Cəlilabad sakini Ramil Usubovdan kömək istədi
Tarix: 20-05-2015, 09:51 |
Çap et
Redaksiyamıza Cəlilabad rayon sakini Vasif Əlihüseynin daxili işlər naziri R.Usubova ünvanlanmış müraciəti daxil olub. Müraciətdə bildirilir:
“Hörmətli cənab nazir!
Bildirirəm ki, babam Əlihüseynov Qulamhüseyn Kəlbi oğlu bu il fevralın 21-də ağır yol qəzasına düşərək, dünyasını dəyişdi. Qeyd etdiyim kimi, hadisə fevralın 21-də Ələt-Astara magistralının rayonun Göytəpə şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Lənkəran şəhər sakini, Vağzal küçəsi, ev 28-də yaşayan 1985-ci il təvəllüdlü Ağayev Bəxtiyar Balaş oğlunun “Opel” markalı, 99 EL 192 dövlət nömrə nişanlı minik avtomobili babam, 1935-ci il təvəllüdlü Qulamhüseyn Kəlbi oğlu Əlihüseynovun idarə etdiyi “VAZ-2107” markalı, 44 BL 357 dövlət nömrə nişanlı minik avtomobili ilə toqquşub. Güclü zərbədən hər iki avtomobil ciddi zədədələnib. Hadisə nəticəsində babamı ağır xəsarətlərlə Cəlilabad rayon mərkəzi xəstəxanasına çatdırsaq da, həyatını xilas etmək mümkün olmadı.
Başımız babamın dəfninə qarışdığı bir vaxtda, Bəxtiyar Ağayev üzrxahlıq etmək əvəzinə, istintaqa yanlış ifadə verərək bildirmişdi ki, qəzaya səbəb məhz babam Əlihüseynov Qulamhüseyn Kəlbi oğludur. Babamın yas mərasiminin üçüncü günü Bəxtiyar Ağayev öz dostları ilə bizə gəlmişdi. Yas yerində ondan soruşdum ki, sən hansı sürətlə gedirdin, babamın maşını o cür əzilib?! O, isə dedi ki, köhnə maşın idi, nə etməliydim?! O, heç hadisəyə görə üzr belə istəmədi. Bizə bildirdi ki, günah babanda oldu.
Babamın yas mərasiminin yeddinci gününü yola verdikdən sonra istintaqı aparan müstəntiq Elşən Mürsəliyevlə görüşdük. Xatırladım ki, cinayət işini Masallı rayon polis şöbəsi aparır. Müstəntiqlə görüşəndən sonra məlum oldu ki, doğrudan da Bəxtiyar Ağayev bütün izahatları öz xeyrinə verib.
Biz müstəntiqə etiraz edərək bildirdik ki, babamız 60 ildir maşın idarə edir və qəzanın necə baş verməsi dəqiq araşdırılsın. Müstəntiq bildirdi ki, hadisə zamanı babanız maşında tək olmayıb, Beyləqan rayon sakini, Silahlı Qüvvələrin müddətdən artıq çavuşu Muxtarov Cavidan Ramazan oğlu ilə birlikdə olub. O, qəza zamanı qolundan və başından yüngül xəsarət alıb. Biz Cavidan Muxtarovla görüşdük. O, bizə bildirdi ki, biz saatda 40-50 km sürətlə öz yolumuzla gedirdik, qarşı tərəfdən gələn “Opel” markalı maşın yüsək sürətlə ötmə əməliyyatı edərək, yolumuza çıxaraq bizi vurdu. Onun istintaqa düzgün ifadəsindən sonra məlum oldu ki, günah babamda yox, bütün günahları babamın üstünə atan Bəxtiyar Ağayevdə olub.
Bəxtiyar Ağayev maşını nasaz olduğu halda, yaşayış məntəqəsində yüksək sürətlə ötmə əməliyyatı həyata keçirmək üçün qarşı tərəfin yoluna çıxıb və nəticədə, babamın avtomobili ilə toqquşub. Bunu hadisənin şahidi Cavidan Muxtarov müstəntiqə verdiyi izahatında da bildirib. Bundan sonra istintaq tərəfindən Bəxtiyar Ağayevə Cinayət Məcəlləsinin 263.2. maddəsi ilə cinayət işi başlanıldı. İstintaq babamın maşının ehtiyat hissələrinə 3987 manat maddi ziyan təyin etdi. Bu qədər vaxt ərzində Bəxtiyar Ağayevin nə özü, nə də yaxınları bizə gələrək üzrxahlıq belə etmədi. Bundan əlavə, biz babamın yas mərasiminə kifayət qədər xərc çəkdik, məzar daşı qoyduq. Amma nə Bəxtiyar Ağayev, nə də onun yaxınları bizə nə maddi, nə də mənəvi köməklik göstərmədilər. Bəxtiyar Ağayevin avtomobilinin siğortasının vaxtı bitdiyi üçün babamın maşınına dəymiş maddi ziyanı belə ödəmədi.
Cinayət işi məhkəməyə göndərildiyi bir vaxtda, müstəntiq Elşən Mürsəliyev bizə bildirdi ki, Bəxtiyar Ağayevin mobil telefonuna zəng çatmır. Müstəntiqin araşdırmasından sonra məlum oldu ki, Bəxtiyar Ağayev ölkəni tərk edərək, Astarxana gedib. Çox qəribədir, haqqında cinayət işi açılan Bəxtiyar Ağayev ölkədən necə qaçıb?
Hörmətli cənab nazir!
Sizdən xahiş edirik, cinayət işini nəzarətə götürərək cinayətkarın tapılaraq istintaqa cəlb edilməsi üçün aidiyyəti qurumlara göstəriş verəsiniz.
Öncədən sizə özüm və ailəm adından dərin təşəkkürlərimi bildirirəm”.
Mövzuya qayıdacağıq.