"Qüdrət bəyin parlamentdə müxalifət fraksiyasının yaranmasının zəruriliyini gündəmə gətirməsi tam yerindədir"
Azərbaycan Avropada tək ölkədir ki, parlamentində rəsmən müxalifət fraksiyası yoxdur. Bu, olduqca maraqlı faktdır. Baxmayaraq ki, parlamentdə müxalifət təmsilçisi hətta vitse-spiker postunu da tutur. Belə ki, Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimli vitse-spikerdir. “Yeni Müsavat” məlumat verir ki, son olaraq BAXCP sədri, deputat Qüdrət Həsənquliyev bu mövzunu gündəmə gətirib. Deputat deyib ki, parlamentdə fraksiyalar olsun və müzakirələr də fraksiyalarda aparılsın. Maraqlıdır ki, iqtidar və iqtidaryönlü partiyalar da fraksiya yaratmaq barədə düşünmürlər.
Ümumiyyətlə, indiyə qədər Milli Məclisin təcrübəsində heç zaman rəsmi fraksiya olmayıb. Yalnız müstəqilliyin ilk illərində, Ali Sovetdə fraksiya olub, o zaman istiqlalçı deputatlar 25 nəfərdən ibarət “Demblok” qurmuşdular. Ondan sonra 2005-ci il seçkilərində parlamentdə yer alan Müsavat deputat qrupu olub. Ancaq bu da fraksiya deyildi, qeyri-rəsmi şəkildə yaradılan 5 nəfərlik deputat qrupu formalaşdırılmışdı. Ancaq fraksiya üçün mütləq 25 nəfər olmalıdır. Bu vəziyyətə səbəb nədir? Niyə müxalifət adına iddia edən partiyalar və ya müstəqil deputatlar bir fraksiyada birləşmirlər? Bunu əngəlləyən hansısa məhdudlaşdırıcı məqamlar varmı? Ümumiyyətlə, fraksiyanın yaradılması hakim partiya üçün hər hansı problem yarada bilərmi?
Parlamentdə bir deputatla (Erkin Qədirli) təmsil olunan ReAl Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında əsas problemi ölkədə majoritar seçki sisteminin olmasında görür. Onun sözlərinə görə, Avropada proporsional seçki sistemidir: “Dəfələrlə sübut edilib ki, proporsional seçki sisteminin effektivliyi nədən ibarətdir. Ona görə fraksiyaların yaranmamasında əsas səbəb majoritar seçki sistemidir. İkincisi, parlamentdə iqtidar partiyasının fraksiyası da yoxdur. Bunun üçün 25 deputata ehtiyac var. Bu siyahıya YAP çata bilər, çünki 70-ə yaxın deputatı var. Digər partiyaların sayı çatmır. Ümumiyyətlə, müxalif partiyaların təmsilçiləri azdır, say məhdudiyyətinə görə də fraksiya yaratmaq mümkün olmur. Fraksiya yaratmaq üçün ya gərək say 10-15 nəfərə salınsın, ya da ən yaxşı yol proporsional seçki sistemi tətbiq edilsin. Majoritar seçki sistemi qeyri-effektiv variantdır”.
Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Nəsimi Şərəfxanlı qeyd etdi ki, Azərbaycan müxalifətinin daha çox parlamentdənkənar bloklaşma təcrübəsi var: “Bu bloklaşmalar da uğursuzluqla nəticələnib. Amma ölkə siyasi sistemi yeni parametrlər, qaydalar üzərində qurulmaqdadır. Artıq həm iqtidar-müxalifət münasibətlərində, həm də parlamentin siyasi palitrasında yeni cizgilər cızılmaqdadır. Bu baxımdan Qüdrət bəyin parlamentdə müxalifət fraksiyasının yaranmasının zəruriliyini gündəmə gətirməsi tam yerindədir”.
N.Şərəfxanlı bildirdi ki, parlamentdə fraksiyanın yaranması müxalifətin qanun layihələrini müzakirəyə çıxarması, ölkə iqtisadiyyatına və vətəndaşların sosial durumuna müsbət təsir edəcək prosesə start verəcək: “Amma fraksiya formal xarakter daşımamalı, real müxalifət gücünə və alternativ hüquqi fikir bazasına söykənməlidir. Fikrimcə, bu günə qədər fraksiyanın olmaması həm də ölkə siyasi sistemi ilə bağlı olub və ümumi dəyişikliklər prosesə müsbət təsir edəcək”.
VHP funksionerinin sözlərinə görə, parlamentdə təkcə müxalif deyil, müstəqil deputatların da iştirakı ilə fraksiya yaradılması mümkündür: “Bu təşəbbüsü yerində sayıram. Parlamentin ictimai nəzarətin həyata keçirilməsində fəallığı, səyləri daha da artmalıdır. Fraksiyaların yaranması buna xidmət edə bilər. Habelə iqtidar da fraksiya yarada bilər. Amma müxalif partiyaların deputatları say baxımdan fraksiya qurmağa yetərli deyil, müstəqillərin də olması labüddür”.