İqor Korotçenko: “İran özünü Azərbaycana münasibətdə konstruktiv aparmır”
Tarix: 7-10-2021, 12:33 | Çap et
İqor Korotçenko: “İran özünü Azərbaycana münasibətdə konstruktiv aparmır”

“İran anlamalıdır ki, ondan bu çirkin oyunda istifadə edilir”

“İran özünü Azərbaycana münasibətdə konstruktiv aparmır. Azərbaycan çox vacib ticarət-iqtisadi tərəfdaş, İranın ən yaxın qonşusudur. İki ölkə arasında mehriban qonşuluq həm Tehranın, həm də Bakının maraqlarına cavab verir”.
Bunu APA-nın Moskva müxbirinə müsahibəsində Rusiyanın “Milli müdafiə” jurnalının baş redaktoru, tanınmış hərbi ekspert İqor Korotçenko deyib.

“Azərbaycan ərazisində guya İsrailin hərbi mütəxəssislərinin olması ilə bağlı məlumatlar bilərəkdən yayılmış dezinformasiyadır”

Onun sözlərinə görə, hazırda Azərbaycan-İran münasibətlərində baş verən proseslərdə sözsüz ki, erməni təsiri özünü göstərir: “Mümkündür ki, İrəvan tərəfindən İran rəhbərliyinə dezinformasiya ötürülüb. Düşünürəm ki, Azərbaycan ərazisində guya İsrailin hərbi mütəxəssislərinin olması ilə bağlı məlumatlar bilərəkdən yayılmış dezinformasiyadır. Bəli, Azərbaycanın İsraillə hərbi-texniki əməkdaşlığı var. Bu normal haldır. Necə ki, dünyanın onlarla ölkəsi İsraillə hərbi-texniki sahədə əməkdaşlıq edir. Bu fakt indiyə kimi heç kəsi narahat etməyib. İndi isə İran birdən-birə qeyri-adekvat reaksiya verir. Burada Tehranın müəyyən iqtisadi, maliyyə və siyasi maraqlarına toxunulduğunu görürük. Əvvəla, biz Azərbaycan torpaqlarının işğal altında olduğu 30 il ərzində qaçaqmalçılığı görmüşük. On illərlə davam edən bu qaçaqmalçılıq zamanı İrandan yüklər Qarabağdakı separatçı rejim istiqamətində göndərilməyə davam edib. Azərbaycan torpaqlarını işğaldan azad edəndən və orada hüquqi prosedurları həyata keçirəndən sonra İran yük avtomobillərinin Azərbaycanın gömrük rüsumlarına cəlb edilməsi əvvəl Ermənistanın, daha sonra isə İranın kəskin etirazına səbəb olub. Düşünürəm ki, bu gün Ermənistan elitası İran kartını oynayır ki, Bakı və Tehran bir-biri ilə toqquşsun, iki ölkə arasında münasibətlər çətinləşsin. Bütün hallarda düşünürəm ki, İran rəhbərliyində ağıllı məntiq emosiyalar üzərində üstünlük təşkil edəcək. İran anlamalıdır ki. Azərbaycanla konfrantasiya ona tamamilə heç bir divident gətirməyəcək. İran dərk etməlidir ki, ondan bu çirkin oyunda istifadə edilir. Bu çirkin oyunun arxasında xarici oyunçular, xarici manipulyatorlar, o cümlədən dünyadakı erməni lobbisi dayanır”.

“İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi təxribat xarakteri daşıyır”

Rusiyalı hərbi ekspert İranın Azərbaycanla sərhəd ərazilərdə hərbi təlimlər keçirməsinə də münasibət bildirib: “Mənim kimi müstəqil hərbi analitiklərin fikrincə, İranın Azərbaycan sərhədləri yaxınlığında hərbi təlimlər keçirməsi təxribat xarakteri daşıyır. Azərbaycanın həmin əraziləri Ermənistanın işğalı altında olanda, İranın heç vaxt Azərbaycanla sərhəddə təlim keçirdiyini görməmişdik. Azərbaycan işğal altındakı ərazilərini azad edən kimi İran silaha əl atmağa cəhd etdi. Bu, bir daha göstərir ki, həmin təlimlər təxribat xarakteri daşıyır. Təlimlərin miqyası və ən başlıcası da rəsmi Tehranın bəyanatlarındakı siyasi ton Cənubi Qafqaz regionundakı sabitliyə uyğun deyil. İran çoxəsrlik tarixə malik ölkə kimi ilk növbədə öz milli maraqlarını rəhbər tutmalı olduğunu anlamalı, dünya erməni lobbisinin manipulyasiyalarına uymamalıdır. Təəssüflər olsun ki, biz bu gün bunu müşahidə edirik. Düşünürəm ki, Lavrov da iranlı həmkarına Cənubi Qafqazda sülh və sabitliyin vacibliyi ilə bağlı Rusiyanın mövqeyini çatdırıb. Çünki regionda hərbi ziddiyyətin mövcud olması İran üçün heç də yaxşı bir şey vəd etmir”.

“Altılıq platforması”nın reallaşmasının əsas elementi tezliklə Zəngəzur dəhlizinin açılmasıdır”

İ. Korotçenko Cənubi Qafqaz respublikaları və üç böyük qonşunu əhatə edən “altılıq platforması”nın həyata keçirilməsinin region üçün həyati əhəmiyyətli olduğunu qeyd edib: ““3+3” əməkdaşlıq formatı Cənubi Qafqaz regionu üçün olduqca vacibdir. Bu təşəbbüsün həyata keçirilməsinin əsas elementi təbii ki, tezliklə Naxçıvanı Azərbaycanla əlaqələndirən Zəngəzur dəhlizinin açılmasıdır. Ümumiyyətlə, nəqliyyat-kommunikasiya əlaqələrinin açılması regionda vəziyyətin sabitləşməsinin ən vacib faktorlarından biridir. Rusiya regionda sülhün və əməkdaşlığın, hərbi ziddiyyətin azalmasının, Azərbaycanla Ermənistanın sərhədlərinin delimitasiya və demarkasiya olunmasının tərəfdarıdır. Mümkündür ki, bununla Azərbaycan və Ermənistan sülh müqaviləsinin imzalanmasına çıxsınlar. Bütün hallarda yeni təşəbbüslər və addımlar lazımdır ki, regionda vəziyyət əvvəlcədən bilinən və praqmatik olsun. Hesab edirəm ki, Rusiya “3+3” əməkdaşlıq formatı təşəbbüsünün konkret məzmun tapması və praktik reallığa çevrilməsi üçün səylərini davam etdirəcək. Bu, iqtisadi, maliyyə sistemi acınacaqlı vəziyyətdə olan Ermənistan da daxil olmaqla regionun bütün ölkələrinin xeyrinə olacaq. Ermənistan əməkdaşlıq yolunu deyil, konfrantasiya yolunu tutsa, bu, onun üçün siyasi və iqtisadi intihar olacaq. Ümid edirik ki, “3+3” təşəbbüsü gec-tez həyata keçiriləcək. Rusiya tam həcmdə bütün səylərini bu istiqamətdə atacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net