"Jurnalisti həddindən artıq bürokratik çərçivədə saxlamaq doğru deyil" - Deputatdan ÇAĞIRIŞ
Tarix: 16-12-2021, 14:44 | Çap et
"Jurnalisti həddindən artıq bürokratik çərçivədə saxlamaq doğru deyil" - Deputatdan ÇAĞIRIŞ

"Media haqqında" yeni qanun layihəsində jurnalist – əmək müqaviləsi ilə media subyektində və ya fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə fəaliyyət göstərən, əsas fəaliyyət növü davamlı şəkildə məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etmək, ötürmək, habelə həmin məlumatlara dair fikir bildirmək (şərh vermək) olan və bu fəaliyyəti gəlir əldə etmək məqsədilə yerinə yetirən şəxsdir.
DİA.AZ xəbər verir ki, deputat Fazil Mustafa Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, bu məsələ hamıya şamil olunmamalıdır:
"Bəzi jurnalistlər əmək müqaviləsi ilə işləyirlər və vergi ödəyirlər. Amma bütün jurnalistlərə bunun şamil edilməsi doğru deyil. Çünki jurnalist sərbəstliyinə imkan yaratmaq lazımdır. Sadəcə etik çərçivəni müəyyən edəndən sonra bu sərbəstliyi hansı formada gerçəkləşdirəcəklərsə, bu, jurnalistlərin artıq özünə aid olan məsələdir. Bu çərçivə pozulacaqsa, məsuliyyət yaranacaq. Ona görə də jurnalisti həddindən artıq bürokratik çərçivədə saxlamaq doğru deyil".
"Jurnalistlərə sərbəstlik, azadlıq və öz fikirlərini ifadə etmək imkanlarını daha çox genişləndirmək lazımdır. Amma bununla bərabər məsuliyyəti də tələb etmək lazımdır. Belə qanunlarda hamını razı salan və ya razı salmayan müəyyən tərəflər də olur. Hər halda elə etməliyik ki, bu qanun layihəsi yaxşı cilalansın və jurnalistlərin işinə də kömək etsin" - deyə deputat qeyd edib.
Qeyd edək ki, yeni qanun layihəsinə görə, Media Reyestrinə daxil edilmək üçün müraciət etmiş jurnalistlər aşağıdakı tələblərə cavab verməlidir:
Ali təhsili olmalıdır;
Fəaliyyət qabiliyyətli olmalıdır;
Ağır və ya xüsusilə ağır cinayətlərə, habelə ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə əvvəllər məhkum edilməmiş olmalıdır;
Məhkumluğu ödənilmiş və ya götürülmüş olmalıdır;
Media subyekti ilə əmək müqaviləsi olmalıdır (fərdi olaraq müəllif hüquqları əsasında işləyən jurnalistlərin azı bir media subyekti ilə mülki hüquqi müqaviləsi olmalıdır);
İşlədiyi media subyekti Media Reyestrinə daxil edilmiş olmalıdır;
İşlədiyi media subyekti davamlı fəaliyyət göstərməlidir (müraciət tarixinə qədər fəaliyyət göstərməmiş media subyektləri istisna olmaqla);
Jurnalistika sahəsi üzrə 3 (üç) ildən az olmayaraq iş stajı olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində jurnalistika sahəsində 3 (üç ) ildən az olmayan müddətdə fəaliyyət göstərməlidir;
Jurnalist kimi fəaliyyət göstərdiyi müddət ərzində peşə etikası (etik davranış) qaydalarına riayət etməlidir;
Fərdi olaraq müəllif hüquqları əsasında mülki hüquq müqaviləsi ilə işləyən jurnalist fərdi sahibkar kimi vergi uçotuna alınmış olmalıdır.
Qeyd edək ki, Milli Məclis artıq birinci oxunuşda "Media haqqında" qanunu qəbul edib. Bu qanun sosial şəbəkələrdə və KİV-də daha çox müzakirə olunur. Çünki jurnalistlərin və media mütəxəssislərinin bir hissəsi hesab edir ki, bu qanunda onlayn medianın və jurnalistlərin fəaliyyətini məhdudlaşdıracaq çox sayda maddələr var. Media və jurnalistlərin reyestrinin yaradılması ən çox etiraz edilən məsələlərdən biridir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net