Dövlət Əmək Müfəttişliyi Xidmətində özbaşınalıq...
Tarix: 21-05-2015, 09:47 | Çap et
Dövlət Əmək Müfəttişliyi Xidmətində özbaşınalıq...
Dövlət Əmək Müfəttişliyi Xidmətinin (DƏMX) Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarını əhatə edən 11 saylı regionunda çoxsaylı problemlər hökm sürür. Xatırladaq ki, sözügedən qurumun fəaliyyətində yer alan neqativ hallar, habelə rəis Mahir Şükürovun vəzifə səlahiyyətlərini istənilən səviyyədə icra edə bilməməsi haqda ötən saylarımızdan birində geniş məlumat vermişdik.

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi hələ də yazılan məsələlərlə bağlı münasibətlərini açıqlamayıb. Hərçənd ki, xidmətin rəisi Fuad Əlizadə mətbuata açıqlamalarında nöqsanların aşkarlandığı yerli regionlarla bağlı ciddi tədbirlərin görüldüyünü açıqlayır. Amma 11 saylı regionda cərəyan edən özbaşınalıqlar bunu deməyə əsas verir ki, DƏMX rəhbəri bəzi hallarda yaşanan qanun pozuntularına göz yumur. Redaksiyamıza daxil olan ən son məlumatlarda Mahir Şükürovun bu sahədəki müvafiq qanunlara sayğısız münasibət göstərməsi bildirilir. Adının çəkilməməsini xahiş edən mənbənin sözlərinə görə, havaların istiləşməsini fürsət bilən region rəisi tabeliyində olan işçiləri Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarına səfərbər edib: "Yay aylarında çayxana, kafe və restoranların əksəriyyəti adətən açıq hava şəraitində fəaliyyət göstərməyə üstünlük verir. Əlbəttə ki, bu, obyekt sahiblərinə havayı başa gəlmir. Artıq bir neçə gündür ki, Dövlət Əmək Müfəttişliyi Xidmətinin 11 saylı regionunun əməkdaşları quruma tabe olan rayonların ərazisində "reyd" keçirməyə başlayıb. Əslində bu yoxlamalarda əsas məqsəd sahibkarların yığıma cəlb olunmasıdır. Region rəisinin tapşırığına uyğun olaraq açıq havada fəaliyyət göstərən bütün obyektlərdən "rüsum" alınmalıdır. Əks təqdirdə, həmin çayxana, kafe və restoranların çöl hissədə fəaliyyət göstərməsinə icazə verilmir. Sahibkarların əksəriyyəti qanunlardan o qədər də məlumatlı deyil. Buna görə də dövlət idarəsinin əməkdaşları onları asanlıqla aldada bilir". Salyan, Neftçala, Şirvan və Hacıqabul rayonlarında yerləşən sahibkarlıq obyektlərində həmçinin əmək qanunvericiliyinin tələblərinin də pozulduğu verilən məlumatlar arasındadır. Bu rayonlarda işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi əsasında tənzimlənməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarətilə əlaqədar ödənişlərin ödənilməsi sahəsində vəziyyət elə də ürəkaçan deyil: "Obyektlərin demək olar ki, böyük hissəsində işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanmır. Sahibkarlar regionun əməkdaşlarına hər ay "hörmət" etməklə törətdikləri qanunsuzluqları gizlədirlər. 11 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Mahir Şükürov üzərinə düşən işi tələb olunan səviyyədə görə bilmir. O ancaq qeyri-qanuni yollarla maliyyə imkanlarını artırmaq haqda fikirləşir. Təəssüf ki, daşıdığı vəzifənin məsuliyyətini tam olaraq dərk edə bilmir. Bu qurumun regiona daxil olan rayonlarda həyata keçirdiyi yoxlamalar formal xarakter daşıyır. Qanunvericiliyə əməl etməyən sahibkarlar müvafiq qaydada cəzalandırılmır. Onlar nəysə verib problemin həllinə nail olurlar. Hamıya məlumdur ki, son vaxtlar bölgələrdə tikinti işləri geniş vüsət alıb. Fövqəladə Hallar Nazirliyinin və Dövlət Əmək Müfəttişliyi Xidmətinin tikinti sektorunda çalışan şəxslərlə bağlı konkret tələbləri var. Salyan, Neftçala, Şirvan və Hacıqabulda aparılan tikinti layihələrində çalışan fəhlələrin bir çoxunun hüquqları tapdalanır. Həmin şəxslərlə əmək müqaviləsi bağlanmır, onlar günəmuzd kimi işlədilir. Dəfələrlə tikinti aparılan zaman bədbəxt hadisələr baş verib. Lakin iş icraçıları 11 saylı region üzrə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəhbərliyi ilə "anlaşıb" yaranan problemi yoluna qoyub. Mahir müəllimin əsas hədəfi şadlıq evləri, restoranlar, tikinti sektoru, çayxanalar, avtoyuma məntəqələri və gözəllik salonlarıdır". Region rəisinin biznes fəaliyyəti barədə də ilginc iddialar var. Bu haqda isə növbəti saylarımızda geniş araşdırma yazısı dərc edəcəyik. Sonda DƏMX rəisi Fuad Əlizadəyə bildirmək istəyirik ki, adıçəkilən məmur 11 saylı regionun fəaliyyətini yarıtmaz vəziyyətə salıb. Odur ki, bu şəxsin barəsində ciddi ölçü götürməyin vaxtıdır.
Vertikal.az





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net