Ərdoğan Rusiya və Ukrayna arasındakı gərginlik barədə: “İkisindən də imtina etməyimiz mümkün deyil”
“Qara dəniz qonşularımız Rusiya və Ukraynanın tezliklə müzakirə masasına qayıtmalarına ümid edirik”.
“Haber Global”ın məlumatına görə, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Afrika turundan qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında deyib.
Türkiyə lideri jurnalistlərin Ankaranın tərəflərlə bağlı mövqeyi haqqında sualına bu cür cavab verib:
“İkisindən də imtina etməyimiz mümkün deyil. Rusiya ilə istər siyasi, istərsə də iqtisadi münasibətlərimiz var. Ukrayna ilə də eyni şəkildə siyasi, hərbi, iqtisadi münasibətlərimiz var. “Ukraynadan imtina et” desəniz edə bilmərik, çünki ölkəmizin buradakı maraqları olduqca yüksək dərəcədədir. “Rusiyadan imtina et” desəniz edə bilmərik, çünki onunla da hazırda, həqiqətən yüksək səviyyədə birlikdəliyimiz var. Bizim istəyimiz elə bir addım atmaqdır ki, heç birindən imtina etmədən bu işi, inşallah, həll edək”, - deyə R.T.Ərdoğan bildirib.
Rusiya lideri Vladimir Putinlə görüşü məsələsinə də toxunan Ərdoğan görüşün NATO liderlər zirvəsindən sonra keçirilməsini məqsədəuyğun hesab etdiyini qeyd edib.