"Sülh müqaviləsini Minsk Qrupuna həvalə etmək suallar doğurur..." - NƏ ETMƏLİ?
Tarix: 17-12-2021, 09:20 | Çap et
"Sülh müqaviləsini Minsk Qrupuna həvalə etmək suallar doğurur..." - NƏ ETMƏLİ?

Brüssel görüşündə səsləndirilən fikirlərdən biri də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin hazırlanmasını Minsk Qrupuna həvalə etməyin mümkünlüyü barədə fikirlərin səsləndirilməsi oldu.

Moderator.az Minsk Qrupunun müharibədən sonra arxa plana düşdüyü bir vaxtda iki ölkə arasında sülh müqaviləsi hazırlaması ideyasına münasibəti öyrənmək məqsədilə tanınmış konfliktoloq Elxan Mehdiyevdən müsahibə alıb. DİA.AZ müsahibəni təqdim edir:

- Elxan bəy, Minsk Qrupunun sülh müqaviləsi hazırlaması perspektivinə münasibətiniz necədir?

- Mənfidir.

- Niyə?

- Nəyə görə Minsk qrupu sülh müqaviləsini hazırlamalıdır ki?

- Vasitəçi kimi?

- Heç kim dövlətlərarası sülh müqaviləsini beynəlxalq təşkilatlara tapşırmır. Ya da beynəlxalq vasitəçilərə. Bu cür hallar dövləti olmayan,müstəmləkədən azad olmaqda olan koloniyalarda baş verir. Bizim isə 30 illik müstəqil xarici işlər nazirliyimiz var. Bir də ki, elə bir təşkilat və vasitəçi qrup ki, onlar son 28 ildə işğalın davam etməsinə və Azərbaycanın yüz minlərlə insanının həyatının məhv olmasına biganə qalmış və Azərbaycan cəmiyyətinin qarşısında iflas etmiş və tamamilə inamını itirmişlər. Dövlətlərarası müqavilə iki ölkə arasındakı damışıqlarla ortaya çıxmalıdır. Azərbaycan burada Minsk qrupundan yox, tanınmış beynəlxalq hüquqçulardan istifadə edə bilər.

- Sizcə təklif edilirsə Minsk qrupunun reaksiyası nə olacaq?

- Siz düşünürsüz ki, Minsk qrupu vasitəçilyi yenidən işə salınarsa, onlar Azərbaycanın arzularını yerinə yetirəcək? Yox. Azərbaycan sülh müqaviləsi təklifi ilə çıxış edirsə, Ermənistan da bu təkliflə çıxış edəcək və Qarabağ erməniləri üçün status müəyyən edilməsi təklifini sülh müqaviləsinin tərkib hissəsi kimi ortaya qoyacaq. Həmsədrlər də hər iki tərəfin təkliflərini bir sənədə inteqrasiya edib statusu özündə ehtiva edən sülh müqaviləsi layihəsini hazırlayıb həvəslə işə başlayacaqlar. Artıq, başqa məsələlərlə bərabər, Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlar prosesi indi də bu cür çərçivədə davam etdiriləcək və sülh müqaviləsinin imzalanması üçün aparıcı element də status olacaq. Minsk Qrupuna sülh müqaviləsi tapşırılsa, hamıya məlumdur ki, ssenari bu cür olacaq.

- Nəyə əsaslanıb deyirsiniz?

- Ona arxalanıram ki, sülh müqaviləsini imzalamalı olan Ermənistan məsələyə ancaq bu prizmadan yanaşır. İkincisi, müharibə bitəndən bəri ABŞ və Fransa sanki müharibənin nəticələrini tanımır və ancaq Qarabağ erməniləri üçün statusdan danışır. Rusiya “şüurlu şəkildə bu işi sonraya saxlasa da hər üçü arasında fikir birliyi vardır. Minsk Qrupu həmsədrləri də, əsasən Fransa və ABŞ, özlərinin bu məsələyə cəlb olunmasını ancaq status ətrafında danışıqlarda görürlər. Onlar hələ də güc vasitəçiliyi aparmaq ümidindədirlər.

- Azərbaycan buna gedəcəkmi?

- Verilən bəyanatlar bunun əksini deyir. Amma bildiyiniz kimi,bəyanatlar ilə diplomatiya fərqli müstəvilərdə baş verir. Paşinyanın gedişlərinə baxsaq, o parlamentdə son çıxışlarında statusun müəyyən edilməsinin heç də keçmiş DQ-ın Azərbaycandan ayrılması mənasında olmadığını bildirmişdir. Bu baxımdan, bəlkə Azərbaycan rəhbərliyi də Minsk qrupuna müraciət etməklə sülh müqaviləsi çərçivəsində bu cür status danışıqlarını aparmaq istəyir? Bu cür müraciətlər də təbii ki suallar doğurur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net