Azərbaycan Britaniyadan səfirliyə hücumla bağlı araşdırmanın nəticələrini gözləyir
Avqustun 4-də Azərbaycanın Londondakı səfirliyinə radikal dini qrup tərəfindən edilən hücum qəbuledilməzdir və bunu qınayırıq.
APA xəbər verir ki, bunu Ankarada Türkiyə KİV-ə müsahibəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.
Nazir radikal qrup tərəfindən vandalizm törədildiyini, başda qardaş Türkiyə olmaqla bir çox ölkənin buna etiraz etdiyini vurğulayıb. O, bu dövrdə səssiz qalmayan bütün ölkələrə təşəkkür edib.
Ceyhun Bayramov hücumla bağlı aidiyyəti qurumların məlumatlandırıldığını, Britaniyanın Bakıdakı səfirliyinin nümayəndəsinin XİN-ə çağırıldığını qeyd edib: “Britaniyadan birinci tələbimiz bu kimi halın bir daha təkrarlanmaması üçün ciddi zəmanət verilməsidir. Bu, Britaniyanın Vyana Konvensiyasına görə öhdəliyidir. Biz Azərbaycan olaraq bu məsələyə ciddi yanaşırıq. Azərbaycandakı bütün diplomatik missiyalar ən yüksək səviyyədə qorunur. Bu yanaşmanı Britaniyadan da gözləyirik. Digər gözləntimiz Britaniyadan hücumu törədənlər və onların arxasında duranların müəyyənləşdirilməsi istiqamətində çox ciddi araşdırmalar aparmasıdır. Nəticələri gözləyirik”.