Azərbaycan Prezidenti İlham Əliyevin dekabrın 15-də Şərq Tərəfdaşlığının Brüsseldə keçiriləcək zirvə görüşündə Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşü gözlənilir.
Görüş öncəsi tabloda tərəflərin müqayisəsi labüddür, bu, danışıqlarda kimin güclü, kimin zəif olacağını müəyyən edəcək faktorlardır.
Hazırda 2020-ci il 10 noyabr bəyanatının və həmin sənədin iqtisadi aspektlərinin praktiki tənzimlənməsini özündə ehtiva edən 2021-ci il 11 yanvar bəyanatı ilə bağlı açıq qalan məsələlər var.
Bununla belə, Azərbaycanın vitrinində Ermənistan üzərində təzyiq rıçaqları yaradan və Bakıya böyük üstünlüklər qazandıran “məhsullar” boldur. Onları qısa şəkildə bir neçə bəndlə təqdim edək:
1. Postmüharibə dövründə işğaldan azad edilmiş ərazilərdə Dövlət Sərhəd Xidmətinin və Müdafiə Nazirliyinin hərbi hissələri açılıb. Həmin hərbi hissələrə ən müasir silahlar yerləşdirilib.
Bəzi hərbi hissələr isə Rusiya sülhməramlı kontingentinin müvəqqəti olaraq yerləşdirildiyi ərazilərə yaxındır, bu, həmin zonalarda qalan qanunsuz erməni silahlı dəstəsinə qarşı çevik və operativ hərbi əməliyyatlar aparmaq üçün əlverişli imkanlar təqdim edir.
2. Bu ilin mayından etibarən Azərbaycan Ermənistanla sərhədlərin müəyyənləşdirilməsi üçün bəzən yumşaq gücü, bəzən də siyasi həmlələrini işə salaraq strateji nöqtələrdə möhkəmlənib ki, bu da Zəngəzur dəhlizinin açılması üçün Bakının əlini gücləndirir.
3. Azərbaycan Türkiyə ilə birgə hərbi təlimlər keçirib. Bu təlimlərin coğrafiyası da diqqət çəkir, belə ki, bu ilin sentyabrında xüsusi təyinatlılar Laçında məşqlər keçirərək Ermənistana mesaj verdi.
4. Azərbaycan Vətən müharibəsindəki əməliyyatları təhlil edərək ordusunu daha da təkmilləşdirir və peşəkar heyət formalaşdırır. Paralel olaraq isə Azərbaycan ən müasir silahların tədarükünü davam etdirir.
Bunlar Bakının hərbi müstəvidəki üstünlüklərinin ümumi mənzərəsidir, Ermənistan ordusunda isə hərbi texnika çatışmazlığı, şəxsi heyət arasında dərin qorxu mövcuddur, “ölkə nəinki müasir, orta nəsil silahlara belə möhtac qalıb” deyə bilərik.
Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü iqtisadi təzyiq alətlərinin işə salınmasından doğan nəticələr tamamlayır.
1. Azərbaycan Gorus-Qafan yolunun 21 kilometrinə tamhüquqlu nəzarəti həyata keçirdikdən sonra Ermənistanın İranla ticari münasibətlərində problemlər ortaya çıxdı, Tehrandan İrəvana verilən “nəfəslik” məhdudlaşdı,
2. Bu azmış kimi bir neçə gün öncə Azərbaycan Qafan-Çakaten yolunda da sərhəd-gömrük məntəqələrini quraraq Çakaten, Sıxovuş, Kilsəkənd, Tsav, Nerkin Hand və digər kəndlərə gedən yol üzərində nəzarət imkanı qazandı.
İndi bu kəndlərin əhalisi ya Azərbaycan ərazisindən gömrük rüsumu ödəyərək keçəcəklər, ya da daha çətin yola əl atıb uzun məsafə qət edəcəklər: Mehriyə gedib, oradan Qafana keçəcəklər.
3. Azərbaycan işğaldan azad edilmiş ərazilərində hava limanlarının tikintisini həyata keçirir, artıq Füzuli aeroportu istifadəyə verilib, beynəlxalq hava limanları işğaldan azad edilmiş ərazilər üçün beynəlxalq müdafiə zolağının yaradılması anlamına gəlir.
4. İşğaldan azad edilmiş ərazilərə BP kimi nüfuzlu şirkətlər investisiya qoymaq əzmini nümayiş etdirir və prosesin gələcəkdə reallaşacağı qaçılmazdır.
Bakını olduqca üstün edən lövhənin siyasət bölümünə gəlincə, bunu Şuşa Bəyannaməsi ilə izah edə bilərik, bu sənəd Ermənistanın və havadarlarının cürət edib Azərbaycana genişmiqyaslı həmlə etmək planlarının qarşısına sədd çəkir.
Bütün bunlar sülh müqaviləsinin ən azından şifahi müqəddiməsini formalaşdıran elementlərdir, indi İlham Əliyev Brüssel görüşündə Nikol Paşinyana bir daha Azərbaycan dövlətinin prinsipial mövqeyini diktə edəcək, yəni bu diktələr üçün alətlər kifayət qədərdir.
Görüş Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin noyabrın 19-da İlham Əliyev və Nikol Paşinyan ilə telefon danışıqlarının nəticəsinə əsasən reallaşacaq.
Ümumiyyətlə postkonflikt dövründə mütləq sülhün təmini üçün beynəlxalq rəqabətin gücləndiyinin şahidi oluruq, Rusiya da, Avropa İttifaqı da, ABŞ-da sülh müqaviləsinin ştrixlərini elə qurmaq istəyir ki, gələcək proseslərdən maksimum yararlı çıxsınlar.
Azərbaycan və Türkiyənin müttəfiqliyi isə Bakı üçün əlavə dividentlər qazandırır, Ankara Azərbaycanın təhlükəsizliyinin xaraktercə yeni zəmanətinə çevrilməklə beynəlxalq güclərin ambisiyalarının önünə çıxır.
Əliyev-Paşinyan görüşü öncəsi tablonun ümumi xarakteristikasını dəyərləndirərkən bir məsələni də yaddan çıxarmamalıyıq, söhbət ondan gedir ki, İlham Əliyev dediklərini tədricən reallaşdırır və bu Ermənistan siyasi dairələrində böyük təşviş yaradır.
NƏTİCƏ:
1. Görüşdə İlham Əliyev Ermənistanın itirdiklərini xatırladacaq və İrəvandan gələn qeyri-müəyyənliyin davam edəcəyi təqdirdə Bakının əlavə tədbirlər görəcəyini vurğulayacaq,
2. Bu görüş Laçın və Kəlbəcərdəki sonuncu hərbi toqquşmalardan sonra baş tutur. Bu, onu göstərir ki, İrəvan dalana dirəndiyini dərk edərək sülh müqaviləsi imzalanmasına qərar verib. Ancaq Brüssel görüşündə sülh müqaviləsi imzalanması ehtimalı çox aşağıdır,
3. Bununla belə, ən azından bəyanat səviyyəsində hansısa sənədin imzalanacağı da istisna deyil.