Ermənilərin Putin düşmənçiliyi, Yeltsin sevgisi... - GƏLİŞMƏ
Tarix: 17-12-2021, 09:50 | Çap et
Ermənilərin Putin düşmənçiliyi, Yeltsin sevgisi... - GƏLİŞMƏ

İkinci Qarabağ müharibəsindən sonra ermənilər uğradıqları məğlubiyyətə görə Rusiya hakimiyyətini və prezidenti Vladimir Putini ittiham etməkdə davam edirlər. Erməni mediası indi də belə bir yalan uydurub ki, guya Vladimir Putin prezident olana qədər Qarabağdakı separatçılar danışıqlar masasında tərəf olub. Putin prezident olandan sonra bu aradan qalxıb: “Bütün bəlalarımızın, faciələrimizin əsas səbəbkarının konkret adı və soyadı, vəzifəsi var. Putin hakimiyyətə gələnə qədər ”artsax" danışıqlar masasında idi, Azərbaycan buna qarşı bir söz deyə bilməzdi. Putin buna son qoydu. Prezident Boris Yeltsin Ermənistana qarşı əsl rus vətənpərvərinin ən isti hisslərini yaşayırdı. Putinin Ermənistanı səmimiyyətlə sevməməsi onsuz da aydındır. Əslində buna görə də Putin ölkəmizin suverenliyini və müstəqilliyini məhdudlaşdırmaq üçün hər şeyi etdi.”

Erməni mediasının iddiası nə dərəcə əsaslıdır? Yeltsinin hakimiyyəti dövründə Qarabağ erməniləri danışıqlar masasında olubmu? Putin hakimiyyətə gələndən sonra danışıqlar formatında nə dəyişib ki, ermənilər Yeltsin dövrünün xiffətini edir?

DİA.AZ "Yeni Müsavat"a istinadən xəbər verir ki, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev burada Azərbaycan və Rusiya rəhbərlərinin münasibətlərinin də önəmli rol oynadığını söylədi: “Mənim fikrimcə, Yeltsin demokrat olsa da, Qarabağ məsələsində Qorbaçovun yolunu davam etdirirdi. Hamıya məlum idi ki, Qorbaçovun ətrafında çoxlu erməni olub. Şahnazarov, Aqanbekyan və s. kimi ”məsləhət" verənlər. Qorbaçovun vaxtında başlanan Qarabağın işğalı Yeltsin dövründə davam olundu. Putin dövründə isə Qarabağ münaqişəsi donduruldu. Əslində bəlkə də bu bizim xeyrimizə oldu. Biz ordu quruculuğu ilə yanaşı, iqtisadiyyatımızı da gücləndirdik.

Xarici investorları dəvət etdik. Tədricən aparıcı ölkələrdən dəstək aldıq. Xarici siyasətdə paritetliyi saxladıq. Ermənistan isə baxmayaraq ki, Rusiyaya donor ölkə kimi baxıb, Rusiya təsirindən çıxmaq üçün, Qərbə meylli olub. Qərbyönüllü siyasət yürüdüb. Bu da təbii ki, rəsmi Moskvanın xoşuna gəlməyib. Bunlar hamısı Azərbaycanın xeyrinə oldu. Digər bir məqamı da qeyd etmək lazımdır – İlham Əliyevin və Vladimir Putinin şəxsi münasibətlərini. Ermənilər bunları bilirdilər, ona görə də işğal etdiyi ərazilərdə bir iş görməyiblər, ancaq dagıdıblar. Düzdür, bir neçə məsələ hələ də açıq qalıb. Rusiya sülhməramlılarının mandatdan kənar fəaliyyəti, heykəllərin qoyulması və s. kimi məsələlər. Amma bunlar da vaxtında öz həllini tapacaq".

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli deyilənlərin cəfəng olduğunu bildirdi: “Erməni mediasında nə qədər Putinə, Rusiyaya qarşı yazılar gedirsə, rus səfirliyi önündə aksiyalar keçirilirsə, telekanallarda verilişlər həsr olunursa, bunlar Azərbaycanın xeyrinədir. Kreml erməni ictimaiyyətini izləyir. Azərbaycan da eynən belə edir. Ermənilərin dediyi cəfəngiyyatdır. Qondarma rejim heç vaxt Azərbaycanla bərabərhüquqlu qəbul edilməyib. Düzdür, bir müddət Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi yazıldı. Amma bundan o yana getmədi. Yəni burada da münaqişə tərəfləri kimi Azərbaycanla Ermənistan göstərildi, qondarma rejim yox. Doğrudur, Yeltsinin dövründə ermənilər parlaq qələbə qazandılar. Amma bu, Yeltsinin erməniləri sevməsindən irəli gəlmirdi. O zaman Azərbaycanda mərkəzdənqaçma meylləri çox idi. Ölkəmizdə sabitlik yox idi. Hökumət dəyişiklikləri ard-arda olurdu. Ermənistan tərəfindən Rusiya çıxış edirdi. 366-cı alay və digər qüvvələr, kazaklar, kazak muzdluları bizə qarşı döyüşdü. Amma birmənalı şəkildə Rusiyanın o zamankı rəhbərinin ermənilərə qarşı simpatiyasının olduğunu demək olmazdı. Putinin də Azərbaycana xüsusi sevgisi, yaxud ermənilərə nifrəti yoxdur. Sadəcə, Azərbaycan çox güclənib. Burada Ermənistanın da səhvləri az rol oynamadı. Bir sözlə, 90-cı illərdə Azərbaycan rəhbərliyinin etdiyi səhvləri Paşinyan hökuməti təkrarladı. Güclü Ərdoğan Türkiyəsinin ölkəmizin yanında olması o yerə gətirib çıxardı ki, Azərbaycan revanşı qazandı. Amma bütün bunları Putinin erməniləri sevməməsinin üzərinə atmaq da doğru deyil. Ermənilər gözləyirdi ki, Rusiya onlara görə Azərbaycan və Türkiyə ilə vuruşacaq. Amma bu olmadı və onların bu gözləntiləri kökündən səhv idi. İndi həmin səhv gözləntilərinin acısını yaşayırlar”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net