Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin gələn il üçün hədəflərini açıqlayıb.
Ərdoğan hökumətin iqtisadiyyatda hazırladığı alətlərin ölkəni mənfi dairədən xilas etdiyini deyib:
"İqtisadiyyatda keçdiyimiz yol və inkişaf etdirdiyimiz alətlərin köməyi ilə ölkəmizi keçmişdə düşdüyü mənfi dairədən xilas etmişik. Yolumuz məşğulluq, istehsal, ixracda artım əldə etmək, məqsədimiz isə dünyanın ən yaxşı 10 iqtisadiyyatına daxil olmaqdır".
Ərdoğan ölkəsini dollar üsyanından qurtarmaq üçün əlindən gələni etdi və edir. Xalq da onun lirə ilə bağlı çağırışlarına müsbət reaksiya verdi. Düzdür, hökumət əhaliyə sərfəli təklifdə bulundu. Amma bu dəfə də fərqli davranmadı türk xalqı - hər zamankı kimi ən kritik anlarda dövlətin yanında oldu.
Qərb analitikləri lirənin xilas yolunun bu cür tapılmasını heyrətlə izləyirlər. Böyük Britaniya, ABŞ, Fransa və s. ölkələrin iqtisadçı-analitikləri deyirlər ki, bir ölkənin öz milli valyutasını bu şəkildə qorumasını, dollara bu yolla qalib gəlməsini ilk dəfədir görürlər. “The Washington Post” qəzetində bu proseslə bağlı “Ərdoğanomiks” başlıqlı yazı dərc olunub. Yazı istehza və tənqidlə zəngindir. Məqalədə Türkiyə iqtisadiyyatının çökməsi, idarəçiliyin yanlış olması, Ərdoğanın ölkəni düzgün yönəltməməsi vurğulanır. Amerikalılar Türkiyəyə, onun prezidentinə öz maraqları açısından yanaşırlar. Ərdoğan neçə ildir ABŞ-ın antiTürkiyə siyasətini iflasa uğradır, təsir agentlərini həbs edir, provokatorlarını zərərsizləşdirir, planlarını suya düşürür. Üstəlik, Ərdoğan Yaxın Şərqdə də Qərblə sona kimi dirəşir. Bu səbəbdən amerikalılar onu sevmir, iqtidardan getməsinə çalışırlar. Öz adamlarını, onlara tabe olan siyasi qüvvələri hakimiyyətə gətirməyə cəhd edirlər.
R.T.Ərdoğan artıq Qərbin Türkiyəyə qarşı neçənci həmləsini, neçənci qaranlıq planını iflasa uğradır. 2012-ci ilin yayındakı “Gəzi parkı olayları”, 2013-cü ilin dekabrındakı məşhur əməliyyat, sonradan Türkiyənin terrorla sarsıdılmasına yönələn əməliyyatlar, 2016-cı il iyulun 15-də hərbi çevrilişə cəhd məhz Ərdoğanın sayəsində qarşısı alınmış həmlələrdir. Bütün bunlar həm də Ərdoğana qarşı olan həmlələr idi. Son illər Qərb, daha doğrusu, ABŞ Türkiyəni dollarla vurmağa çalışır. Hələlik bu cəhdlərin qarşısı alındı, ajiotaj səngidi, amma Türkiyə hədəf taxtasından düşməyib.
Növbədə Qərbin Türkiyəyə qarşı hansı planları var?
Türkiyənin siyasi, iqtisadi və hərbi cəhətdən sarsıdılması Azəbaycanın maraqlarına uyğun deyil. İndiki vaxtda qardaş ölkənin zəiflədilməsi bizə heç sərf etmir. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, Azərbaycan bütün məsələlərdə Türkiyənin yanındadır. İlham Əliyevin Türkiyə ilə bağlı Yunanıstan səfirinə dedikləri yəqin çoxlarının yadındadır. Azərbaycan hakimiyyəti də, xalqı da Türkiyə öz dövləti, öz Vətəni bilir.
Türkiyə böhrandan çıxmaq, iqtisadiyyatını gücləndirmək, diqtə edən ölkəyə çevrilmək üçün ya nüvə dövləti olmalıdır, ya da neft-qaz ölkəsi. Nüvə dövləti olması indiki şərtlərdə mümkün görünməsə də, neft-qaz ölkəsinə çevrilə bilər. Son illərdə Türkiyədə neft və qaz yataqlarının tapılması barədə məlumatlar yayılıb. Aralıq dənizinin şərqində güclü yatağın olması məlumdur. Həmçinin Qara dənizdə və başqa yerlərdə böyük neft və qaz yataqlarının aşkarlanması ilə bağlı bilgilər var. Yunanıstan Aralıq dənizindəki yataqların ona məxsus olduğunu iddia edir. Qərb bu məsələdə Yunanıstanın tərəfindədir. Çünki Türkiyənin neft-qaz sahibi olmasını istəmir.
NATO dövləti olan Türkiyə Amerika və elə NATO üçün vazkeçilməz ölkədir. Fəqət belə güclü və azad siyasət Qərbin marağında deyil. Amerikaya, müttəfiqlərinə ələ və sözə baxan, asan idarə edilə bilən Türkiyə lazımdır, bir də zəif, iradəsiz, itaətkar cumhurbaşkanı.
Vaşinqtonla Ankara arasındakı gərginliyin gerçək səbəbini bir cümlə ilə belə ifadə etmək olar: ABŞ Türkiyədə iqtidara gəlmək istəyir, Ərdoğan buna imkan vermir...
Azər Ayxan
"Yeni Müsavat" qəzetinin baş redaktoru, əməkdar jurnalist