Brüsseldə Paşinyanın qoltuğuna verilən “Yol xəritəsi” - NƏ BAŞ VERİR?
Tarix: 16-12-2021, 09:20 | Çap et
Brüsseldə Paşinyanın qoltuğuna verilən “Yol xəritəsi” - NƏ BAŞ VERİR?
Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri arasında iki və üçtərəfli görüşlər bitdi. Məlumatlara görə, Əliyevlə Paşinyanın təkbətək görüşü 4 saat yarımdan çox çəkib. Əlbəttə ki, görüşün bütün detalları geniş ictimaiyyətə açıqlanmayacaq. Ancaq zamanla yəqin ki, onların təzahürlərini praktik müstəvidə görə biləcəyik. Söhbət özəlliklə 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il üçtərəfli razılaşma sənədləri və bu razılaşmaları təsdiqləyən üçtərəfli Soçi bəyanatı əsasında bölgədə uzunmüddətli sülhün və qarşılıqlı əməkdaşlığın bərqərar edilməsindən gedir.

Vertikal.az-ın "Yeni Müsavat"a istinadən məlumatına görə, Brüsseldə Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişelin də iştirakı ilə aparılan danışıqlardan və Mişelin Aİ adından verdiyi bəyanatdan aydın olur ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesi məhz Bakının müdafiə elədiyi gündəlik əsasında irəli aparılacaq. Bu gündəliyin qayəsində isə 10 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il tarixli məlum sənədlərin bəndləri durur.

*****

Başqa sözlə, heç bir başqa sənəd, yaxud erməni tərəfinin vaxtaşırı istinad elədiyi sənəd layihələri, hansısa “Madrid prinsipləri”, “Lavrov planı”-zad daha mövcud deyil. Elə ATƏT-in Minsk Qrupu da artıq keçmiş sayıla bilər və bir daha reanimasiya edilməyəcək. Brüssel görüşlərindən altı qırmızı xətlə cızılmalı ən mühüm nəticə də bizcə, budur: İrəvanın Avropa İttifaqının əli ilə öz gündəliyini Bakıya sırımaq üçün son cəhdinin də iflas olması.

Ermənistan baş nazirinə aydın şəkildə anladıldı ki, Azərbaycanla əlaqələrin bərpası üçün ortada yalnız 2 konkret hüquqi sənəd var - 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli sazişləri. Şarl Mişelin də bəyanatından görünür ki, artıq Avropa Birliyi də həmin sənədləri əsas “Yol xəritəsi” hesab edir. Təsadüfi deyil ki, Mişelin bəyanatında nə Minsk Qrupunun adı çəkilir, nə də “status”un.

Şarl Mişelin icrasının vacib olduğuna çağırış elədiyi 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli sənədlərdə də statusla bağlı heç nə yoxdur. Əksinə, tələb var ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazimizdə qanunsuz erməni silahlı birləşmələri tərk-silah edilməli və ya oradan çıxarılmalıdır. 10 noyabr kapitulyasiya sənədinin 9-cu bədində isə Azərbaycanın materik hissəsi ilə Naxçıvan arasında quru əlaqənin dəhliz fəlsəfəsi üzrə fəaliyyəti əks olunub. Orada aydın yazılıb ki, Ermənistan bu əlaqənin maneəsiz fəaliyyətinə təminat verməlidir (“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir”).

Yəni heç bir nəzarət-yoxlanışdan söhbət gedə bilməz. Belə bir şey olarsa, avtomatik şəkildə Laçın dəhlizi də indiki müvəqqəti statusunu itirəcək və orada Azərbaycan öz postlarını quracaq. Nə barədə ki, Prezident İlham Əliyev Brüsseldə birmənalı xəbərdarlıq elədi...

*****

Avropa səfəri çərçivəsində İlham Əliyev yerdə qalan “i”lərin də üzərinə nöqtə qoydu. Məsələn, İspaniyanın “El Pais” nəşrinə müsahibəsində dövlət başçısı deyib ki, Qarabağın statusu barədə hər hansı müzakirəyə geri dönüş yoxdur və Dağlıq Qarabağ münaqişəsi bitib.

“Azərbaycanın mövqeyi açıq-aydındır. Biz sülh istəyirik, müharibə istəmirik. Biz müharibədə zəfər çaldıq, biz qalibik. Bu reallığı nəzərə almaq lazımdır”, - Prezident vurğulayıb.

Bölgədəki vəziyyətə toxunan İlham Əliyev hazırda situasiyanın nisbətən sabit olduğunu vurğulayıb: “Təəssüf ki, Ermənistan revanş cəhdlərinin qarşısını almayıb. Onlar üçün İkinci Qarabağ müharibəsində məğlubiyyət çox ağrılı, demək olar, 30 ildir ordunun məğlubedilməzliyi, onun əsgər və komandirlərinin gücünü, cəsarətini təbliğ edən ideoloji əsas və təbliğatı üçün sarsıdıcı olub. 44 günlük müharibə zamanı onların ordusu tamamilə məhv edilib”.

*****

Lakin Ermənistan və onun cəmiyyəti Azərbaycanın yaratdığı yeni reallıqla, təzə status-kvo ilə barışmaq zorundadır. Və bunu nə qədər tez eləsə, revanşist ovqatdan və planlardan nə qədər tez əl çəksə, bir o qədər özü üçün faydalı olar. Daha bir səbəbə: artıq Ş.Mişelin timsalında Avropa Birliyi də İrəvanın köhnə-status kvonu bərpaya yönəlik cəhdlərini dəstəkləmədiyini ortaya qoydu. Mişelin bəyanatından da göründüyü kimi, iki ölkənin rəhbərlərinə sərhədlərin delimitasiya və demarkasiyası, Cənubi Qafqazda sülhün təmin edilməsi üçün hərtərəfli sülh müqaviləsinin imzalanması, habelə Ermənistan və Azərbaycan arasındakı “münaqişə irsinin aradan qaldırılması” üçün çağırışlar edilib.

Bu o deməkdir ki, Bakının dediyi kimi, münaqişə həqiqətən, keçmişdə qalıb və gələcəyə baxmaq lazımdır. Bu, həmçinin təşkilatın Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək kimi qəbul edilməlidir.

Bütün bunlar Azərbaycanın ədalətli və haqlı mövqeyinin, 44 günlük Vətən müharibəsindəki tarixi zəfərimizin artıq Aİ səviyyəsində də qəbul edildiyinin sübutu sayıla bilər. Qalır Ermənistanın nəhayət ki, düşmənçilikdən və ərazi iddiasından əl çəkib, normal davranış nümayiş etdirməsi və Azərbaycanla sülh razılaşması üzərində işə başlaması...

*****

Maraqlıdır ki, Brüssel görüşləri gedərkən İrəvanda parlamentin hakim “Vətəndaş müqaviləsi” fraksiyasının üzvləri ilə eks-prezident Levon Ter-Petosyanın sabiq müşaviri, ABŞ ermənisi Jirayr Liparidyan arasında qapalı görüş olub.

“Yeni Müsavat”ın “Qraparak” qəzetinə istinadən verdiyi məlumata görə, görüş ideyası Nikol Paşinyandan gəlib. Nəşrin iddiasına görə, baş nazir J.Liparidyanı ona görə parlamentə göndərib ki, keçmiş müşavir özünün Türkiyə və Azərbaycanla barış tezislərini təbliğ eləsin, çünki Nikol narahatdır ki, komandasının içində belə, onun mövqeyini bölüşməyən narazılar ortaya çıxa bilər (Liparidyan eks-prezident Ter-Petrosyanın komanda üzvü kimi Qarabağ məsələsində obyektiv baxışları ilə tanınır).

“Liparidan ”Vətəndaş Müqaviləsi"nin deputatlarını inandırmağa çalışıb ki, biz ermənilər, xüsusən də müharibədən sonra heç bir rola malik deyilik, tələblər irəli sürə bilmərik və mövcudluğumuz üçün yeganə variant Türkiyə-Azərbaycan tandemi ilə anlaşmaq və münasibətlər qurmaqdır", - nəşr yazıb.

Liparidyan hımçinin deyib: “Status məsələsini qaldırmaq yanlışdır. Biz Türkiyə-Azərbaycan tandeminə güzəştə getməli, ”yol" və “dəhliz” anlayışları arasında hansısa ortaq həll yolu tapmalıyıq. Torpaqların təhvil verilməsi qaçılmaz idi, çünki hələ 90-cı illərdə beynəlxalq ictimaiyyət bu əraziləri işğal olunmuş hesab edirdi".

Qəzetin yazdığına görə, ondan Ter-Petrosyanın niyə bu məsələni vaxtında qalib mövqeyindən həll etmədiyini soruşduqda Liparidyan cavab verib ki, silahdaşları, yəni Vazgen Sərkisyan (ovaxtkı müdafiə naziri - red.) buna imkan verməyib.

İndi erməni xalqı üçün daha bir şans pəncərəsi açılıb. Sonuncu şans...




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net