Putin: “Dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklər olub”
Rusiya Prezidenti Vladimir Putin ölkələri öz siyasətlərində “iqtisadi eqoizm” və qeyri-qanuni sanksiyalardan istifadəni dayandırmağa çağırıb.
Vertikal.az APA-ya istinadən bildirir ki, Putin bunu Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) geniş tərkibdə keçirilən sammitində çıxışı zamanı deyib.
“Bizim birliyimiz qeyri-blok xarakterlidir, biz dünyanın aparıcı iqtisadiyyatlarında maliyyə və energetika sahəsində bir sıra sistemli səhvlər nəticəsində yaranan dünyada artan enerji və ərzaq problemlərinin həllinə yardım edirik” - deyə Rusiya Prezidenti vurğulayıb.
Putin Rusiyanın siyasətində heç bir “eqoizm” olmadığını vurğulayıb: "Ümid edirik ki, iqtisadi əməkdaşlığın digər iştirakçıları da öz siyasətlərini eyni prinsiplər üzərində quracaqlar və proteksionizm, qeyri-qanuni sanksiyalar və iqtisadi eqoizm alətlərindən öz məqsədləri üçün istifadə etməyi dayandıracaqlar".
Rusiya Prezidenti dünya siyasətində və iqtisadiyyatında geri dönüşü olmayan dəyişikliklərin baş verdiyini qeyd edib: "Dünya siyasətində və iqtisadiyyatında fundamental transformasiyalar formalaşıb və onlar geri dönüşü olmayan xarakter daşıyır”.