Noyabrın 12-də İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordeni təqdim edildi...
Bu önəmli hadisəyə qədər Azərbaycan və onun lideri İlham Əliyev türk dövlətlərinin birləşməsinə doğru uzun bir yol keçmiş, dünyada bir sıra sahələrdə olduğu kimi, türk dövlətlərinin yaxınlaşması sahəsində də özünün əvəzolunmaz töhfəsini vermiş və verməkdədir.
Məlum olduğu kimi, 2009-cu ilin oktyabr ayının 3-də Naxçıvanda keçirilmiş Zirvə Görüşündə türk dövlətləri arasında əməkdaşlığın təsisatlanmış yeni formatı - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradılmışdır. O vaxt saziş Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri tərəfindən imzalamışdır. Həmin gündən ötən illər ərzində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası əhəmiyyətli inkişaf yolu keçmişdir. Ölkələrimiz arasında siyasi, iqtisadi, nəqliyyat, humanitar, turizm, informasiya və kommunikasiya texnologiyaları, eləcə də digər sahələrdə əməkdaşlıq genişlənmiş, BMT, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı kimi beynəlxalq qurumlarla səmərəli əməkdaşlıq yaranmışdır. TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Akademiyası kimi qurumların sayəsində zəngin maddi və mənəvi irsimiz tədqiq olunur, dünya çapında təbliği ön plana çəkilir. Türkdilli Ölkələrin Parlament Assambleyası parlamentlərarası təşkilatlarla sıx və uğurla əməkdaşlıq edir. Bütün bunlar xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin daha da genişlənməsinə xidmət edir.
2019-cu il oktyabrın 15-də Bakıda Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilən VII Zirvə Görüşünün keçirilməsi, Özbəkistanın da Türk Şurasına qoşulması, Azərbaycanın Qırğızıstandan Türk Şurasına sədrliyi qəbul etməsi, məhz Bakıda keçirilən Zirvə Görüşündə Elbası, Qazaxıstanın Birinci Prezidenti Nursultan Nazarbayevin artıq təşkilat kimi dünyaya tanınmağın zamanının gəldiyini söyləməsi Bakı Zirvə Görüşünün əhəmiyyətini bir daha artırır. Burada Qazaxıstanın birinci Prezidenti və Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev VII Bakı Sammitində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Ağsaqqallar Şurası, eləcə də Türk Ticarət-Sənaye Palatası kimi qurumların diqqətini Türkistana, “Türk baxışı 2040” proqramına, yeni “yol xəritələri”nə yönəltmiş, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasını təşkilat səviyyəsinə qədər yüksəltməyin tam zamanı olduğunu, eyni köklərə malik olan dövlətlərin “türkdilli” deyil, Türk Dövlətləri Təşkilatı adlandırılmasını gündəmə gətirmişdir. Artıq beynəlxalq münasibət, güc mərkəzlərinin dəyişməsi, nüfuz və əlaqələr bunu daha qətiyyətlə söyləməyə imkan verirdi. Eyni fikri Nursultan Nazarbayev 31 mart 2021-ci ildə Türkistanda videoformatda keçirilən görüşdə də səsləndirmişdir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində Türkiyə başda olmaqla digər türk dövlətləri də Türk Şurasının timsalında ərazi bütövlüyümüz uğrunda
apardığımız haqlı davamızda bizi dəstəklədilər. Təsadüfi deyil ki, elə müharibənin ilk günlərində (28 sentyabr 2020-ci il) Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyevin adından Azərbaycanı dəstəkləyən bəyanat yayıldı...
Biz bu dəstəyi hətta növbəti Görüşün vaxtının və yerinin dəyişməsində də gördük. VIII Zirvə görüşünün 2020-ci ildə İstanbulda keçirilməsi nəzərdə tutulsa da, 2020-ci ilin payızında, yəni əksər Sammitlərin keçirildiyi oktyabr ayında VIII Zirvə Görüşü keçirilmədi. Səbəb olaraq pandemiya göstərildi və tədbir 2021-ci ilin 21 martına Qazaxıstanın Türkistan şəhərinə təyin olundu. Nəzərə alsaq ki, pandemiya hələ davam edirdi və mart ayında səngiyəcəyini ÜST qarışıq heç bir qurum proqnozlaşdırmamışdı, səbəbin Türk Şurasının keçici sədri olan Azərbaycanın tarixi torpaqlarını erməni qəsbkarlardan təmizləməsi, işğalçı Ermənistana qarşı haqq davası və bu davada Türkiyənin həm mənəvi, həm siyasi yöndən bizi dəstəkləməsi olduğunu düşünürük.
Lakin dünyada baş verən hadisələr, Azərbaycanın qələbəsi, bölgədə yaranan yeni reallıqlar, hələ də qələbəmizi həzm etmək istəməyən bəzi dövlətlərin basqısı, ara qarışdırmaq istəyi, Ermənistandakı qarışıqlıq və, nəhayət, pandemiya səbəbindən görüş videoformatda baş tutdu. Lakin Novruz bayramında deyil, 31 mart Azərbaycanlıların Soyqırım Günündə... Bu tarixin də seçilməsi təsadüfi deyildi...
İkinci Qarabağ müharibəsində TÜRKSOY və TDƏŞ-in birmənalı şəkildə Azərbaycanı dəstəkləməsi mövzuya həssas yanaşan qonşuları narahat etməyə bilməzdi. “Böyük Turan” adı artıq bəzi dairələrdə təhlükəli söz birləşməsi kimi səslənməyə başlamışdır. İndi bir çox “tyurkoyed”in məqsədi qonşu ölkələrdə həyəcan təbili çalmaq, təhlükənin lap yaxında olduğunu vurğulamaq və, təbii ki, ara vurmaqdır. 2026-2028-ci illərdə Türk Şurasının ortaq mal, işçi qüvvəsi, xidmət və investisiya bazarının yaradılmasını planlaşdırması da qarışqa yuvasına çöp salmış kimi reaksiya doğurub...
TİKA-nın Qırğızıstandakı fəaliyyəti, artıq vahid ordu birliyinin yaradılacağı, vahid mərkəzdən idarə olunacağı, NATO-nu da keçə biləcəyi kimi fikirlərin bəzi dairələrdə səslənməsi ciddi narahatlıq yaradıb. Qazaxıstanın və Qırğızıstanın KTMT-də olması məsələni qəlizləşdirsə də, Qarabağ məsələsi bu qurumun kağız üzərində olduğunu göstərdi...
Və bütün bunlardan sonra yenə də dönürük 12 noyabr İstanbul Zirvə Görüşünə...
Həmin tarixi gündə İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə Türk Dünyasının Ali Ordenini təqdim etdi. Bu yüksək mükafata görə təşəkkürünü bildirən dövlətimizin başçısı Ali Ordenin ona Türk Şurasına üzv ölkələrin dövlət başçılarının imzası ilə Qarabağın azad edilməsi işində göstərdiyi səylərə və türk birliyinin daha da güclənməsi işinə töhfələrinə görə təqdim edildiyini xüsusi vurğuladı: “Bu, türk dövlətləri tərəfindən mənim işimə, mənim fəaliyyətimə verilən çox yüksək mükafatdır, yüksək qiymətdir. Buna görə də mən bütün Azərbaycan xalqı adından çox dərin
təşəkkürümü bildirirəm. Çünki mən belə zənn edirəm ki, bu mükafat bütün Azərbaycan xalqına verilmiş mükafatdır”.
Qeyd etdiyimiz kimi, 2019-cu il oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşündə keçici sədrliyi Qırğızıstandan alan Azərbaycan VIII Zirvə Görüşündə iki illik sədrlikdən sonra Türk Şurasına sədrliyi Türkiyəyə təhvil verdi...
Bəzən deyilən söz iti qılıncdan da kəsərli olur. Doğrudan da elə 44 günlük Vətən müharibəsinin ilk günündən NATO-nun ikinci ən güclü ölkəsi olan Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın “Azərbaycan bu savaşda tək deyil. Türkiyə Azərbaycanın yanındadır və hər zaman yanında olacaqdır” cümləsi bizə əlavə güc verməklə yanaşı Ermənistanın himayədarlarını savaşdan kənarda tutdu...
Öz çıxışında türk dövlətlərinin birliyinin gələcəyinə toxunan Azərbaycan Respublikasının prezidenti İlham Əliyev qeyd etmişdir ki, “bizim gələcəyimiz, birgə gələcəyimiz üçün çox möhkəm zəmin var, möhkəm təməl var. Bu, bizim ortaq köklərimizdir, dilimizdir, dinimizdir və ortaq maraqlarımızdır”. Daha sonra ölkə başçımız VIII Zirvə Görüşünün əhəmiyyətindən danışarkən Şuranın təşkilata çevirilməsini vurğulayaraq da bu təşkilatın təməlində təbii müttəfiqlərin yerləşdiyini vurğulamışdır. Artıq əsası 3 oktyabr 2009-cu ildə Naxçıvanda qoyulan Türk Şurası (Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası) artıq yeni ad – Türk Dövlətləri Təşkilatı adı altında fəaliyyət göstərəcək. Həm tarix, həm mədəniyyət, həm adət-ənənələrimiz bu birlik üçün ciddi zəmin yaratmışdır. “Bizim səmimi işbirliyimiz, qardaşlığımız, hamımızın ənənəvi dəyərlər üzərində ölkələrimizi inkişaf etdirməyimiz, böyük iqtisadi, siyasi, hərbi gücü bu coğrafiyada ehtiva etməyimiz parlaq gələcəyimiz üçün ciddi zəmindir”. Son iki il ərzində önəmli hadisələrdən biri kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmasını qeyd edərək Bakı Zirvəsində Özbəkistanın Şuraya üzv olduğunu xatırlatmışdır. Əsası 3 oktyabr 2009-cu ildə Naxçıvan Zirvə Görüşündə qoyulan dörd türk dövlətinin bu gün sayı 7-ə çatıb. Artıq bu təşkilata Ukrayna, Rusiya kimi ölkələrin də həvəslənməsi onu göstərir ki, digər dövlətlər bu təşkilatın real gücünü dərk edirlər.
İşğaldan azad edilən torpaqlarımızda aparılan bərpa-quruculuq işlərindən danışarkən ölkə başçımız Türkiyə şirkətlərinin fəallığı ilə yanaşı Özbəkistan prezidenti Şavkat Mirziyoyevin şəxsi təşəbbüsü ilə Füzuli rayonunda Özbəkistan büdcəsinin vəsaiti hesabına böyük məktəbin inşa ediləcəyini də vurğulayaraq məktəbin layihəsinin təqdim edilməsini növbəti həmrəylik, dostluq, qardaşlıq addımı adlandırmışdır. Zəngəzur koridorunun həm Türk dünyasını, həm Avropanı, həm qonşularımızı birləşdirə biləcək bir layihə olduğunu bir daha qeyd edən Prezident İlham Əliyev Naxçıvan zirvəsindəki çıxışını xatırlamışdır: “O zaman mən demişdim ki, 1920-ci ildə sovetlər hakimiyyəti Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana verməklə türk dünyasının coğrafi bağlantısını pozmuşdur və bunu xəritəyə baxmaqla hər kəs görə bilər. Bu gün isə biz bu coğrafiyanı bərpa edirik. Artıq nəqliyyat, kommunikasiya layihələrinin həyata keçirilməsi ilə biz bu coğrafiyanı yenidən bağlayırıq, birləşdiririk və ümid edirəm ki, buna sona qədər müvəffəq olacağıq”.
Iqtisadi maraqların dünyanı idarə etdiyi bir vaxtda Türk Dövlətləri arasındakı münasibətlər yalnız öz maraqlarını önə sürən, hər şeyə bu prizmadan yanaşan ölkələrə nümunədir. Ərəbdilli, slavyandilli xalqların etnik birliyi heç də onların siyasi, iqtisadi, mənəvi birliyi demək deyil. Azərbaycan,Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistanın münasibətləri etnik, dil birliyilə bərabər həm də ruh birliyi, mənəviyyat, əqidə birliyi ilə güclüdür...
Təbii ki, həm əvvəlki dövrlərdə, həm 44 günlük Vətən müharibəsi dövründə, həm də işğaldan azad edilən ərazilərimizdə bərpa-quruculuq işlərinin aparıldığı indiki zamanda Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin sərgilədikləri birlik, bərabərlik, qətiyyət dünyaya bir mesajdır. Ölkələrin iqtisadi tarixi göstərir ki, yalnız gəlir əldə etmək məqsədilə qurulan əlaqələr, yaradılan əməkdaşlıqlar bəlli məqamdan sonra bitir. Lakin türk dövlətlərinin əlaqələrinin keçmişi və bu günü onun böyük, şanlı gələcəyindən də xəbər verir. Güc doğrudan da birlikdədir!
GÜLLÜ YOLOĞLU
tarix üzrə elmlər doktoru, türkoloq
tarix üzrə elmlər doktoru, türkoloq