Sahibkarları müflisləşdirirlər - Direktor gömrükçüləri ittiham edir
Tarix: 23-12-2021, 17:31 | Çap et
Sahibkarları müflisləşdirirlər - Direktor gömrükçüləri ittiham edir
İdxal-ixrac əməliyyatı üçün müraciət edən sahibkarların əksəriyyəti gömrük orqanlarından narazıdır. Sadəcə, işlərinə əlavə problemlər yaradılmaması səbəbindən gömrük əməkdaşlarının qanunsuzluqlarını içtimailəşdirməkdən çəkinirlər.

Vertikal.Az xəbər verir ki, bunu “Kompliment” MMC-nin direktoru Aytən Ələkbərova ölkə KİV-lərinə müraciətində yazıb.

A. Ələkbərova bəzi sahibkarların gömrük orqanlarında üzləşdikləri problemin həlli və öz hüquqlarının bərpası üçün məhkəmələrə və digər instansiyalara müraciət etməkdən ehtiyatlanmalarını aşağıdakı səbəblərlə əlaqələndirib:

“Birincisi, gömrük orqanlarının rəhbər vəzifəli şəxsləri özlərini o qədər cəzasız hiss edirlər ki, onlar mətbuatda dərc olunanları veclərinə almırlar.

İkincisi, məhkəmələrin iş yükü son zamanlar çox olduğuna görə sahibkarların qaldırdığı iddialara baxılması bir necə ay çəkə bilər. Buna görə də bəzi sahibkarlar gömrük orqanlarının qanunsuz tələbləri ilə razılaşmağa məcbur olurlar. Bu səbəbdən də ölkədə qiymətlər artır, idxalla məşğul olan kiçik sahibkarların sayı azalır”.

Sahibkarlardan əlavə vəsait tələb edirlər

Sahibkarın iddiasına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev də dərk edir ki, onun apardığı gömrük islahatlarının müsbət nəticəsi yoxdur:

“Səfər Mehdiyev kütləvi informasiya vasitələrinə müsahibəsində oxucuları inandırmağa çalışır ki, güya Azərbaycanda inhisarçılıq yoxdur. Deyir ki, ölkəyə kim, nə istəyirsə, gətirə bilər. Bunu biz də təsdiq edirik. Bəli, ölkəyə kim, nə istəyirsə, gətirə bilər. Amma gətirdiyi məhsulu gömrükdən çıxara bilərmi? Yox. Çünki Səfər Mehdiyev və onun işçiləri buna müxtəlif inzibati rıçaqlarla mane olacaqlar. Nəticədə sahibkar gətirdiyi malları bir necə aydan sonra gömrükdən çox yüksək məbləğdə gömrük rüsum və ödənişlərini, həmçinin anbar pullarını ödəməklə çıxaracaqdır. Buna görə də onun gətirdiyi malların maya dəyəri çox baha olacaq, bazarda satılan qiymətlərlə rəqabət apara bilməyəcəkdir. Təbii ki, həmin sahibkar növbəti dəfə bu malları idxal etməyəcək”.

Qeyd olunur ki, S. Mehdiyevin sahibkarı müflis edib, süni maneələrlə bazardan kənarlaşdırmaq üçün bir çox inzibati rıçaqları var: “Onun tabeliyindəki struktur bölmə əməkdaşlarının demək olar ki, hamısının fəaliyyəti yalnız sahibkarları nədəsə ittiham etməkdir. Hər şeyə əl atırlar. Misal üçün, gömrükdə qarşılaşdığımız bir məsələyə diqqət yönəldirəm: 2021-ci ilin əvvəllərində ünvanımıza xarici ölkədən təyyarə ilə gətirilən yük Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən qanunsuz olaraq saxlanılıb. Həmin yük tərəfimizdən bəyan edilib, tələb olunan gömrük rüsum və ödənişləri dərhal tam ödənilib, lakin buna baxmayaraq, yükümüz həmin idarənin rəisi Bəhruz Quliyev tərəfindən əsassız olaraq buraxılmayıb. Səbəbini isə izah edə bilmirdilər. Amma şifahi olaraq bizim brokerə eşitdirirdilər ki, bəyannamədə göstərilən gömrük dəyərini 3 dəfə artırın, həmin dəyərə uyğun rüsumları ödəyin, sonra malınızı verək. Lakin dediklərini təsdiq edən hər hansı bir rəsmi sənəd vermirdilər. Həmin yük ünvanımıza əvvəllər də bir neçə dəfə daxil olub və heç bir problem olmadan gömrük rəsmiləşdirilməsi aparılıb. Biz gömrük orqanının bu qanunsuz hərəkətlərindən dəfələrlə müvafiq dövlət orqanlarına şikayətlər və “Qaynar xətt”ə zənglər etdikdən sonra Dövlət Gömrük Komitəsinin Gömrük risklərinin idarəolunması və audit baş idarəsinin rəisi, gömrük xidməti polkovniki Fərid Əliyev məcbur olub bizi qəbul etdi. Şikayətimizi dinlədikdən sonra, həmin vəzifəli şəxs bizə bildirdi ki, guya, onların əməkdaşları yoxlama aparıb və müəyyən edib ki, bizim gətirdiyimiz məhsulların daxili bazarda satış qiyməti yüksəkdir. Buna görə də biz bəyannamədə göstərilən gömrük dəyərini artırmalıyıq. Biz, təbii ki, öz növbəmizdə Fərid Əliyevdən daxili bazar qiymətinin gömrük dəyərinə hansı aidiyyətinin olması və gömrük dəyərinin müəyyən edilməsində daxili bazar qiymətindən istifadə edilməsinin qanuni əsaslarının olub-olmamasını soruşduqda, həmin vəzifəli şəxs bizə cavab verməkdən yayındı. Çünki, ilk olaraq, həmin vəzifəli şəxs bizim bəyan etdiyimiz sövdələşmə qiymətləri ilə gömrük dəyərinin müəyyən edilə bilmədiyini sübut etməli, sonra isə qanunvericilikdə nəzərdə tutulmuş digər üsullarla gömrük dəyərinin müəyyənləşməsi üçün ardıcıl addımlar atmalı və bütün bu qeyd olunan etaplarda vəzifəli şəxs tərəfindən qəbul edilmiş qanuni qərarlar olmalı idi. Təbii ki, gömrük orqanının tələbləri qanunsuz olduğuna görə qeyd olunan qərarlar da yox idi. Apardıqları araşdırma isə öz qanunsuz əməllərinə haqq qazandırmaq üçün idi”.

Rəis kosmetoloqun yazdıqlarını sübut kimi təqdim edib

A. Ələkbərova yazır ki, gətirdikləri məhsulların daxili bazar qiymətinin necə müəyyən etdiyinə dair sübutları F. Əliyevdən təqdim etməsini tələb etdikdə, o, öz işçisinin şəxsi istifadəsində olan mobil telefonundan hansısa kosmetoloqla whatsapp yazışmasını göstərib. Şikayətçi bildirir ki, həmin whatsapp yazışması gömrük işçisi ilə bir kosmetoloq arasındadır: “Onlar bizim gətirdiyimiz məhsulla Bakı şəhərində aparılan kosmetoloji prosedurun neçəyə başa gəlməsi barədə yazışırdılar. Bu da Fərid Əliyevin sübutu. Gülməli deyilmi? Gömrük işçisinin kiminləsə internet yazışması sübut növü kimi qəbul oluna bilərmi? Belə sübutla gömrük tənzimlənməsi aparmaq mümkündürmü? Cavab olaraq biz, onu başa düşə bildiyi dildə başa salmağa çalışdıq, misal çəkdik, dedik ki, soyuqdəymə zamanı belə qoyulan bankanın idxal qiyməti bir neçə qəpikdir. Lakin Bakı şəhərində hicama proseduru 30-50 manatdır. Demək, bankaların idxal qiyməti qaldırılmalıdır?

Siz baş idarə rəisinin məntiqinə fikir verin. Bundan sonra Fərid Əliyev göstəriş verdi və mallarımız buraxıldı. Biz hələ buna görə, yəni o boyda gömrük orqanında bir nəfərin axır ki, bizi başa düşdüyünə görə Fərid Əliyevə minnətdarlıq məktubu ünvanladıq.

Lakin bundan sonra ünvanımıza daxil olan mallar yenə də uzun müddət ərzində saxlanıldı. Şikayətlərin də heç bir mənası yoxdur. Nə şikayətlərimizə reaksiya verirlər, nə də bizi qəbul edirlər. Təsəvvür edin ki, bu ilin may-iyun aylarında ünvanımıza daxil olmuş mallarımız hələ də Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən buraxılmayıb və mallar gömrük orqanı tərəfindən qanunsuz olaraq daşıyıcının anbarında saxlanılır”.

Səfər Mehdiyev yalan danışır

Sahibkar, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin diqqətinə çatdırmaq istəyir ki, mallarını aylarla deyil, illərlə anbarda saxlasalar, yenə gömrükçülərə əlavə vəsait verməyəcək. Eyni zamanda bəyannamədə göstərilən real qiymətləri qaldırmaq fikrindən uzaqdır:

“Mübarizə aparıb mallarımızın qanuni yolla buraxılmasına nail olacağıq. Bizi süründürməçiliyə məruz qoyan, hədə-qorxu ilə rüşvət tələb edən, vəzifə səlahiyyətlərini aşan gömrükçülərin cəzalandırılmasına nail olacağıq”.

Sahibkar müraciətində Komitə sədri Səfər Mehdiyevin 11 dekabr 2021-ci il tarixdə verdiyi müsahibəsinə də diqqət yönəldib: “Səfər Mehdiyev həmin müsahibəsində deyir ki, sahibkarlar komitədə qeydiyyatdan keçməlidirlər, bundan sonra öz mallarının boşaldılması üçün özləri anbar yerləri tikə bilərlər. Komitə sədri bildirir ki, hər hansı mübahisəli və ya münaqişəli vəziyyət yarananda sahibkarları öz mallarını pullu anbarlarda saxlamağa məcbur etmirik. O, daha sonra deyir: “Onlar bizim nəzarətimiz altında mallarını öz anbarlarına boşaldırlar. Və mübahisə həllini tapana qədər mallar orada qalır. Yeri gəlmişkən, məhkəmələr bizim əleyhimizə və sahibkarların xeyrinə bir çox qərarlar çıxarıb. Demirəm ki, bütün əməkdaşlarımız ideal çalışır və hamısı haqlıdır. Biz həmişə dialoqun və bütün mübahisələrin hüquqi yolla həllinin tərəfdarıyıq”.

Komitə sədrinə bu qədər yalan, həqiqətə uyğun olmayan sözlər danışmaq olarmı? Ünvanımıza daxil olan mallar gömrük orqanı tərəfindən əsassız olaraq saxlanılan zaman biz, dəfələrlə rəsmi qaydada müraciətlər edərək həmin orqan tərəfindən aparılan qanunsuz yoxlamalar zamanı mallarımızın öz qanuni, gömrük və vergi orqanlarında müvafiq qaydada qeydiyyatdan keçmiş anbarımızda saxlanılmasını xahiş etmişik. Lakin bizə cavab verilməyib. Hazırda da ünvanımıza may-iyun aylarında daxil olmuş 3 yükümüz Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən aeroportda daşıyıcı şirkət «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus şəraitsiz anbarda saxlanılır. Həmin anbarda saxlama haqqı dövlətin gömrük anbarındakı saxlama haqqından 50 dəfə artıqdır. Təsəvvür edin ki, ünvanımıza daxil olan 3 yükün ümumi invoys dəyəri 22916 manatdır. Həmin yüklərə dair tərəfimizdən dərhal 9800 manat gömrük rüsum və ödənişləri edilib. Həmin malların bu günədək «ASG Business Aviation» MMC-nin «GHC» filialına məxsus anbarda saxlanılmasına görə isə 10 min manatdan çox anbar pulu hesablanıb. Siz hansısa digər ölkədə belə özbaşınalığın olmasını eşitmisinizmi? Heç yerdə belə gömrük özbaşınalıqları yoxdur. Mənim qanuni anbarım varsa, malım nəyə görə hansısa digər MMC-yə məxsus pullu anbarda qalmalıdır? Mövcüd gömrük qanunvericiliyi tələb edir ki, idxal olunan mallar gömrük orqanı tərəfindən sərbəst dövriyyəyə buraxılanadək gömrük təminatı ilə sahibkarın öz anbarında saxlanılsın. Səfər Mehdiyev də mətbuata açıqlamasında bunu vurğulayır, amma reallıqda hər şeyi əksinə edir”.

MMC direktoru KİV-lərə istinadla yazır ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəhbər vəzifəli şəxsləri ilə «ASG Business Aviation» MMC-nin «GHC» filialının anbarının müdiriyyəti qanunsuz iş birliyi yaradaq sahibkarlara süni problemlər yaratmaqla pul qazanırlar: “Hüquq-mühafizə orqanları bu qanunsuzluqları araşdırıb hüquqi qiymət verməlidirlər.

Əsasnaməsi ilə gömrük işi sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən, hüquq-mühafizə statusu olan mərkəzi icra hakimiyyəti orqanının və onların struktur bölmələrinin rəhbərləri əgər son altı ay ərzində idxalçı tərəfindən onlara ünvanlanmış 300-yə yaxın müraciət, şikayət və məktublara reksiya vermirlərsə, deməli, onlar öz yerlərində deyillər.

Azərbaycan Respublikası illər əvvəl müstəqilliyə qədəm qoyanda və Dövlət Gömrük Komitəsi yaranan zaman müvafiq təcrübəyə və ixtisasa malik gömrük işçilərinin sayı çox az idi. İlk vaxtlarda respublikanın müxtəlif təsərrüfat, qismən də bilik və ixtisas səviyyəsi aşağı olan mütəxəssislər işə götürülmüşdülər. Gömrükçülərin cərgələrinə asan yolla qazanmaq istəyənlər də soxula biliblər. Deməli, belələri hələ də gömrük orqanlarında xidmət edirlər.

Xarici şirkətlər Azərbaycanla işləmək istəmir

Hələ vaxtilə ümummilli lider H. Əliyev gömrük işində yaranmış vəziyyəti xarakterizə edərək deyib: “Təəssüf ki, gömrük işçilərinin öz vəzifələrindən sui-istifadə etməsi halları, dövlət mənafeyini qorumayaraq öz mənafelərinə çalışması halları da var. Bunlarla kəskin mübarizə aparmaq lazımdır. Mən hesab edirəm ki, əgər bütün gömrük məntəqələrində, gömrük orqanlarında işlərin hamısı qanuni, bütün qaydaların, bütün nizamnamələrin yüksək tələblərinə uyğun olsaydı, gömrük xidmətindən gələn gəlir xeyli artıq olardı, eyni zamanda respublikamızın iqtisadiyyatına zərər vuran hallar olmazdı”.

Gömrük xidmətinin strateji məqsədi gömrük inzibatçılığının keyfiyyətinin və səmərəliliyinin yüksəldilməsi əsasında ölkə iqtisadiyyatına investisiyaların cəlb edilməsi və xarici ticarət fəaliyyətinin maksimum dərəcədə təşviq edilməsi üçün əlverişli şərait yaradılması olmalıdır. Lakin reallıqda biz bunu müşahidə etmirik. İnvestisiyalar azalır, xarici şirkətlər Azərbaycanla işləmək istəmir”.

Şikayətçi bildirir ki, gömrük siyasətinin əsası idxalın strukturunu yüksək keyfiyyətli əlaqələrin xeyrinə dəyişdirmək, təkcə idxal edilən məhsulun deyil, yerli məhsulun da qiymətinin aşağı salınmasına nail olunmasını təşkil etməkdir: “Hazırda bunun əksini müşahidə edirik. Dövlət Gömrük Komitəsi idxal edilən malların gömrük dəyərinin süni şəkildə qaldırılmasına xidmət edir. Təbii ki, buna görə də daxili bazarda həm xarici malların, həm də yerli istehsal mallarının qiymətləri artacaqdır.

Səfər Mehdiyev öz açıqlamalarında da idxalın azaldığını vurğulayır. Lakin bunun səbəblərini düzgün açıqlamır. Ən əsas səbəb ölkəmizdəki gömrük özbaşınalığıdır. Buna görə də xarici şirkətlər ölkəmizlə artıq işləmək, mal göndərmək istəmir. Çünki, göndərilən mallar ya nəqliyyat vasitələrinin üzərində, ya da daşıyıcının anbarında aylarla saxlanılır. Bununla da məhsulun ticarət markasının nüfuzuna xələl gəlir, malların keyfiyyətinə zərər dəyir, qiyməti süni şəkildə artır, bazarda rəqabət qabiliyyəti olmayan mala çevrilir”.

A. Ələkbərova iddia edir ki, gömrük orqanlarının rəhbər işçiləri də komitə sədri S. Mehdiyev kimi yalnız söz oynadırlar:

“Siz də şahidi oldunuz ki, S. Mehdiyev müsahibəsində bir neçə dəfə “Milli Məclis”, “deputat” və “millət vəkilləri” sözlərini işlədib, millət vəkillərini fırıldaqçı adlandırıb, sonradan komitənin sözçüsü vasitəsi ilə öz sözlərini danaraq, təkzib etdi. Həmçinin müsahibə alan jurnalisti ittiham edərək onun peşəkarlığını, işgüzar nüfuzunu sual altında qoydu. Belə rəhbərdən yaxşı nə gözləmək olar? Komitə rəhbəri və qurumun digər vəzifəli şəxsləri eyni münasibəti sahibkarlara qarşı göstərirlər. Gömrük orqanlarının nümayəndələri hətta məhkəmələrdə belə yalan izahatlar verirlər, saxtalaşdırılmış sənədlər təqdim edirlər və s. Biz bunun şahidi olmuşuq.

Gömrük Komitəsi sədrinin və digər vəzifəli şəxslərin, gömrük orqanları rəislərinin nədənsə qadın sahibkarlara qarşı aqressivliyi daha artıqdır. Çox güman ki, qadınlar haqsızlıqlarla razılaşmadığına görə, həmçinin qarşılaşdıqları qanunsuzluqlarla bağlı aidiyyəti dövlət orqanlarına şikayət etməyə və bununla bağlı məhkəmələrdə tez-tez iddialar qaldırmaları səbəbindən gömrükçülər onları daha çox süründürməçiliyə məruz qoyurlar.

Bu yaxınlarda mətbuatdan da izlədiyiniz kimi, gömrük orqanı “Ambiance.med” MMC-ni süründürməçiliyə məruz qoyaraq, ölkə ərazisinə idxal edilən mallara görə əsassız olaraq 3 dəfə artırılmış rüsum tələb edirdi. MMC-nin qadın rəhbəri məhkəmədə iddia qaldırdıqdan sonra mallarını məhkəmə qərarı ilə çıxartmağa müvəffəq oldu. Yaxşı ki, ölkəmizdə ədalətli məhkəmələr var. Bu, ölkə prezidentinin təşəbbüsü ilə məhkəmə orqanlarında aparılan uğurlu islahatların nəticəsidir. Həmçinin, ölkə başçısı hələ 03 aprel 2019-cu il tarixli Fərmanında bütün məhkəmə sədrlərinə və hakimlərə tövsiyə edib ki, məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və cəmiyyətdə məhkəmələrə etimadın möhkəmləndirilməsi üçün fəaliyyətlərində ədalət, qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin qanun və məhkəmə qarşısında bərabərliyi və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etsinlər”.

Müraciətdə qeyd olunur ki, ölkəmizdə bir çox sahibkar gömrük özbaşınalığından əziyyət çəksə də, nadir hallarda məhkəmə yolu ilə hüququnu müdafiə edənlər tapılır: “Məhkəmələr problemə ədalətli yanaşsalar da, iş yüklərinin çox olmasına görə məhkəmə prosesləri uzun müddət aparır. Buna görə də bəzi sahibkarlar pozulmuş hüquqlarının məhkəmə yolu ilə bərpa edilməsinə nail olmaq əvəzinə gömrükçülərlə “sövdələşməyə” üstünlük verirlər.

Mətbuatdan da oxuyuruq ki, təkcə son 3 ildə Dövlət Gömrük Komitəsində prokurorluq orqanları tərəfindən aparılan həbslər həmin orqanda bir çox qanunsuzluqları aşkar edib. Təsəvvür edin ki, Bakı Baş Gömrük İdarəsində işçilərin əməkhaqqından pensiya fonduna köçürülməsi nəzərdə tutulan 22 faiz vəsaiti də mənimsəyiblər. “Dolanışıqları var”, - bəhanəsi ilə Maliyyə şöbəsinin rəisi tərəfindən bəzi işçilərin əməkhaqqı kartları əllərindən alınıb. Həmin idarə tərəfindən milyon manatlarla büdcə vəsaiti mənimsənilib.

Komitə sədri istefa verməlidir

Gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməsi barədə daxil olmuş məlumatlar əsasında 2021-ci ilin mart ayında prokurorluq orqanları tərəfindən Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin Xəlilov, habelə “Global Broker” MMC-nin direktoru olmaqla “D2D Logistics” MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunmuş malların gömrük orqanından çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində istəməklə almaları və vəzifə səlahiyyətlərindən sui-istifadə etmələri müəyyən olunub.

Astara Gömrük Məntəqəsinin ərazisindəki “Duty free” şirkətinin anbarından milyon manatlarla dəyərində malın yoxa çıxması, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Poçt göndərişləri gömrük postunun rəhbər işçilərinin həbs edilməsi, həmçinin 2021-ci ildə Hesablama Palatası tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində aparılan yoxlama zamanı aşkar edilmiş nöqsan və ciddi qanun pozuntularını və digər belə halları sadalamaqla bitmır. Belə olduğu halda Dövlət Gömrük Komitəsinin sədri islahatlardan danışmamalı, istefa verməlidir.

Bu kimi halların davam etməsi ölkəmizin iqtisadiyyatını zəiflədir, həmçinin beynəlxalq aləmdə də imicinə xələl gətirir. Xarici şirkətlər ölkəyə investisiya qoymaqdan çəkinir. Nüfuzlu şirkətlər ölkəmizə mal göndərməkdən ehtiyat edir. Çünki, mallar aylarla gömrükdə qalır, keyfiyyətdən düşür, brendin adına xələl gəlir. Sahibkarlara qərəzli şəkildə maddi və mənəvi zərər vurulur.

Ölkədə qiymətlər sürətlə artır. Bu isə əhalinin haqlı narazılığına səbəb olur. Səfər Mehdiyev kimiləri ölkə vətəndaşlarını məqsədyönlü şəkildə prezidentimizdən və hökumətdən narazı salır. Buna son qoymağın vaxtıdır! Lakin buna son qoymaq üçün Dövlət Gömrük Komitəsi təcili ləğv olunmalı, yeni, təcrübəli və vicdanlı şəxsi heyətlə Dövlət Gömrük Xidməti yaradılmalıdır. Bunun effekti dərhal hiss olunacaq. Necə ki, bir neçə il əvvəl Vergilər Nazirliyi ləğv olundu və onun bazasında Dövlət Vergi Xidməti yaradıldı. Bununla sahibkarlar da rahat nəfəs aldı, büdcə yığımları da artdı”.

Gömrük orqanlarındakı qanunsuzluqlarla bağlı bir müddət əvvəl də ölkə KİV-lərinə müraciət etdiyini xatırladan A. Ələkbərova Dövlət Komitəsi tərəfindən sahibkarlara yaradılan süni problemlər barədə yuxarı instasiyalara tezliklə növbəti dəfə açıq müraciət ünvanlayacağını yazıb. Sahibkar inanır ki, müvafiq qurumlar onun müraciətlərinə tezliklə reaksiya verəcək və gömrük orqanlarındakı özbaşınalıqlara qismən son qoyulacaqdır.

Vertikal.Az Dövlət Gömrük Komitəsinin və adları çəkilən əməkdaşların məsələyə münasibətinə yer ayırmağa hazırdır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net