TƏZƏ GƏLƏN KÖHNƏ OVUNA ÇIXIR... - "Bu ənənəni yığışdırmaq lazımdır"
"Yeni gələn rəhbər şəxslər tərəfindən bir sıra məmurların işdən azad olunması çox pis tendensiyadır".
Bunu "Unikal"a açıqlamasında deputat Fazil Mustafa deyib. Onun sözlərinə görə, Azərbaycanda məmurların hüququnu qoruyacaq mexanizm yoxdur.
"Bu, təhlükəlidir. Dövlət illərlə xərc çəkərək məmur yetişdirir, onun təcrübə toplamasına imkan yaradır. Bir də görürsən ki, rəhbərliyə gələn şəxs özünün sinif yoldaşını, dostlarını və yaxud qohumlarını işlə təmin etmək üçün müxtəlif bəhanələrlə bu şəxsi işdən azad edir. Həmin şəxslərin hansısa bir formada məhkmə ilə hüququnu qorumaq mexanizmi olmur. Çünki rəhbər şəxsin nüfuzundan çəkinərək addım atmağa maraq göstərmirlər. Bu da üzücü bir haldır. Bununla bağlı ciddi tədbirlər görülməlidir".
Deputat qeyd edib ki, əgər məmur hansısa qanunsuz yollarla işə götürülübsə, onu aşkarlayan faktlar varsa, buna reaksiya vermək olar.
"Amma 20-30 ilin məmurunu işdən çıxarırsan ki, bura təyin olunmuşam və öz komandamı yığmalıyam. Bu yanlış bir yanaşmadır. Bu ənənəni yığışdırmaq lazımdır".