Türkiyə Prezidenti: “Ədalətsizliyə son qoyuldu, Azərbaycan öz torpaqlarını geri qaytardı”
“Azərbaycan öz torpaqlarını geri qaytardı və bununla da 30 illik ədalətsizliyə son qoyuldu”.
“Report” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın VIII Qlobal Bakı Forumunun iştirakçılarına ünvanladığı və Türkiyənin sabiq Baş naziri Binəli Yıldırımın səsləndirdiyi müraciətdə deyilir.
Türkiyə Prezidenti öz müraciətində Ermənistanın 30 ilə yaxın müddət ərzində Azərbaycan torpaqlarının təxminən 20 faizini işğal altında saxladığını, nəticədə minlərlə insanın ev-eşiyindən məhrum olduğunu, xeyli insanın itkin düşdüyünü xatırladıb.
“Azərbaycan uzun müddət gözlədi. Axır ki, ədalətsizliyə son qoyuldu və Azərbaycan öz torpaqlarını geri qaytardı”, - deyə R.T.Ərdoğan bildirib.
O, Türkiyənin uzun illər heç bir münasibət saxlamadığı Ermənistan ilə münasibətləri inkişaf etdirmək təşəbbüsü ilə çıxış etdiyini vurğulayaraq, gələcəyə baxmağın vacibliyini deyib:
“Əsas vəzifələrimizdən biri regiondakı bütün ölkələr arasında dost münasibətlərinin qurulmasıdır. Biz, Qafqazda sülhün bərqərar olmasına xüsusi töhfə veririk”.