Putinin atəşkəs elanı: Aysberqin görünməyən tərəfi - ŞƏRH
Tarix: 6-01-2023, 12:18 | Çap et
Putinin atəşkəs elanı: Aysberqin görünməyən tərəfi - ŞƏRH

Rusiya Prezidenti Vladimir Putin Ukraynada başlatdığı müharibənin doğurduğu təmas xəttini nisbi sakitliyə qərq etmək üçün atəşkəs elan olunması tapşırığını verib.

Müharibələrdə atəşkəs prosesi o qədər nisbi xarakterə malikdir ki, bunun döyüş əməliyyatlarını müvəqqəti dayandırmaq əhəmiyyəti də itir.

Ukraynanın atəşkəsə əməl etməməsi başadüşüləndir, çünki müharibə ölkəyə hərbi müdaxilə ilə başlayıb və suverenlik prinsiplərini təhdid altında yelləyir.

Ukrayna qarşı tərəfin atəşkəs adı altındakı andan növbəti əməliyyatların başlanacağı məqama qədərki intervalda toparlanmaq üçün istifadə etməsinə imkan verməməkdə qətiyyətlidir. Buna görə də əks-hücum əməliyyatlarını davam etdirməklə məntiqli iş görür.

Bunlar müharibənin qanunlarıdır və bu cür genişmiqyaslı toqquşmalar altındakı atəşkəs dövrünün mahiyyətinə zidd sayıla da bilməz.

Putinin müharibənin müvəqqəti sonlandırılması qərarının arxasında isə daha böyük strateji niyyət durur ki, indi həmin kodları oxumağa çalışacağıq.

Öncəliklə diqqət etmək lazımdır ki, Putin bütün Rusiyanın Patriarxı Kirillin müraciətini nəzərə alaraq müdafiə nazirinə Ukraynada təmas xətti boyunca atəşkəs elan olunması tapşırığını verib.

Rusiya Prezidenti döyüş əməliyyatları rayonlarında pravoslav əhalinin yaşadığını nəzərə alaraq, Ukrayna tərəfini atəşkəs rejimi elan etməyə və əhalinin Milad bayramı ilə əlaqədar ayinlərdə iştirakına şərait yaratmağa çağırıb.

Moskva əqrəbləri ilə atəşkəs yanvarın 6-sı 12:00-dan başlayıb, yanvarın 8-i saat 00:00-a qədər (36 saat) davam etməlidir.

Fikir verilməli xassə budur ki, Putinin atəşkəs elanı Rusiyanın da təmas xəttində əməliyyatlar aparmayacağı anlamını özündə ehtiva etmir, çünki yuxarıda qeyd etdiyimiz kimi, müharibənin sərt üzlərindən biri də nisbi sakitlikdən yararlanıb qarşı tərəfə zərbələr endirməkdir.

Putin atəşkəs qərarını dini zəmində tərtib edir və özü də bilir ki, nə ölkəsinin qoşunları, nə də Ukrayna ordusu buna əməl edəcəklər, elə bu cür tendensiya Rusiya liderinə də sərf edir.

Cənab Putinin müharibə əməliyyatlarının 36 saatlıq dayandırılmasını dini inancla əlaqələndirməsi Ukraynanın reputasiyasına xələl gətirmək məqsədləri daşıyan informasiya əməliyyatlarına hazırlıq cəhdidir.

Ukrayna atəşkəs zamanında hücum etsə, bu, Rusiyanın əlinə rəsmi Kiyevin dini qrupları sıxışdırması görüntüsü üçün arqument verəcək və beləliklə Putin özünü xristian inancının həqiqi müdafiəçisi kimi göstərməyə çalışacaq.

Lakin Qərb, onun yaratdığı informasiya cəbhəsi, Ukraynaya böyük dəstəklər fonunda Rusiyanın yaratmaq istədiyi görüntülərin inandırıcılıq əhəmiyyəti yoxdur.

Yeri gəlmişkən, Qərbdən Ukraynaya axan silah plazması Rusiyanın başağrılarını şiddətləndirir, lakin Kiyev həlledici üstünlük qazanmaqdan ötrü daha çox əziyyət çəkməli və intensiv raket atəşlərinə, infrastrukturun sıradan çıxmasına dözməlidir.

Ukrayna müharibəsinin bir ili yaxınlaşdıqca böyük strateji suallardan biri də budur ki, görəsən, Rusiya, Kiyev və Qərb bu döyüşlərdən bezib yorulacaqlar, ya yox?

Hələlik Ukrayna-NATO və onlara qarşı dayanan Rusiyanın tükəndiyindən söhbət salmaq tezdir. Müharibənin yekunu Rusiyanın və ABŞ-Britaniya ikilisinin çətiri altındakı NATO-nun hansı səviyyədə tükənməsindən asılı olacaq.

Ukrayna hər vəchlə Qərbdən müasir silahların tədarükünü davam etdirməkdə, Rusiya isə Ukraynadakı fundamental maksimalist məqsədlərini dəyişməməkdə israrlıdır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net