Azərbaycan-Qazaxıstan münasibətlərində yeni mərhələ və Türk dünyasının yüksəlişi
Tarix: 27-08-2022, 00:03 | Çap et


Avqustun 24-də Prezident İlham Əliyev ilə Azərbaycanda səfərdə olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev arasında görüşdə müzakirə olunan məsələlər və imzalanan sənədlər Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni mərhələyə yüksəldiyini göstərdi. Görüş zamanı Qazaxıstan dövlət başçısı tərəfindən Prezident İlham Əliyevin Qazaxıstanın ali ordeni olan “Altın kıran” - “Qızıl qartal” ordeni ilə təltif edilməsi ölkə başçımızın iki ölkə münasibətlərinin möhkəmlənməsi yönündə gördüyü işlərə verilən yüksək qiymət olmaqla yanaşı, xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqidir.
Azərbaycanla Qazaxıstan arasında siyasi, iqtisadi, humanitar münasibətlərin inkişafı hər iki dövlətin mənafelərinə cavab verir. Ən əsası isə əlaqələri genişləndirmək üçün olduqca böyük potensial mövcuddur. Dövlətlərarası əlaqələrin inkişafında heç şübhəsiz, iqtisadi əməkdaşlıq əsas rol oynayır. Bu baxımdan Asiya ilə Avropanı birləşdirən mühüm ticarət marşrutunun üzərində yerləşən hər iki ölkə Şərq-Qərb nəqliyyat dəhlizinin vacib təminatçılarıdır.
Səfər zamanı dövlət başçıları tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə”nin məzmunu geniş ictimaiyyətə məlum olmasa da, Prezident İlham Əliyevin sənədlə bağlı açıqladığı təkcə bir detal onun ölkəmiz üçün nə qədər böyük önəm daşıdığını göstərir. Belə ki, dövlət başçımızın sözlərinə əsasən, Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi qeyd edilib. Zəngəzur dəhlizi Orta Dəhlizin tərkib hissəsi olacaq. Bu o deməkdir ki, Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, bütövlükdə Orta Dəhlizi təşkil edən dövlətlərin və bu dəhlizdən faydalanacaq daha çox sayda ölkənin marağındadır. Orta Dəhlizin Mərkəzi Asiya ölkələri, Azərbaycan, Gürcüstan və Türkiyədən keçən marşrut xətti Çindən Avropayadək uzanan ticarət yolları arasında məsafə baxımından ən əlverişli olanıdır. Buraya Zəngəzur dəhlizinin də əlavə olunması marşrutun əhəmiyyətini daha da artıracaq. Bu isə Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafının sadəcə iki ölkənin maraqlarının təminatı çərçivəsindən kənara çıxaraq, bütövlükdə Avrasiya materikinin bir çox dövlətləri, xalqları üçün faydalı olduğunu deməyə əsas verir.
Dövlət başçılarının görüşü çərçivəsində imzalanan çoxsaylı sənədlər içərisində “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Qazaxıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında 2022-2025-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlığa dair Proqram”ı da xüsusi əhəmiyyət daşıyır. Çünki xalqlararası münasibətlərin möhkəmlənməsində iqtisadi əməkdaşlıqla yanaşı, mədəni əlaqələr də çox vacib rol oynayır. Hər iki xalqın bir-birinin dili, adət-ənənələri, musiqisi, xalq yaradıcılığı nümunələri, incəsənəti, mətbəxi və s. ilə daha yaxından tanış olmasına və mübadilə etməsinə ehtiyac var.
Eyni zamanda, iki ölkə münasibətlərinin yeni mərhələyə qədəm qoyması geniş mənada Türk sivilizasiyasının yenidən yüksəlişinin çoxsaylı əlamətlərindən biridir. Son illərdə türk dövlətlərinin siyasi, iqtisadi cəhətdən güclənməsi, Türkiyənin siyasi baxımdan regional gücdən qlobal aktora çevrilməsi, Azərbaycanın İkinci Qarabağ savaşındakı zəfəri ilə öz ərazi bötüvlüyünü bərpa etməklə bərabər, regiondakı proseslərə təsir imkanlarını artırması, Türk Dövlətləri Təşkilatının genişlənərək sadəcə formal müzakirə platforması kimi deyil, real nəticələr verən səmərəli quruma çevrilməsi bu göstəricilərin bir hissəsidir. Məzmun və mahiyyət etibarilə multikultural xarakter daşıyan Türk sivilizasiyasının yüksəlişi əhatə etdiyi coğrafiyada yerləşən və yaşayan dövlətlərin inkişafı və xalqların rifahı üçün də faydalıdır.
Bildiyimiz kimi, tarixən Türk dünyası müxtəlif dövrlərdə yüksəlişə nail olmuş, dünya sivilizasiyasına, mədəniyyətinə mühüm töhfələr vermişdir. Lakin Türk sivilizasiyasının 21-ci əsrdəki yüksəlişini əvvəlkilərdən fərqləndirən əsas cəhət onun əsas təmsilçiləri olan türk dövlətlərinin bir-birilə rəqabət halında deyil, əksinə dost, tərəfdaş və müttəfiq olaraq birgə inkişaf etməsidir. Təsadüfi deyil ki, Azərbaycan və Qazaxıstan da daxil olmaqla türk dövlətləri beynəlxalq arenada da mühüm məsələlərdə eyni mövqedən çıxış edir, bir-birinin mövqelərini və təşəbbüslərini dəstəkləyirlər.

Hülya Məmmədli
Politoloq





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net