Söyüşcül deputat Azərbaycana dönməyə bilərmi? - "Cavanşir Feyziyevin məsələsinə baxıla bilər..."
Tarix: 9-02-2022, 09:01 | Çap et
Söyüşcül deputat Azərbaycana dönməyə bilərmi? - "Cavanşir Feyziyevin məsələsinə baxıla bilər..."

Deputat Cavanşir Feyziyevin Azərbaycanın tanınmış jurnalistlərini ağır təhqir etməsi media mühitində, eləcə də sosial şəbəkələrdə ciddi narazılıq yaratdı. Söz adamlarının deputata cavabları nəticəsində Cavanşir Feyziyev özünün yazdığı təhqiramiz statusu silməyə, üzvü olduğu Mətbuat Şurasının İdarə Heyətindən istefa verməyə məcbur oldu.

Oliqarx deputat və ailəsi hazırda London məhkəmələrinin və Avropa mediasının hədəfindədir. Onun adı ciddi və qlobal cinayətlərdə hallanır. Deputata məxsus olan vəsaitlərdən 5.6 milyon funt-sterlinq (13 milyon AZN) London məhkəməsi tərəfindən müsadirə olunub. BBC-nin yaydığı məlumatdan sitat: “Böyük Britaniyanın Cinayətkarlıqla Mübarizə Agentliyi (NCA) Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan vəsaitin 5,6 (12,9 milyon AZN) milyon funt-sterlinqini müsadirə edib.

Bundan əvvəl maliyyə təhqiqatçıları Cavanşir Feyziyevin ailə üzvlərinə məxsus Britaniyadakı bank hesabları barədə Müsadirə Orderinin çıxarılmasına nail olub".

Bu hadisə onu öz ölkəsində də medianın və sosial şəbəkələrin mövzusuna çevirib. İndiyə qədər Azərbaycan mediasında ona münasibətdə komfort mühiti hökm sürürdü. Cavanşir Feyziyev PA-nın sabiq şöbə müdiri Əli Həsənovun yaxın dostu olub və məhz onun sayəsində bir zamanlar nüfuzlu qurum olan Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. Bu status və bir sıra media quruluşlarına müntəzəm maddi dəstək verməsi sayəsində qurduğu əlaqələr ona uzun illər media mühitində rahatlıq gətirib. Birdən-birə isə hər şey tərsinə getdi və Feyziyev Azərbaycan mətbuatındakı komfort ortamını itirdi. Mediaya Əli Həsənovun nəzarət etməməsi səbəbindən bu dəfə kimsə müstəqil hesab olunan sayt və internet tv-lərə “durun, yazmayın” demədi. Proseslər nəzarətdən çıxdı və sonunda deputat bütün hirsini-hikkəsini, yaşadığı uğursuzluqların günahını Azərbaycan mediasından çıxdı. BBC, “The Independent”, “Bloomberg”, “Nyu York Times” kimi media quruluşlarına heç nə edə bilməyən, İngiltərə məhkəmələri tərəfindən qaz kimi yolunan Cavanşir Feyziyev Azərbaycan mediasına aslan kəsildi və onun üzərinə getdi. Bu zaman heç bir siyasətçinin, hətta hansısa bir orta ağıllı şəxsin etməyəcəyini etdi - bir bəyanat yayaraq, Azərbaycanın ən təcrübəli, çörəyi sözdən çıxan və gerçəkdən də söz ustaları sayılan imzalarını hədəfə aldı, onları ağır ifadələrlə təhqir etdi, konkret cinayət əməlində suçladı.

Hansılardır o ifadələr və suçlamalar:

- “siyasi mənsəbə çatmaq naminə ermənilərlə əl-ələ verib Azərbaycana və onun təmsilçilərinə qarşı beynəlxalq miqyasda qarayaxma kampaniyası aparan milli satqınlar”;

- “rahat qazanc və ya Avropada sığınacaq və maddi yardım almaq naminə özlərini xarici kəşfiyyat qurumlarına təslim etmiş və etdikləri cinayətin məsuliyyətindən rahat yaxa qurtarmaq üçün ”jurnalist" və ya “siyasi fəal” adları altında müxtəlif beynəlxalq QHT-lərin donuna geyinmiş və onların köməyi ilə toxunulmazlıq statusu əldə etməyə çalışan agentlər.";

- “yaxşı yaşamaq üçün vicdanlı əməyi yox, casusluq, donosçuluq, sabotajçılıq və böhtançılıq kimi vəzifələri öz üzərlərinə götürüblər”

“stajlı dələduzlar”, “gənc dələduzlar”.

Feyziyevin bu əməllərdə ittiham etdiklərinin arasında Azərbaycan Prezidentinin fərmanı ilə “əməkdar jurnalist” fəxri adı ilə təltif edilmiş 4 redaktor da var. Onların bəziləri milli azadlıq hərəkatının və ermənilərə qarşı müqavimət prosesinin iştirakçılarıdr. Feyziyevin siyahısındakıların demək olar ki, hamısının sosial mediada və internet məkanında geniş auditoriyaları, tərəfdar kütləsi mövcuddur. Feyziyevin təhqir etdiyi jurnalistlərin əksəriyyəti həm də KİV rəhbərləridir və onların mobil, amma effektli kollektivləri var... Bir sözlə, Feyziyev axmaq bir hərəkət etdi, baltanı daşa vurdu, bu səbəbdən də cəmi 48 saat davam gətirə bildi. Ona “tüpürdüyünü yalatdılar!”

Yazdığı statusu sildi, Əli Həsənovdan xatirə qalan Mətbuat Şurasının İdarə Heyətindən istefa verməyə məcbur qaldı. Ən müxtəlif maraq və ideologiya daşıyan jurnalistləri öz təhqiri ilə birləşdirməyi bacaran Feyziyevin canını və adını onlardan asanlıqla qurtara bilməyəcəyi də göz önündədir. Jurnalistlər Cavanşir Feyziyevin rəsmi üzrxahlığını və parlament platformasında cəzalandırılmasını tələb edirlər. Bu məsələdə dövlətin tutduğu mövqe təqdir olunacaq qəbildəndir. Ölkə rəhbərliyi və media cameəsinə yaxın olan rəsmilər Əli Həsənovun yolunu seçmədilər. MEDİA Agentliyi - MİA bəyanat yayaraq, jurnalistlərin yanında olduğunu açıqladı. Dövlət qurumlarından Feyziyevi qorumaq təşəbbüsü göstərilmədi.

İndi sual budur: Feyziyevin bundan sonrakı taleyi necə olacaq? Onun deputatlıq mandatı əlindən alınacaqmı? Yoxsa daha yüngül cəza ilə canını qurtaracaq? Təhqir olunan jurnalistlər necə, onu məhkəməyə də verəcəklərmi? Daha bir sual - Feyziyev, ümumiyyətlə, Azərbaycana dönməyə bilərmi?

Tanınmış jurnalist, TV Müsavatın aparıcısı Sevinc Telmanqızı deyir ki, Cavanşir Feyziyev publik şəkildə üzrxahlıq etməlidir: “Öncə yazılı müraciət etməli, təhqir etdiyi jurnalistlərə bir-bir ”məni əfv edin" deməli, daha öncə yazdığı o çirkin və özünə yaraşan müraciətinin üzrxahlığını etməlidir. İzahat verməlidir ki, hansı şeytan onu heç bir normaya sığmayan bu tərbiyəsizliyi etməyə vadar edib: “İnsanlıq halıdır, bir şeytana uymuşam, ağzımdan, qələmimdən çıxan sözlərə nəzarət edə bilməmişəm” deyib, səmimi şəkildə durumu izah etməlidir. Hərçənd ki, tərbiyəsizliyin heç bir izahatı yoxdur, amma “lənət şeytana” deyib dinləyə bilərəm. Gəlib, bizim efirimizdə üzrxahlığını etməli və şəxsən mən bunun səmimi olduğuna inanmalıyam. Yalnız bu halda mən də bir humanist azərbaycanlı xanım olaraq, onun yaşına, ağ saçlarına baxıb, əfv etmək barədə düşünə bilərəm".

Əməkdar jurnalist, LAF TV-nin həmtəsisçisi Ləman Ələşrəfqızı “Yeni Müsavat”a deyib ki, Cavanşir Feyziyev adını çəkdiyi hər bir media mənsubundan bir-bir üzr istəməlidir: “Onun təhqir etdiyi jurnalistlərin hər biri nümunə olsun, görk olsun deyə sona qədər gedəcək. ”Deputatam" deyib ağzına gələni danışa bilməzsən. Deputat mandatı kölgəsi altında sənin Ləmanı oğru, cibgir adlandırman yolverilməzdir. Elementar mədəniyyətdir ki, çıxıb desin ki, bəli, Ləman Ələşrəfqızından üzr istəyirəm. Mənim onu bağışlamağım ikinci dərəcəli məsələdir. Çıxıb danışdıqlarını təkzib etsin, üzr istəsin. Bağışlama haqda düşünmürəm".

Əməkdar jurnalist deyir ki, Cavanşir Feyziyev adını çəkdiyi hər bir media mənsubu ilə bağlı ayrıca təkzib verməli və üzr istəməlidir: “Bundan sonra biz onunla bağlı hansı qərar verəcəyimizə baxarıq. Bu adam o hədyanları küçə adamı olaraq deyil, deputat olaraq dilə gətirir. O, ağzından çıxardığı sözün məsuliyyətini başa düşməlidir. Deputat ağzına sığan söhbəti etməlidir. Dediklərinin məsuliyyətini başa düşsün, bizlədən bir-bir üzr istəyib təkzib eləsin. Hər kəsə dərs olmalıdır ki, heç kəs jurnalistlərlə bu şəkildə danışa bilməz”.

Milli Məclisin İntizam komissiyasının sədr müavini Fəzail Ağamalı “Yeni Müsavat”a deyib ki, deputat Cavanşir Feyziyevin məsələsinə baxıla bilər. Onun sözlərinə görə, deputat Cavanşir Feyziyev və jurnalistlər arasında bu cür münasibətlərin yaranması onda təəssüf doğurur: “Mən hansısa tərəfi günahlandırmaq və ya haqq qazandırmaq fikrində deyiləm. Həmkarımın Azərbaycanda kifayət qədər tanınan jurnalistlər barədə söylədiyi fikirlərini qəbul etmirəm. Onlar öz yollarını tutan, faktlara söykənərək baş vermiş olan hadisələri özlərinə məxsus şəkildə təqdim edən jurnalistlərdir. Onların əməllərində mən nə ”xaricə işləmək" əməllərini qəbul edirəm, nə də onların kiməsə işləməyini qəbul edirəm. Çünki onlar belə jurnalistlər deyillər. Hesab edirəm ki, gərək belə vəziyyət yaranmayaydı. Hər iki tərəfə çağırış edirəm ki, lütfən dayanın. Bundan o tərəfə getməyə ehtiyac yoxdur".

Sədr müavini deputatın məsələsinə intizam komissiyasında mütləq baxılacağı ilə bağlı suala cavab verməkdə çətinlik çəkdiyini deyib: “Əgər parlamentin rəhbərliyi tərəfindən məsələnin intizam komissiyasında müzakirəsi məsləhət görülərsə, təbii ki, onda komissiya bu məsələyə baxa bilər”.
“Yeni Müsavat”




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net