ilə acınacaqlıdır. Yevlax RPŞ-nin Daxili İşlər Nazirliyinə təqdim etdiyi statistik hesabata görə 01.01.2015-ci il tarixə rayon üzrə şəhər poliklinikasında nəzarətdə olan 323 nəfər narkoloji xəstə, 158 nəfər isə profilaktik nəzarətdə durur. Bu rəqəmlər faktiki vəziyyəti qətiyyən əks etdirmir. Çünki rayonun bütün yaşayış məntəqələrində bəzi şəxslərin himayəsi və təminatı altında fəaliyyət göstərən çoxlu sayda narkotik satanlar vardır. Mən bunu məsuliyyətimlə deyirəm. Təəssüflər olsun ki, bunların sırasında polis əməkdaşları da vardır. Rayon Polis Şöbəsində bu təhlükəli cinayətkarlıq növü ilə mübarizə aparmaq əvəzinə əməkdaşlar arasında tutduğu vəzifəyə və rütbəyə görə bu “gəlirli biznesdə” pay sahibi olmaq və nüfuz dairəsi uğrunda əsl kompromat savaşı və “qara PR” kampaniyası şiddətlənərək artıq açıq müstəviyə keçmişdir.
Cənab nazir!
Ola bilsin ki, bu fikirlərim Sizlərə qəribə, hətta təxribat xarakteri daşıyan, qərəzli forma təsiri bağışlayar. Məni bütün rayon tanıyır və lazım gələrsə, şikayət-müraciətimi dərc edəcək “Təzadlar” qəzeti redaksiyasında mobil telefonum vardır. İnandığınız əməkdaşınız mənimlə görüşərsə, mən həmin “ocaqları” bir-bir, RPŞ rəhbərliyi duyuq düşmədən, göstərə bilərəm. Məxfiliyin gözlənilməsi şərti ilə. Biləsiniz ki, Yevlax Polis Şöbəsində narkotiklərlə mübarizə qrupu rəisin əməliyyat üzrə müavininin kurasiyasındadır. Bu qrupa uzun müddət polis mayoru Əfqan Qurbanov rəhbərlik etmişdir. Son vaxtlar Əfqan Qurbanov qrupun rəhbəri vəzifəsindən azad edilərək şöbədə ictimai təhlükəsizlik bölməsinin rəisi təyin edilmişdir. İctimai təhlükəsizlik bölməsi rəisin xidmət üzrə müavini, polkovnik-leytenant Natiq Həsənovun kurasiyasındadır. Narkotiklərlə mübarizə qrupunun rəhbəri vəsifəsinə isə gənc kadr, əməliyyat- axtarış fəaliyyəti sahəsində heç bir təcrübəsi və əməliyyat şəraitinə bələd olmayan, baş leytenant Şamil Xəlilov təyin edilmişdir. Bu kadr yerdəyişmələri də yuxarıda göstərdiyim həmin mübarizənin nəticəsidir. Bu yerdəyişmə nəticəsində narkotiklərlə mübarizə işinə nəzarət də faktiki olaraq Əfqan Qurbanovun və Natiq Həsənovun əlində cəmləşmişdir. Əslində, bu kadr yerdəyişmələri bu gəlirli biznesə nəzarəti ələ keçirməyə xidmət edir və onlar öz istəklərinə nail olmuşlar. Onu da bildirirəm ki, Yevlax RPŞ-də bütün bu intriqaların təşkilatçısı və rəhbəri də məhz Natiq Həsənovdur.
“2015-ci il 10-15 fevral aralığında rəis müavini Natiq Həsənovun tapşırığı ilə Əfqan Qurbanov rayonun Aran qəsəbəsində 13 nəfərlik dəstəni həbs etdi, amma
onlardan biri saxlanıldı, niyə?”
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsi isə bu sahəyə nəzarəti, təəssüflər olsun ki, başqa formada həyata keçirir, bunu dilə gətirmək belə istəmirəm. Müəyyən fasilələrlə narkotik istifadəçilərinin həbs edilməsi isə sadəcə görüntü yaratmaq üçündür, satanlara isə heç kim toxunmur. Təkrar edirəm, bunu tam məsuliyyətimlə deyirəm. Ona görə də bu sahədə nəinki irəliləyiş var, əksinə, ilbəil artım göz önündədir.
2015-ci il 10-15 fevral aralığında Əfqan Qurbanov rayonun Aran qəsəbəsində əməliyyat keçirərək 13 nəfər narkotik satan və narkotik istifadəçilərini həbs etmişdir. Bu şəxslərdən yalnız bir nəfəri barədə Azərbaycan Respublikası CM-nin 234.1. maddəsi ilə cinayət işi açılmış, qalanları isə 15.000 manatdan başlayan qiymətlərlə sövdələşmə nəticəsində azad edilmişlər.
“Şəxsən özüm 28 fevral 2015-ci ildə Yevlax RPŞ-nin PPX-nin komandiri, polkovnik-leytenant Tanrıverdi Quliyevə məlumat verdim ki, onun işçisi, kapitan Samir Səlimov narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğuldur”
Son vaxtlar yeni yaranmış, güclü təsiredici qüvvəyə malik “SPAYS” adlı narkotik maddənin rayonda satışından isə Yevlax RPŞ-nin rəhbərliyinin şəxsən xəbəri var... Məsələn, 28 fevral 2015-ci ildə Yevlax RPŞ-də post-patrul xidməti bölüyünün komandiri, polkovnik-leytenant Tanrıverdi Quliyevə şəxsən özüm bildirdim ki, onun işçisi, kapitan Samir Səlimov narkotiklərin satışı və qanunsuz dövriyyəsi ilə məşğuldur. T.Quliyev mənə bildirdi ki, “Rəis olan yerdə biz hamımız soldatıq”. Cənab nazir, bu da cənab T.Quliyevin məntiqli etirafı.
Yevlax şəhərinin mərkəzində Ələddin adlı şəxs açıq şəkildə narkotik satışı ilə məşğuldur. Onun yeznəsi Fazil Səlimov uzun müddət Yevlax RPŞ-də cinayət axtarış bölməsinin əməliyyatçısı olmuş, polis mayoru rütbəsində son yaş həddinə görə pensiyaya çıxmışdır. Yevlax RPŞ-nin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru Sahib Quliyevin bacısı Rusiya Federasiyasında narkotik satışına görə həbs edilmiş və məhkəmə tərəfindən məhkum edilmişdir. Bacısı qızı Solmaz Bakı şəhərində Bakı Dövlət Universitetinin qarşısında narkotik satışı ilə məşğuldur və o, S.Quliyev tərəfindən himayə və koordinasiya olunur. S.Quliyevə məxsus qara rəngli, CİP modelli, “PRADO” markalı, 90 CA 771 dövlət qeydiyyat nişanlı minik avtomobilinin əvvəllər kimə məxsus olması və hansı əsaslarla S.Quliyevin mülkiyyətinə keçməsi barədə kifayət qədər kriminal informasiyalar mövcuddur. Bunları hələki yazmıram. Ona görə də bu fakt Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin məlumat bazasında araşdırılmalı və cinayətkar aləmlə hansı əlaqələrin olduğu aydınlaşdırılmalıdır. S.Quliyev bütün bu kriminal olaylar haqqında işlədiyi şöbənin rəhbərliyinə məlumat verməmişdir. Əslində məlumat verməyə də ehtiyac yoxdur. Olanların hamısı bütün Yevlax əhalisinə çox yaxşı məlumdur.
Cənab nazir, bu səmimi məktubumu oxuyarkən nəzərə alın və inanın ki, mənim Yevlax RPŞ rəhbərliyi ilə heç bir qərəzim, problemim yoxdur. Amma mən görürəm ki, narkotik kimi bir bəla, Sizin bu barədə bir dəyərli çıxışınız mənim stolüstü oxumdur, artıq qapımızdan içəri girir, ev-ev gəzir, insanlar, gənc ailələr məhv edilir. Azərbaycan CM-də cinayət\i görüb bildirməmək, məlumat verməmək özü cinayətdir. Mən də bu məsuliyyətdən, həm də mənəvi cəhətdən rahat olmağım üçün bunları Sizə bildirirəm. Bu yüzlərlə... sakinin məndən xahişidir ki, siz ziyalısınız, niyə susursunuz, balarımız məhv edilir, polis isə göz yumur, hətta buna şərait yaradır!!!
“Yevlax RPŞ-də daha dəhşətli bir fakt ondan ibarətdir ki, şöbədə gizli-qanunsuz həbs kamerası fəaliyyət göstərir”
Hörmətli Ramil müəllim, Siz müraciətimin səmimiliyini onda görə bilərsiniz ki, yuxarıda qeyd etdiyim kimi, mən bu barədə polis rəhbərliyinə də əvvəlcədən məlumat vermişəm ki, axı, mənim də övladlarım var, ziyalı ailəyəm, niyə həyatımız nəyəsə görə məhv edilməlidir? Axı, bu ailələr Dövlətimizin əsas atributudur, gələcəyidir! Bu bəlaya göz yummaq, dövlətimizi zərbə altına qoymaq demək deyilmi? Cənab nazir!
Yaşadığımız XXI əsrdə Yevlax RPŞ-də daha dəhşətli bir fakt ondan ibarətdir ki, şöbədə gizli-qanunsuz həbs kamerası fəaliyyət göstərir. Polis şöbəsinin inzibati binasının arxasında uzun illərdir istifadəsiz qalan istilik qazanxana binasında, beton döşəmə üzərində oturmağa və yatmağa heç bir yeri olmadan 8-10 nəfər sutkalarla ayaqüstə saxlanılır. Onlara hər cür fiziki və psixoloji təzyiq göstərilir, işgəncələr verilir. Burada, qanunsuz saxlanmanın müddəti qeyri müəyyən -yəni oraya salınmış vətəndaşın tələb olunanlarla razılaşan günə qədərdir. Polis şöbəsində “obezyanka” adlanan bu qanunsuz obyektə də nəzarəti xidmət üzrə rəis müavini, polkovnik-leytenant N.Həsənov həyata keçirir. Həmin “obezyankada” 3 sutka saxlanılan, hər cür təzyiq və işgəncələrə məruz qalan, sonradan 1000 (bir min) manat qarşılığında sərbəst buraxılan bir nəfər Yevlax şəhər sakininin oradakı vəziyyət barədə danışdıqları dünyaca məşhur “Quantanamo həbsxanasını” xatırladır. Lazım olarsa, həmin şəxsin adını da açıqlaya bilərəm. Bu barədə BMT-nin İşgəncələrə Qarşı Azərbaycan komitəsinin sədri Elçin Behbudova mobil telefonu ilə bir neçə dəfə məlumat vermişəm, lakin o, işinin çoxluğu səbəbindən bu işi araşdıra bilməyəcəyini bildirmişdir. Bütün bu və ya digər məsələlər barədə məlumat verib tədbir görməsini xahiş edərkən rəis müavini Natiq Həsənov “Polis əməkdaşlarının etik davranış kodeksinin” 13-cü maddəsinin tələblərini kobud surətdə pozmuşdur. O, başqasının mənə olan borc pul öhdəliyini öz üzərinə götürmüş və üzərinə götürdüyü öhdəliyi müəyyənləşdirilmiş şərtlərə uyğun icra etməkdən 3 ildir ki, boyun qaçırır. Yevlax RPŞ-də xidmət üzrə rəis müavini, polkovnik-leytenant N.Həsənov və PPX bölüyünün komandiri, polkovnik-leytenant T.Quliyev hər ay şəxsi heyətdən “silah almaq” adı ilə pul yığırlar. Bu silahlar haradan, kimdən və hansı məqsədlər üçün alınır?
Daha ciddi faktlardan biri də ondan ibarətdir ki, Natiq Həsənovun qaynı evdə saxlanan qanunsuz silahla öz yeznəsini, yəni bacısının ərini, lap dəqiq desək, Natiq Həsənovun bacanağını öldürmüşdür. Natiq Həsənovun başqa bir bacanağı 1993-1994-cü illərdə qanunsuz silahlı birləşmələrin başında dayanaraq Şəmkirdə “Robik” ləqəbi ilə tanınmış kriminal olaraq dövlətin əleyhinə vuruşmuşdur. Natiq Həsənovun qayınnatası uzun müddət Şəmkir Neft Bazasının direktoru vəzifəsində işləyərkən dövlət və ictimai əmlakı mənimsəmə, israfetmə və talama yolu ilə xüsusi ilə iri məbləğdə dövlətə ziyan vurduğuna görə məhkəmə tərəfindən uzun müddət həbs cəzasına məhkum edilmişdir. N.Həsənov “Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında Əsasnamənin” 12-ci maddəsinin tələblərini kobud surətdə pozaraq bütün bunlar barədə Daxili İşlər Nazirliyinin rəhbərliyinə məlumat verməmişdir. Mənim bu barədə müraciətlərim Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən Yevlax RPŞ-nə göndərilmişdir.
Mən buna etiraz etsəm də Yevlax RPŞ-nin rəisi, polkovnik N.Məşədiyev mənə 10.09.2014-cü il tarixli məktubla bildirir ki, “Polis polkovnik-leytenantı Natiq Həsənovun xidməti fəaliyyəti barədə Nazirliyin və Yevlax RPŞ-nin kifayət qədər məlumatları vardır”. N.Məşədiyevin imzaladığı 22.09.2014-cü il tarixli məktubda bildirilir ki, “Müraciətinizə Yevlax RPŞ-də baxılmasına etiraz etdiyinizə görə ərizələriniz araşdırma aparılmadan şöbədə işə alınmışdır”. Bu cavabdan sonra Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazovun imzası ilə mənə göndərilmiş 07.10.2014-cü il tarixli məktubda bildirilir ki, “Müraciətinizə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində baxılmışdır. Yevlax RPŞ vasitəsi ilə aparılan araşdırma zamanı qeyd olunan xususatlar təsdiqini tapmamışdır”. Məktubu icra edən Hamlet Hümbətəliyev telefon danışığında mənə açıq şəkildə bildirir ki, “Yevlax RPŞ Nazirliyə tamam fərqli bir arayış təqdim etmişdir”.
Məhz bu səbəblərdən rayonda cinayətkarlığın səviyyəsi yüksəlmiş, kriminogen vəziyyət və əməliyyat şəraiti nəzarətdən çıxmışdır. Şöbənin rəisi, polkovnik N.Məşədiyev isə müvafiq tədbirlər görmək əvəzinə rayon ictimaiyyəti qarşısında çıxış edərkən rayondakı vəziyyətin cənub bölgəsinə nisbətən qənaətbəxş olduğunu qeyd etməklə özünə təsəlli verir.
Onu da bildirirəm ki, polkovnik N.Məşədiyevin son yaş həddinə görə xidmətdə olma müddəti 2013-cü ilin oktyabrında tamam olmuş, o, müqavilə əsasında 2 il yenidən həmin vəzifədə saxlanmışdır. Onun müqavilə müddəti 15 oktyabr 2015-ci ildə sona çatır. Polkovnik-leytenant T.Quliyevin də yaş həddinə görə təqaüdə çıxmaq vaxtı çoxdan ötmüşdür. Ona görə də bu sahədə yol verilən qanunsuzluq və özbaşınalıqlar da məhz bu səbəblərdən yaranır.
Yevlax RPŞ-nin rəhbər vəzifəli şəxsləri “Polis haqqında” qanunun və “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunun tələblərini kobud surətdə pozaraq uydurma şəxslər vasitəsi ilə, yəni başqa şəxslərin adına sənədləşdirilməklə biznes fəaliyyəti ilə məşğuldurlar. Şöbənin rəisi, polkovnik N.Məşədiyev balıqçılıq kompleksinin tikintisini davam etdirir. Onun müavini, polkovnik-leytenant N.Həsənov fermer təsərrüfatının yaradılması ilə məşğuldur. Yevlax RPŞ-nin DYP bölməsinin rəisi, polis mayoru Cavanşir Əliyev artıq bir neçə ildir ki, Yevlax rayonu Balçılı kənd bələdiyyəsinin ərazisində fermer təsərrüfatı yaratmışdır. Ona görə də rayondakı kafe və restoranlardakı qumarxanalardan da kimsənin “xəbəri olmur”.
Cənab nazir, inanıram ki, bu müraciətimdə qeyd etdiklərimin araşdırılması inandığınız əməkdaşın və mənim iştirakımla olacaq. Məqsədim isə, Sizin ciddi səy göstərərək cinayətkarlığın qarşısının alınmasına bir vətəndaş dəstəyi verməkdir.
Dərin hörmətlə, Maqsud Süleymanov,
Yevlax şəhəri
Redaksiyadan: “Təzadlar” olaraq bir neçə dəfə N.Həsənova mobil telefonu ilə zəng edərək bu şikayətdə qeyd olunan, həmçinin başqa bir şikayət məktubundakıların araşdırılıb redaksiyaya mövqe bildirilməsini, yaxud şikayətçini qəbul edib dinləməsini xahiş etmişik. Lakin bir həftədən çoxdur söz versə də, vədinə əməl etmir. Hətta bir dəfə əməkdaşımız rayona da dəvət olunub, lakin yenə də heç bir mövqe ortaya qoyulmayıb. Əksinə, sonda şikayətçi vətəndaşlar (şikayətçilər bir neçə nəfərdir) az qalıb ki, bizi qəzet olaraq onların şikayətini ört-basdır etməkdə suçlasınlar... Yəni biz həmişə olduğu kimi, bu dəfə də sona qədər problemin həlli daxilində şikayətin ictimailəşdirilməməsinin tərəfdarı olmuşuq, amma qarşı tərəf əks mövqe tutub...
“Təzadlar”