Səfir: “ABŞ Azərbaycanın suverenliyinə güclü dəstək verir”
Tarix: 16-02-2022, 15:54 | Çap et
Səfir: “ABŞ Azərbaycanın suverenliyinə güclü dəstək verir”

“ABŞ Azərbaycanın müstəqilliyinə və suverenliyinə güclü dəstək verir”.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Li Litzenberqer ABŞ-Azərbaycan diplomatik münasibətlərinin 30 illiyinə həsr olunmuş dəyirmi masada deyib.

Səfir Rusiyanın Ukrayna ilə sərhəddə çoxsaylı qoşun cəmləməsinin ABŞ üçün narahatedici olduğunu, Rusiyanın Ukraynanın işğalına hər an başlaya biləcək hərbi potensiala malik olduğunu qeyd edib.

“Bu il biz Azərbaycanla, eləcə də regiondakı bir neçə ölkə ilə əlaqələrimizin 30-cu ildönümünü qeyd edirik. Biz bu ölkələrin müstəqilliyinə və suverenliyinə güclü dəstək veririk. Təəssüf ki, Rusiya bu müstəqil və suveren ölkələrin müstəqilliyi təhdid edir”, - səfir bildirib.

Ukrayna ilə bağlı danışan diplomat Rusiyanın niyyətinin gücdən istifadə etmək olmadığına ümid etdiyini vurğulayıb.

“Diplomatik həll yolu tapıla bilər və bu, əminliklə deyə bilərəm ki, bizim ilk seçimimizdir. Amma biz Rusiyanın niyyətinin nə olduğunu bilmirik. Biz onun sərhəddəki imkanlarını bilirik və bu, birbaşa qəbuledilməz təhdiddir”, - səfir qeyd edib.

Diplomat diqqətə çatdırıb ki, ABŞ Prezidenti Co Bayden güc tətbiqindən qaçmaq məqsədi ilə Ukrayna və Rusiya hökumətləri ilə yaxın təmasdadır və bu istiqamətdə çox çalışır.

Li Litzenberqer Prezident İlham Əliyevin Kiyevə səfərinin Ukraynanın suverenliyinə Azərbaycanın dəstəyinin nümayiş etdirilməsi baxımından böyük önəm daşıdığını da vurğulayıb: “Regiondakı bütün ölkələr öz müstəqilliklərini müdafiə etməli və aydın şəkildə göstərməlidir ki, bugünkü dünyada heç kim saatı 30 il geriyə çəkə bilməz. Mən Prezident İlham Əliyevin Azərbaycanın Kiyevə səfərinin önəmini xüsusi qeyd etmək istəyirəm. Bu səfər Azərbaycanın Ukraynanın müstəqilliyinə dəstəyini, iki ölkə arasında güclü ikitərəfli əlaqələri nümayiş etdirir. ABŞ bu əlaqələri tam dəstəkləyir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net