Deputat “oxu atıb, yayı gizlətdi”: - “Milyonların “arxasına keçən”lər var”
Tarix: 2-07-2021, 17:26 | Çap et
Deputat “oxu atıb, yayı gizlətdi”: - “Milyonların “arxasına keçən”lər var”

Ağstafa rayonunun Tatlı kənd bələdiyyəsində yol verilən qanunsuzluqlarla bağlı daxil olmuş müraciət əsasında rayon Prokurorluğunda araşdırma aparılıb. Bu barədə Ağstafa Rayon Prokurorluğundan məlumat verilib. Aparılan araşdırma ilə müəyyən edilib ki, Tatlı bələdiyyəsinin sədri Qənbər İsmayılov xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə qulluq səlahiyyətlərindən istifadə edib. Sədr 2017-ci ildə ayrı-ayrı şəxslərə ümumilikdə 5 min manat məbləğində pul müqabilində hər biri 0,12 ha olmaqla torpaq sahəsi sataraq onları 2006-cı il tarixinə sənədləşdirib. Beləliklə, Qənbər İsmayılov rəsmi sənədlərə bilə-bilə yalan məlumat daxil etməklə vəzifə saxtakarlığı edib.

Qənbər İsmayılov Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə məsuliyyətə cəlb edilib. Hazırda iş üzrə istintaq davam edir.

Millət vəkili Razi Nurullayev bələdiyyə sədrinin qanunsuz fəaliyyəti barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Niyə hamımız bələdiyyələrin üstünə düşürük? Axı onların maddi vəziyyəti heç də yaxşı deyil. Xüsusilə, bələdiyyə üzvlərinin rifahı pisdir. Hər bələdiyyənin büdcəsi ən yaxşı halda 10 min manat ola bilər. Bu, çox cüzi məbləğdir. Odur ki, qanunsuz əməllərə əl atırlar. Həm də bir neçə bələdiyyəyə görə onların hamısını günahlandırmaq doğru deyil”.

R.Nurullayevin fikrincə, daha böyük problemlər var:

“Bələdiyyələr min, iki min, üç min manat pul mənimsəyə bilərlər. Halbuki milyonların “arxasına keçən”lər var. Onları unudub bələdiyyələri tənqid obyektivinə çevirmək ədalətsizlikdir. Təbii ki, cəmiyyətin bütün strukturlarında olduğu kimi, bələdiyyələrdə də şəffaflıq hökm sürməlidir”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net