Ermənistan Ərdoğanın şərtlərini qəbul edəcəkmi - HƏQİQƏTƏN DƏ...
Tarix: 28-10-2021, 10:56 | Çap et
Ermənistan Ərdoğanın şərtlərini qəbul edəcəkmi - HƏQİQƏTƏN DƏ...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 26-da Zəngilandan Ermənistana çağırış etdi. Türkiyə ilə münasibətlərin düzəlməsinin şərtlərini açıqladı. Siyasi ekspertlər hesab edir ki, Türkiyə liderinin bu çağırışı ermənilər üçün göydəndüşmə fürsətdir. Dəyərləndirə bilsələr... Prezident Ərdoğan artıq neçənci dəfədir ki, həm Ermənistan hökumətinə, həm də erməni xalqına çağırış edir.

Deyir, Azərbaycana qarşı iddialardan əl çəkin, yerdə qalan ərazilərdən çəkilin, Türkiyə sərhədləri açsın. Bu baxımdan 26 noyabrdakı törənlər-Ərdoğanın iştirakı ilə baş tutan Füzuli Beynəlxalq Aeroportunun açılışı və Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun təməlinin qoyulması “artsax” ideologiyasının iflası, ikinci erməni dövlətinin qurulması ideyasının dəfn edilməsi sayıla bilərmi? Həm də Ermənistan üçün yeganə xilas yolu Ərdoğanın şərtlərini qəbul etməkdirmi və şərtlərin qəbul edilməsi gözləniləndir?

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a bildirdi ki, “artsax” ideologiyası artıq iflas olub. Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Aeroportunun açılış mərasimində iştirakı isə qardaş ölkənin Azərbaycana ən yüksək dəstəyinin növbəti dəfə nümayişi idi: “Bu hadisə təbii ki, siyasi məsələdir, həm Ermənistana, həm də onun havadarlarına Türkiyənin Azərbaycanın yanında olduğu mesajı bir daha verildi. Bu, Türkiyə tərəfindən çox böyük jestdir. Nəzərə alsaq ki, Rəcəb Tayyib Ərdoğanın iş qrafiki olduqca sıxdır, belə bir sıx iş rejimi şəraitində imkan taparaq Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə gəlməsi qürurvericidir. Türkiyə Prezidenti bəyan etdi ki, Zəngəzur dəhlizinin açılması bölgə dövlətlərinin hamısını yaxınlaşdıracaq bir layihədir. Bu nəqliyyat dəhlizinin açılmasından Ermənistan, Gürcüstan və digər dövlətlər də bəhrələnəcək. Biz bilirik ki, Rusiyanın da burada çox ciddi maraqları var. Ərdoğan Ermənistana mesaj verdi ki, mehriban qonşuluq münasibətlərinin əsası qoyulmalıdır, Azərbaycana qarşı iddialardan əl çəkmək lazımdır. Türkiyə Prezidenti əslində Ermənistanın firavan gələcəyinin nədən keçdiyini Ermənistana artıq neçənci dəfədir mesaj verir. Ona görə də Ermənistan ağlını başına yığmalı və yaranmış situasiyadan erməni xalqının gələcəyi naminə yararlanmalıdır”.

Ekspertin sözlərinə görə, Ermənistan Türkiyə liderinin şərtlərinə əməl edəcəyi halda çox qısa zamanda Türkiyə və Azərbaycanla əlaqələri qurulacaq. Bu əlaqələrin qurulması Ermənistan iqtisadiyyatında öz təsirini qısa zamanda göstərməyə başlayacaq: “İrəvan və erməni xalqı bunu nəzərə alsalar, ilk növbədə özlərinə yaxşılıq etmiş olacaqlar. Birdəfəlik bilməlidirlər ki, Türkiyə və Azərbaycanla münasibətlər qurulmadan, əməkdaşlıq edilmədən Ermənistanın iqtisadiyyatının irəli getməsi, erməni xalqının yaxşı yaşayışına nail olunması mümkün deyil. Odur ki, nə qədər gec deyil Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli və sülh sazişi imzalamalıdır. İrəvanın Türkiyə və Azərbaycanın təklifini qəbul etməsi Ermənistanın yeganə çıxış yoludur. Ermənistan hakimiyyəti daxildəki intriqalara, revanşist qüvvələrin hay-küyünə əhəmiyyət verməməli və bu addımlara getməlidir. Onlar vaxt itkisinə yol verməməlidirlər. Bunu edib-etməyəcəklərini zaman göstərəcək”.

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, həm Qarabağın bir hissəsinin Ermənistana birləşdirilməsini nəzərdə tutan “miatsum” ideyasının, həm də Azərbaycan ərazisində ikinci erməni dövlətinin qurulmasını nəzərdə tutan planın qarşısını Ali Baş Komandanın rəhbərliyi altında qəhrəman ordumuz aldı. Türkiyənin həmin günlərdə bizə göstərdiyi yardımın müstəsna əhəmiyyətə malik olması da danılmazdır: “Yeri gəlmişkən, 1988-ci ildən başlayaraq bu iki planın növbə ilə reallaşdırılmasına Ermənistan və havadarları tərəfindən müxtəlif cəhdlər göstərildi. Münaqişənin həllinə yönəlmiş Pol Qobl təkliflərində və 2001-ci il Ki-Uest görüşündə “miatsum”u reallaşdırmaq cəhdləri olduğu halda, həm 1997-98-ci illərdə irəli sürülmüş 3 təklifdə, həm də 2007-ci il “Madrid prinsipləri”ndə Dağlıq Qarabağı müstəqil dövlətə çevirmək planını reallaşdırmağa cəhdlər göstərildi.

Türkiyə Prezidentinin Zəngilanda söylədikləri Ermənistana və havadarlarına yönəlmiş açıq ismarış idi: Uzun müddətdir bir inzibati ərazi vahidi kimi mövcud olmayan Dağlıq Qarabağa status verməyə yönəlmiş mənasız cəhdlərinizdən imtina edin, Azərbaycanın ərazi bütövlüyünü tanıyın, Ermənistan hərbçilərini təcili Azərbaycandan çıxarın, “Qarabağ ordusu” deyilən oyuncaq qurumun silahlılarının tərk-silah olunmasına yardım göstərin, Zəngəzur dəhlizinin açılması istiqamətində real addımlar atın, ən əsası, Azərbaycanla səmimi əməkdaşlığı qurmağa çalışın. Yalnız bu addımlar atıldıqdan sonra Türkiyə ilə münasibətləri normallaşdırmaq, sərhədləri açmaq, iqtisadi əlaqələr qurmaq mümkün olacaq.

Əslində Rusiyanın da mövqeyi Türkiyənin mövqeyinə yaxındır. Valday diskussiya klubunun son toplantısında Vladimir Putin Ermənistana məsləhət gördü ki, kommunikasiyaların açılmasının onun maraqlarına cavab verdiyini unutmasın və nəzərə alsın ki, yalnız bu halda Türkiyə ilə münasibətləri normallaşdırmaq mümkün olacaq".

A.Səmədovun fikrincə, bu reallığı Nikol Paşinyanın özü də çoxdan başa düşüb və Qarabağ ermənilərinin ağır, çəkilməz yükünü Ermənistanın üzərindən atmaq üçün yollar axtarır: “İnanıram ki, bu istiqamətdə düzgün qərar verməsi üçün həm Rusiya prezidentinin göstərdiyi cəhdlər, həm də Türkiyə Prezidentinin ”Zəngilan bəyanatı" ona yardımçı olacaq və regionun inkişafında ciddi maneəyə çevrilmiş “erməni separatizmi”ni birdəfəlik sıradan çıxarmaq mümkün olacaq".




Xəbərlər
 
 
07-05-2024 12:18
 
 
 
 
 
07-05-2024 09:57
 
 
 
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net