Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan ötən ay parlament seçkilərində qalib gələndən sonra ilk xarici səfərini Rusiyaya etdi. Paşinyanın bu səfəri bir sıra suallar doğurdu. Rusiyalı analitik, Qafqaz üzrə mütəxəssis Stanislav Tarasov səfərlə bağlı bir sıra maraqlı məqamlara toxunub.
Tarasov qeyd edib ki, Paşinyanın Rusiya lideri ilə görüşündə vacib regional və ikitərəfli məsələlər qaldırılmadı. Ermənistan rəhbərinin budəfəki Moskva ziyarəti ümumilikdə, qapalı səfər oldu.
Azvision.az xəbər verir ki, rusiyalı ekspertin Nikol Paşinyanın Qarabağ torpağına ayaq basa bilməyəcəyi barədə fikirləri də diqqət çəkib: "Düşünürəm ki, Paşinyan bir daha Stepanakertə (Xankəndi-red.) getməyəcək. Bura Rusiya sülhməramlılarının nəzarətində olan zonadır. İndi əsas məsələ Dağlıq Qarabağın statusunun necə həll ediləcəyidir. Moskva hesab edir ki, hazırda status məsələsini müzakirə etməyin vaxtı deyil. Paşinyan tamamilə dalana dirənib. Əsas məsələ budur ki, ATƏT-in Minsk qrupu səviyyəsində danışıqları bərpa etmək cəhdlərinin uğurla başa çatmadığını görürük. Problem ondadır ki, Paşinyan bütün danışıqlar prosesini şəxsən özü uğursuzluğa düçar etdi. Danışıqları ləğv etdi. İndi isə Putinin bərpa edəcəyini düşünür. Ancaq nə Putin, nə də fransızlar danışıqları bərpa etməzlər. Azərbaycan Prezidentinin isə buna ehtiyacı yoxdur.
Ermənistan rəhbərinin hansı səbəbdən Xankəndinə ayaq basa bilməyəcəyi ilə bağlı suala cavab verən Tarasov bunun Rusiyanın tələbi olmadığını bildirib:
- İrəvan 10 noyabrda bəyanatı imzalayandan bir neçə gün sonra Putin Ermənistanın özünün belə Dağlıq Qarabağın müstəqilliyini tanımadığını söyləmişdi. O, bunu təsadüfdən demədi. Tanınmamış "dövlət" Azərbaycan ərazisidir. Paşinyan ora razılaşdırılmış qaydada getməlidir. Xüsusən də sülh sazişi imzalayırsa, o, bu səfəri Azərbaycanın icazəsi ilə etməlidir. ATƏT-in Minsk Qrupu ilə bağlı prosesdə Qarabağın müvəqqəti statusu barədə ideya var idi. Lakin 10 noyabr bəyanatı ilə bu da ləğv olunub. Erməni diplomatiyası tərəfindən böyük səhvlərə yol verildi və bütün istiqamətlər dalana dirəndi.
Xatırladaq ki, iyulun 7-də Nikol Paşinyan seçkilərdən sonra ilk xarici səfərini Rusiyaya edib. Onun Vladimir Putinlə görüşü isə daha çox Rusiya prezidentinin Paşinyanı seçkilərdə qalib gəlməsi və xalqın etimadını yenidən qazanmasına dair səslənən təbrikilə yadda qaldı.