Sabir Rüstəmxanlıdan referendum açıqlaması: “Dəqiq addımlar atılmalıdır“
Tarix: 2-08-2021, 13:12 | Çap et
Sabir Rüstəmxanlıdan referendum açıqlaması: “Dəqiq addımlar atılmalıdır“
Son günlər ictimai-siyasi düşərgədə Konstitusiya dəyişiklik edilməsi üçün referendum, eləcə də Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi haqda fikirlər səslənir.

Bununla bağlı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı musavat.com-a fikirlərini açıqlayıb.

Azərbaycandakı ictimai-siyasi durumu dəyərləndirən millət vəkili son ilyarım ərzində siyasi münasibətlərdə ciddi dəyişikliklərin olduğunu önə çəkib:

“Ötən il fevralın 9-da keçirilən parlament seçkilərindən sonra ölkəmizin ictimai-siyasi həyatında müsbətə doğru ciddi dəyişikliklər baş verib. Parlamentdə çoxpartiyalılıq sisteminin Milli Məclis rəhbərliyində əks olunması və ilk iclasda Azərbaycan Prezidenti İlham Əliyevin buna yönəlik çıxışı ciddi islahatların başlanğıcının mesajı idi. Ardınca siyasi partiyaların fəaliyyətinə qərargah təminatı və digər məsələlərə dəstək verilməsi, Prezident Adminstrasiyasında dialoqların keçirilməsi prosesin qəti və davamlı xarakter daşıdığını təsdiqlədi.

44 günlük zəfər savaşında Azərbaycanın bütün siyasi qütblərinin vahid mərkəzdə birləşməsi prosesin nə qədər düzgün və yerində olduğunu göstərdi. Bizim partiya olaraq “Nicatımız vətəndaş həmrəyliyindədir!” şüarımız 32 il ərzində ilk dəfə gerçəkləşərək doğru siyasi-ideoloji məqam olduğunu göstərdi”.

İslahatların davamlı olmasının vacibliyinə diqqət çəkən S.Rüstəmxanlı Zəfərdən sonrakı problemlərin də gündəmdə olduğunu bildirib: “Bu gün özünün ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın qarşısında yeni və vacib problemlər durur.

Bu problemlər düşmənin viran qoyduğu azad edilmiş ərazilərin bərpası, bu bölgədə insanlarımızın yerləşdirilməsi, həyatın tam qaydaya salınması ilə paralel vətəndaşlarımızın sosial problemlərinin həlli, dövlət quruculuğundan ibarətdir.

Bütöv ərazimizdə suverenliyimizin bərpa edilməsi həm də güclü dövlətə sahib olmamızı zəruri edir. Bu isə heç şübhəsiz ciddi iqtisadi-siyasi islahatlar nəticəsində mümkündür”.

Referendum məsələsinə toxunan millət vəkili bu məsələdə dəqiq addımlar atılmasının vacibliyini bildirib: “Müstəqillik tariximizdə bir neçə dəfə Konstitusiyaya dəyişikliklər edilib. Əlbəttə, bu dəyişikliklərin ideal Konstitusiya formalaşdırdığı iddiasında deyilik.

Vətəndaş Həmrəyliyi Partiyası olaraq proporsional seçki sistemin bərpa olunması, parlament tipli respublika quruculuğunun, bələdiyyələrin statusunun artırılması, məmurların vətəndaş qarşısında məsuliyyətinin formalaşması və sair bu kimi məsələləri qaldırmışıq.

Bu gün də həmin islahatların dövlətimizin güclənməsinə yönəldiyini bildiririk. Amma islahatlar və qanunlar yalnız kağız üzərində olmamalıdır.

Azərbaycanın hazırki geopolitik durumu iqtisadi-siyasi islahatların tədrici və effektiv aparılmasını zəruri edir. Buna görə də hesab edirik ki, hazırda Konstitusiya dəyişiklik edilməsi üçün referendum, eləcə də Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi üçün heç bir ictimai sifariş yoxdur.

Vətəndaş Həmrəyliyi Partiyası ölkənin siyasi qüvvələrini və hakimiyyəti bu məsələdə təmkinli və təsirli qərarlar qəbul etməyə çağırır. İnanırıq ki, Qarabağ zəfəri ilə Azərbaycan tarixində yeni mərhələnin başlanğıcını qoyan xalqımız bu mərhələdə də ən düzgün qərarlara imza atacaq”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net