Rusiyalı ekspertlər: Naxçıvana təhlükəsiz və maneəsiz dəhlizin yaradılmasını tələb etmək Azərbaycanın haqqıdır - ŞƏRH
Tarix: 12-01-2024, 10:58 | Çap et


Azərbaycan Naxçıvana təhlükəsiz, yoxlanışsız və maneəsiz dəhlizin yaradılmasını tələb etməkdə tamamilə haqlıdır. Çünki bu dəhliz Azərbaycandan Azərbaycana olacaq. Ermənistanın başqa seçimi yoxdur. Əks təqdirdə Ermənistan dalanda qalacaq. Azərbaycan bütün hallarda Zəngəzur dəhlizinin açılmasına nail olacaq.

Bu fikirləri APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı siyasi ekspertlər bildiriblər.

"Ermənistan Zəngəzuru itirməkdən qorxur, çünki bilir ki, bu ərazi əvvəllər Azərbaycanın olub”

Rusiyanın Siyasi tədqiqatlar İnstitutunun direktoru, tanınmış politoloq Sergey Markov hesab edir ki, Azərbaycandan Naxçıvana Zəngəzur vasitəsilə gömrük yoxlanışı olmadan təhlükəsiz və maneəsiz dəhlizin yaradılmasını tələb etmək Azərbaycanın haqqıdır: “Çünki bu dəhliz Azərbaycandan Azərbaycana olacaq və Azərbaycan vətəndaşları və məhsulları bu dəhlizdən xarici ölkənin gömrük yoxlanışı olmadan keçməlidir. Bu, tamamilə normal təcrübədir. Belə “yelçəkən” dəhlizlər dünyada bir çox ölkələr arasında mövcuddur. Ukrayna münaqişəsinə qədər Kalininqrad vilayəti ilə Rusiya arasında belə dəhliz mövcud idi. NATO və Avropa İttifaqı ölkəsi olan Litva ərazisindən Rusiya vətəndaşları və yükləri gömrük rəsmiləşdirilməsi olmadan keçərək Kalininqrada gedirdilər. Ona görə də, hesab edirəm ki, bu, Azərbaycanın prinsipial mövqeyidir və əminəm ki, bu mövqeyə dünya ölkələrinin əksəriyyəti anlayışla yanaşır. Ermənistan isə Azərbaycana bu cür imkanı vermək istəmir. Ona görə də, Azərbaycanla mübarizə məntiqini davam etdirir. Ermənistan qorxur ki, Zəngəzur dəhlizinin eksterritorial statusu yekunda Zəngəzur ərazisinin itirilməsi ilə nəticələnəcək. Çünki əvvəllər bu ərazi Azərbaycanın olub”.

“Ermənistanın Zəngəzur dəhlizinə qarşı çıxmaq strategiyası da Qarabağ strategiyası kimi uğursuzluğa məhkumdur”



Rusiyalı politoloqun fikrincə, Ermənistan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatının Zəngəzur dəhlizinin Rusiya sərhədçiləri tərəfindən mühafizə olunması ilə bağlı müddəasını pozur: “Həmin razılaşmaya görə, Rusiya sərhədçiləri Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək dəhlizin təhlükəsizliyini təmin etməlidirlər. Ermənistan Rusiyadan qopmaq siyasətini davam etdirir. Çox güman ki, İrəvan həmin ərazidə Rusiyanın düşmənləri olan Fransa, Avropa İttifaqı və ya NATO-nun sərhədçilərinin dayanmasını arzulayır. Bu, əlbəttə ki, üçtərəfli bəyanatın kobud şəkildə pozulması deməkdir.

Ermənistan eləcə də, Zəngəzur dəhlizi problemindən öz problemlərini həll etmək üçün təzyiq rıçaqı kimi istifadə etmək istəyir. Düşünürəm ki, İrəvanın bu istəyi də uğursuz olacaq. Çünki bu, Ermənistanın bir neçə onilliklər ərzində Qarabağla bağlı yürütdüyü strategiyanın davamıdır, hansı ki, həmin strategiya tam uğursuzluqla nəticələndi. On illiklər ərzində Ermənistan düşünürdü ki, Qarabağa görə Rusiya Azərbaycanla münaqişəyə girəcək. İndi isə İrəvan düşünür ki, ABŞ, Fransa və Avropa İttifaqı Ermənistanın əvəzinə Azərbaycanla münaqişəyə girəcək və erməni problemini erməni maraqları çərçivəsində həll edəcək. Hesab edirəm ki, Ermənistanın bu strategiyası da uğursuzluğa məhkumdur”.

“Ermənistanın Zəngəzur dəhlizindən başqa seçimi yoxdur, əks təqdirdə dalanda qalacaq”

Rusiyalı polittexnoloq Yevgeni Mixaylov hesab edir ki, Azərbaycan bütün hallarda Zəngəzur dəhlizinin açılmasına nail olacaq: “Hesab edirəm ki, Bakı Azərbaycandan Azərbaycana yoxlanışsız nəqliyyat dəhlizinin yaradılmasında tam haqlıdır. Üstəlik, Ermənistan 2020-ci ilin 10 noyabrında subyektliliyini itirmək qorxusundan danışıqlar masasına oturub üçtərəfli razılaşmanı imzalayaraq bu dəhlizin yaradılması ilə bağlı üzərinə öhdəlik götürüb. İndi isə Ermənistanın öz sözündən imtina etməsi təəccüb doğurur. Lakin erməni siyasətini yaxşı bilən Rusiya və Azərbaycanda İrəvanın bu addımı təəccüb doğurmur. Düşünürəm ki, həm Moskva, həm də Bakı əvvəlcədən bu cür olacağını güman edirdilər. Lakin bütün hallarda Ermənistanın başqa seçimi yoxdur. Əks təqdirdə Ermənistan dalanda qalacaq. Azərbaycan bütün hallarda Zəngəzur dəhlizinin açılmasına nail olacaq. Ermənistan isə özünün adlandırdığı “Sülhünkəsişməsi”nə, prinsipcə heç nəyə nail ola bilməyəcək. Ermənistan dünya ictimaiyyətini qorxudur ki, guya Azərbaycan güc yolu ilə Zəngəzur dəhlizini ələ keçirmək istəyir. Bunun özü də əbədi Ermənistan təcrübəsidir: Hamıya şikayət etmək, biz yazıqları incidirlər, gəlin xilas edin! Bu, vəziyyətdən çıxış yolu deyil. Bakı Zəngəzur dəhlizinin açılmasını təklif edir. Bu təklif Ermənistanın “Sülhün kəsişməsi” təklifindən, hansı ki, fransızlar bu təklifi dəstəkləyir, çox yaxşdır”.



“Belə davam etsə, Ermənistan dövlətçiliyini tam itirəcək”

Mixaylovun fikrincə, Fransa bu gün Cənubi Qafqazdakı sülhə güclü maneə törədir. Ekspert düşünür ki, Ermənistanın Zəngəzur dəhlizini Rusiya sərhədçilərinin mühafizə etməsini istəməməsi də Fransanın arzusudur: “Rusiya Ermənistanın bütün sərhədlərinin təhlükəsizliyini mühafizə edir. Ona görə də Ermənistanın Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizin təhlükəsizliyini Rusiya sərhədçilərinin təmin etməsini istəməməsi gülüncdür. Bu, hər şeydən əvvəl, siyasi oyundur. Rusiyanın Ermənistana təzyiq etmək üçün rıçaqları var. Lakin biz hər zaman yumşaq davranırıq. Rusiya ümid edir ki, Ermənistana bu məsələnin həllində güc tətbiqi və ya iqtisadi təzyiq göstərməyə ehtiyac olmayacaq. Rəsmi İrəvan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyə və verdiyi sözə əməl etməyə özündə güc tapacaq. Lakin Ermənistanın Cənubi Qafqazda sülh nizamlanmasına qarşı çıxacağından təəccüblənmərəm. Bu zaman Ermənistanla ciddi məşğul olmaq lazım gələcək. Mən hər zaman deyirəm ki, əgər bu, belə davam etsə, Ermənistan dövlət kimi subyektliliyini tam şəkildə itirəcək. Görünür ki, onlar bunu istəyirlər. Görünür ki, dövlət kimi yetişməyiblər. Nə qədər ki, razılaşmaq üçün şans var, razılaşmaq lazımdır”.

Rusiyalı ekspert Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə də toxunub. “Əgər Bakı ilə İrəvan arasında sülh müqaviləsindən danışsaq, Zəngəzur dəhlizi məsələsi həll olunmadan prinsipcə sülh müqaviləsi uzun illər olmayacaq”, - Mixaylov fikrini yekunlaşdırıb.






Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net