Tərtər sakininin baş prokurora şok müraciəti: Özümü yandıracam
Tarix: 23-05-2015, 11:26 |
Çap et
«Təzadlar»ın ötən sayında Tərtər rayonunun Dəmirçilər kəndində yaşayan Həsənova Xədicə Müseyib qızının Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevə ünvanlı müraciətini dərc etmişdik… Dünən vəkili vasitəsilə redaksiyamızla əlaqə saxlayan ana oğlu Elşən Həsənovun taksi fəaliyyəti göstərdiyi şəxslərin üzərindən çıxan narkotik vasitəyə görə sonradan heç bir maddi sübut olmadan, prosessual qanunvericiliyin tələbləri pozulmaqla barəsində həbs qətimkan tədbiri seçilməsindən hələ də şokda olmasını dilə gətirdi… Şikayətçi X.Həsənova və oğlunun vəkili qəzetimizə geniş müsahibəsində bir sıra məsələlərə aydınlıq gətirdi. Geniş müsahibələr hazırda çapa hazırlanır. Hələlik X.Həsənovanın Baş Prokuror Zakir Qaralova müraciətində bir vacib məqamı təqdim edirik:
-Cənab Baş Prokuror!
Bir ana kimi Sizə müraciət edirəm… Bu yaxınlarda hörmətli Prezident İlham Əliyevin Sizin yenidən 5 il müddətinə Baş prokuror təyin edilməyinizdən sonsuz dərəcədə sevinənlərdən biri də mən idim. Ona görə ki, həmişə sizin ədalətli insan-Baş prokuror olduğunuzu eşitmişəm. Mənim oğlumun əsassız və qanunsuz həbsindən sonra isə inanırdım ki, səsim və şikayətim sizə çatarsa, təsirli tədbirlər görəcəksiniz. Bir ana kimi deyirəm: əgər mənim oğlum həqiqətən də narkotik istifadəçisi olubsa, onun qanını sizə halal edirəm, ən ağır cəzanı verin! Əks halda, onu əsassız olaraq həbs etdirənlərə qarşı ölçü götürün. İstintaqa prosessual nəzarəti həyata keçirən prokuror görəsən həmin cinayət işini oxuyubmu? Oxusaydı, görərdi ki, əvvəla, ekspert rəyi var ki, oğlum narkotik qəbul edən deyil… Məndə hələ də şübhə var ki, həmin rəy cinayət işinə əlavə edilməyib. Bəlkə prokuroru da aldadıblar? Nədir maraq? İkincisi, mənim oğlum narkotik aludəçisi olması ittihamı bütün nəslimizə, ailəmizə təhqir və rüsvayçılıqdır. Axı ən azı Tərtərdə bilirlər ki, mənim oğlumun ata qohumları kimlərdir. Azərbaycan hüquq mühafizə orqanlarında böyük nüfuzu olan şəxslərdir, adları hörmətlə çəkilir… Oğlum narkotik çəkən idisə, bunu mən bir ana kimi bilərdim və indi başımı aşağı salıb susardım. Kimlərsə və hansı məqsədləsə ailəmizə, nəslimizə şər atır, adımızı biabır etmək istəyir. Bunun qarşısı alınmalıdır. Əgər oğlumun həbsi Tərtərin prokuroruna lazımdırsa, qoy ona başqa ittiham versin, amma narkotiki yox… Zakir müəllim, balam sənə qurban, bilin ki, hətta oğlumun barəsində həbs qətimkan tədbiri seçiləndə Tərtər rayon Məhkəməsinin adını unutduğum hakimi buna əsas olmadığı üçün qərarı rədd etmişdi. Təsəvvür edirsinizmi? Sonradan prokuror bu qərardan şikayət verdirərək istəyinə nail oldu… Cinayət işində isə heç bir sübut və ya şahid ifadəsi yoxdur ki, oğlumun üzərindən narkotik çıxıb. Axı satan və ya istifadə edənlər tutulandan 3 ay sonra taksi sürücüsünü həbs etmək olarmı? Əgər onun üstündən narkotik çıxmışdısa, niyə protokol və akt tərtib edilməmişdir? Qanun belə tələb etmirmi? Hətta sonradan yalançı bir şahid tapdılar ki, guya oğlumun narkotik çəkdiyini uzaqdan görüb… Üzləşmə vaxtı həmin şahid qeyrətə gələrək bu üzləşmədən imtina etdi və sonradan bizə zəng edərək vicdanını satmayacağını söylədi. Təsəvvür edirsinizmi, narkotik istifadəçisi olan «şahid» vicdanını satmır, amma…
Qadan ürəyimə, cənab Zakir Qaralov, mən cavan ikən ailə başçısını itirmişəm, uşaqlarımı min əzabla böyütmüşəm. Onların tərbiyəsini bildiyimdən deyirəm: nəyə də olsa inana bilərəm, amma oğlumun üzərinə narkotik istifadəçisi ittihamı qoyulmasına dözə bilmərəm. Əgər belə olarsa, özümü yandırıb intihar etməli olacağam. Qoy el-oba bilsin ki, bizim nəslimizdə belə ləkə olmayıb. Təsəvvür edirsinizmi, prokuror deyir ki, əgər narkotik istifadə etdiyini könüllü boynuna almasa, ora-bura şikayət etsə, ona narkotik satan maddəni verdirəcəyəm. Niyə? Prokuror istintaq vaxtı həbs edilənlərdən birinin müəmmalı ölümünü araşdırmaq, günahkarları cəzalandırmaq əvəzinə, mənim oğlumu qanunsuz həbs etdirməklə diqqəti özündən yayındırır. Çünki ilkin qərara özü imza atıb, sonradan görüblər ki, sən demə, ortada heç bir sübut yoxdur.
İnanıram ki, bir ananın ürək yanğısını və düşdüyü vəziyyəti qiymətləndirəcəksiniz.
Redaksiyadan: Neçə gündür Tərtər rayon Prokurorluğu ilə əlaqə saxlamaq cəhdimiz boşa çıxır. Çünki bizə təqdim edilən rəsmi iş telefonu (6-17-57, faks 6-37-37, 6-33-80) nömrələri işləmir, yaxud kimsə qəsdən cavablandırmır…
Son olaraq: vəkil Ailə Eyvazovanın geniş müsahibəsini isə az sonra oxuya biləcəksiniz…
«Təzadlar»