“Azərbaycan və Türkmənistan əlaqələri – Yeni Müstəvidə”
Tarix: 16-12-2022, 00:07 | Çap et
“Azərbaycan və Türkmənistan əlaqələri – Yeni Müstəvidə”

Ötən gün, dekabr ayının 14-də ölkə Prezidenti cənab İlham Əliyev Türkmənistanın Türkmənbaşı şəhərində Türkiyə və Türkmənistan prezidentlərinin iştirakı ilə təşkil edilən üçtərəfli zirvə görüşündə iştirak edib. Azərbaycan, Türkiyə və Türkmənistan arasında olan bu Birinci Üçtərəfli Zirvə görüşü hazırkı dövrdə xüsusi əhəmiyyət daşıyaraq, dövlətlər arası münasibətləri yeni aspektdə tənzimləməyi nəzərdə tutur. Görüşün əhəmiyyəti barədə söhbət açan Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov bu münasibətlə Prezident İlham Əliyevə xüsusi təşəkkürünü bildirib. İlham Əliyevdə öz növbəsində, qarşılıqlı olaraq qardaş Türkmənistana yenidən səfərindən məmnunluğunu ifadə edərək bildirdi ki, bu görüş ölkələrarası iqtisadiyyat, nəqliyyat-logistika, ticarət və digər sahələrdə də yeniliklər vəd edir.
Ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycan, Türkiyə və Türkmənistan bir-birilə etnik, dini-mədəni köklər və ortaq mədəni dəyərlər vastəsilə bir-birinə bağlı dövlətlərdir.
Həmçinin siyasi arenadada Azərbaycan qardaş Türkiyə və Türkmənistanla olan münasibətlərə xüsusi önəm verir və hər zaman yüksək səviyyədə əməkdaşlığa çalışır. Prezidentin qeyd etdiyi kimi, Türkiyə ilə keçən il imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərini strateji müttəfiqlik səviyyəsinə çatdırmışdır. Həmçinin 2017-ci ildə Türkmənistan ilə də belə bir strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalandığı xatırladıldı.
Beynəlxalq müstəvidə də, ölkələrimizin qarşılıqlı şəkildə əlaqələri qeyd olundu və bildirildi ki,BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çərçivəsində bir-birinə qarşılıqlı əməkdaşlıq və dəstək göstərilir.
Görüş zamanı xüsusi qeyd edilən məsələlərdən biri də Azərbaycan, Türkiyə və Türkmənistan arasında nəqliyyat-logistika sahəsindəki əldə edilən uğurlar oldu. Bildirildi ki, hər üç ölkədə bu sahəyə qoyulan sərmayələr müasir infrastrukturun yaradılmasına xidmət edir. Həmçinin Zəngəzur dəhlizindəki bütün işlərin 2024-cü ilə tamalanacağı və yeni nəqliyyat dəhlizinin yaradılacağıda vurğulandı.
Prezident həmçinin görüş zamanı nəzərə çatdırdı ki, regionun logistik potensialını zənginləşdirən layihələrdən biri olan, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və yaxın gələcəkdə bu həcmin 25 milyona çatdırılması planlaşdırılır. Logistik layihələrdən biri olan və keçən il təməli qoyulan Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasında da artıq ilk rezidentlər yerləşir. Qeyd etməliyik ki, ölkəmiz 50-dən çox yük gəmisi ilə Xəzər dənizi arealında ən böyük ticarət donanmasına malikdir.
Həmçinin, Azərbaycan regionda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Hazırda 18 yük təyyarəsinə sahibik və yaxın 10 il ərzində daha 9 təyyarənin əlavə edilməsi planlaşdırılır.
Halhazırda, ölkə ərazisində fəaliyyət göstərən 8 beynəlxalq hava limanına, 2024-cü il üçün istifadəyə verilməsi nəzərdə tutulan, 9-cu hava limanının - Laçın beynəlxalq hava limanının da əlavə edilməsi nəzərdə tutulur.
44 Günlük Vətən Müharibəsində qazandığımız qələbə sayəsində, Azərbaycanın torpaqları 30 illik işğaldan azad edildi və Qarabağ münaqişəsi uğurla həll edildi. Bu Qələbə öz növbəsində, regionda yeni nəqliyyat-kommunikasiya layihələri üçün əlverişli imkanlar yaradacaq.
Səfər çərçivəsində Azərbaycan-Türkiyə-Türkmənistan arasında üçtərəfli sənədlər imzalandı:
1. Ticari-iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası Saziş”;
2. “2023-2025-ci illər üzrə elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa dair hökumətlərarası Çərçivə Proqramı”;
3. “Gömrük əməkdaşlığına dair Birgə məşvərət komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərarası Memorandum”;
4. “Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”;
“Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum”.
Beləliklə, bu görüş Azərbaycan-Türkiyə-Türkmənistan arasında olan dövlətlərarası münasibətlərə yeni nəfəs gətirərək, hər üç ölkə üçün uğurlu gələcək vəd edir!

Əminə Əliyeva
Bakı şəhəri 84 nömrəli tam orta məktəbin tarix müəllimi






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net